Elxan Məmmədovun yığma üzvlərini qınamağa haqqı varmı? - Futbolçular cavab verir

30 Noyabr 2019 22:20 Milli komanda 1 409
Elxan Məmmədovun yığma üzvlərini qınamağa haqqı varmı? - Futbolçular cavab verir

Millnin seçmə mərhələni 1 xalla tamamlaması bir çox söz-söhbəti də özü ilə bərabər gətirib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi, oyunçular və federasiya rəhbərliyi hazırda əsas tənqid hədəfidir. Ancaq bu uğursuzluqda ən çox tənqidlər AFFA rəhbərliyinə yönəlib.

İllərdi ölkə futbolunu idarə edənlər 24 il sonra yığmanın qrupu 1 xalla tamamlamasının əsas günahkarı sayılır. Hazırda federasiya rəhbərliyinə qarşı istər sosial şəbəkələrdə, istərsə də mediada ciddi etiraz dalğası var.

Müzakirələr o səviyyəyə çatıb ki, AFFA-nın baş katibi Elxan Məmmədov bu yaxınlarda Azərbaycan radiosu və “İdman TV”nin ortaq yayınını təşkil etdiyi proqramda özünə yönəlik tənqidlərə cavab verməyə məcbur olub.

Ancaq Məmmədovun bəzi açıqlamaları başqa bir müzakirə mövzusuna səbəb olub. Belə ki, baş katib bu ifadələri işlədib:

“Baş məşqçidən hesabat sorulacaq və gələcək taleyinə aydınlıq gələcək.

Eyni zamanda, futbolçulara da suallarımız çoxdu. Çünki hamısı gücünün 100 faizini ortaya qoymur”. Sözsüz, bu açıqlama idman ictimaiyyətində birmənalı qarşılanmayıb. Axı söhbət hər hansı bir klubdan yox, milli komandadan gedir. Və kimsə yığma üçün əlindən gələni etmirsə, bu, çox ciddi problemdi.

Elxan Məmmədovun açıqlaması ilə bağlı bir neçə yığma üzvü ilə əlaqə saxladıq (Futbol+).

Ağabala Ramazanov: “Bu məsələdə mən ancaq öz adıma danışa bilərəm. Mən azərbaycanlı kimi vətənim, bayrağım üçün canımı verərəm. Ancaq ola bilər ki, hansısa oyunda zəif çıxış edim. Bu futboldu, belə şeylər olur. Bəzən yaxşı oynayıb məğlub olursan, bəzən də pis oynayıb qalib gəlirsən. Məğlubiyyətlərə görə hamımız məsuliyyət daşıyırıq. Gəlin qəbul edək ki, qrupumuz çox çətin idi. Amma yenə də kimsə yüzfaizlik bacarığını ortaya qoymursa, onu nəinki millidən, futboldan silsinlər. Şəxsən mən komandada belələrinin olduğuna inanmıram”.

Bəhlul Mustafazadə: “Mən özümə cavabdehəm. Əlimdən gələni maksimum etməyə çalışmışam. Düşünmürəm ki, digər komanda yoldaşlarımdan kimsə özlərini “çəkə”. Məncə, onlar da yüz faiz güclərini meydanda qoyublar. Sadəcə, rəqiblərimiz güclü idi. Ona görə də məğlub oluruq və azarkeşləri istədiyimiz kimi sevindirə bilmirik. Biz də istəyirik ki, qələbə qazanaq, azarkeşlərimiz sevinsin, özümüz üçün motivasiya olsun. Ancaq rəqiblər güclüdü deyə, bunu bacara bilmirik. Bizim üstümüzə düşən odu ki, çalışıb onların səviyyələrinə çataq. Yenə deyirəm, hamımız yüzfaizlik performansımızı ortaya qoymağa çalışmışıq. Ancaq təbii ki, bu hər oyunda ola bilməz. Bəzən səhvlərimiz də olur. Bu futboldu, həmişə yaxşı çıxış etmək olmur”.
Təmkin Xəlilzadə isə sualı eşidəndən sonra “üzürlü hesab edin, bu haqda danışmaq istəmirəm” deməklə kifayətləndi.

Digər Xəbərlər
Xəbər Lenti