Azərbaycan millisinin baş məşqçisi postuna bir nömrəli namizəd Robert Prosineçkidir. Bu barədə məlumatı Xorvatiya mətbuatı yayıb.
Bildirilir ki, Bosniya və Herseqovina yığmasından ayrıldıqdan sonra işsiz olan təcrübəli mütəxəssislə görüş olacaq. Görüşü AFFA adından "Sumqayıt"ın prezidenti Riad Rəfiyevin aparacağı qeyd olunub.
Həmkarlarımızın yazdığına görə, Rəfiyev Prosineçki ilə İstanbul və ya Zaqrebdə danışıq masası arxasında əyləşəcək. Millimizin yeni baş məşqçisi məsələsinin yanvarın əvvəlinə qədər həll ediləcəyi də vurğulanıb.
Bu, həqiqəti əks etdirən və əslində, Sportinfo.az-ın günlər öncə tirajladığı məlumatın daha bir mənbədən doğrulanması deməkdir. Rəfiyev AFFA ilə Prosineçki arasında əsas vasitəçidir. O, qeyri-rəsmi işini artıq böyük ölçüdə tamamlayıb.
Balkanlı çalışdırıcı 2 illik aradan sonra Azərbaycana qayıtmağa razılıq verib. Anlaşma 3 illik nəzərdə tutulub. O, hər ilinə görə federasiyadan 2 milyon avro olacaq. Halbuki xorvatiyalının Bosniyada illik qazancı 300 min avronu keçmirdi.
İndi isə bu izdivacdan yalnız Prosineçki qabağa düşməyəcək. «3R Sports Managment» də AFFA-dan öz faizini alacaq. Bu şirkətin kimə məxsus olması bilinir – təbii ki, hörmətli Riad bəyin kurasiyasındadır.
Normalda bu kimi əməliyyatardan vasitəçiyə 10 faiz qalır. Deməli, AFFA Prosineçkiyə 2 milyon avro ödəməklə yanaşı, "Sumqayıt"ın menecer-prezidentinə 200 min avro verəcək. Başqa sözlə, pul sağ cibdən sol cibə ötürüləcək. Axı Rəfiyev bu işləri özbaşına görmür.
O, sadəcə, Elxan Məmmədovun tapşırıqlarının icraçısıdır. AFFA-nın baş katibi nə göstəriş verirsə, onu da yerinə yetirir. Və aydın məsələdir ki, qazandığı pul yalnız özünə çatmır. Necə deyərlər, əl əli yuyur, əl də qayıdıb üzü. Bu, Elxan Məmmədovun yazılı olmayan iş prinsipidir.

