Milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol"da aparıcı futbolçuların bir-bir komandanı tərk etməsi azarkeşlərin narazılığına səbəb olub.
Sportinfo.az yerli mətbuata istinadən xəbə verir ki, fanatlar bununla bağlı kluba məktub ünvanlayıblar. Kostanay təmsilçisi də öz növbəsində açıqlama yayaraq, vəziyyəti azarkeşlərə izah etməyə çalışıb:
"Seleksiya və heyətin komplektləşdirilməsi ilə baş məşqçi və idman departamenti məşğul olur. "Tobol" futbol klubu azarkeşlərinə böyük hörmətlə yanaşır və heyət, dəyişikliklər haqda xəbərlərlə onları bacardığı qədər operativ şəkildə məlumatlandırmağa çalışır".
Qeyd edək ki, Balayevin də "Tobol"dan ayrılacağı gözlənilir. Həmyerlimiz bu yaxınlarda komandaya baş məşqçi təyin olunan erməni məşqçi Qriqori Babayanın rəhbərliyi altında oynamaq istəmir.

