Günlər öncə yaydığımız xəbər yavaş-yavaş təsdiqini tapmaqdadır. Millinin baş məşqçisi Nikola Yurçeviçlə yollarını ayıran AFFA yeni çalışdırıcı axtarışını davam etdirir. Assosiasiya rəhbərliyinin gündəmindəki ilk mütəxəssis yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçkidir.
Yenicə Bosniya və Herseqovina millisindən istefa verən xorvatiyalınin ölkəmizə dönmək ehtimalı artıb. Prosineçki özü də buna münasibət bildirib.
50 yaşlı mütəxəssis qısa açıqlamasında qayıdacağını istisna etməyib: "Hər şey mümkündür, görəcəyik! Azərbaycan millisində daha böyük nəticələr əldə etmək üçün hər cür şərait var".
Robert Prosineçki Bosniya və Herseqovinadan əvvəl 2014-2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib. Onun başçılığı altında seçmə mərhələdə 10 xal toplayan komandamız üçün bu, rekorddur.
Sportinfo.az-ın əldə etdiyi son məlumata görə, xorvat mütəxəssis bu günlərdə bir daha AFFA-nın "elçiləri" ilə görüşüb. Ölkə xaricində baş tutan danışıqları "Sumqayıt"ın prezidenti Riad Rəfiyev aparıb. Federasiyanın maraqlarını təmsil edən Rəfiyev Prosineçkini fikrindən daşındıra bilib. Əslinə qalsa, bu anlaşma AFFA-nı daha çox xərcə salıb. Belə ki, Prosineçki öncə illik 1,5 milyon dollar almağa "ok" versə də, sonradan başqa təkliflərinin də olduğunu bildirərək, qiyməti qaldırıb. Axırıncı görüşdə isə o, 2 milyon dollar qarşılığında Azərbaycana dönməyə razılıq verib.
Onunla 3 illik müqavilə nəzərdə tutulub. Maraq üçün xatırladaq ki, ilk dönəmində Prosineçkinin və özüylə gətirdiyi köməkçilərinin aldığı məvacib üst-üstə 1,2 milyon dollar idi. İndi isə xorvatiyalının tək özü 2 milyon istəyir. Buradan başa düşmək olar ki, Prosineçki bu gün "Azərbaycan millisində daha böyük nəticələr əldə etmək üçün hər cür şərait var" açıqlamasını nə məqsədlə verir. Halbuki Bosniyada fəaliyyətə başlayanda "Mən Azərbaycan futbolunda heç bir perspektiv görmədim" bəyanatı səsləndirən də məhz o idi.
Elə isə bu qısa müddətdə nə dəyişib? AFFA həmin AFFA-dır, kortəbii çalışır. Həmin işbilməz rəhbərlikdir, yenə də vəzifə başındadır. Həmin ölkə çempionatıdır, günbəgün arxaya gedir. Dəyişən bircə müqavilə şərtləridir. İki milyon dolların "istisi" Prosineçkini necə "məst" edibsə, özü kimi, sözü də 180 dərəcə dönüb.

