AFFA böyük rezonans doğuracaq qərar verib. Sportinfo.az-ın məlumatına görə, federasiya Avro-2020-nin seçmə mərhələsində uğursuz çıxış edən milliylə bağlı araşdırmaya başlayıb.
Komandanın niyə zəif nəticə göstərməsinin sorğu-sualı futbolçularla edilir. Bu məqsədlə onların bir neçəsi quruma dəvət olunub.
Keçirdiyi 8 oyunda cəmi 1 xal toplayan yığmanın şərəfini tsikl ərzində 26 futbolçu qoruyub. Martda başlayıb, noyabrda başa çatan seçmə mərhələnin qarşılaşmalarında baş məşqçi Nikola Yurçeviç bu qədər oyunçuya güvənib. Bu oyunçulardan yalnız ikisi tsiklin bütün matçlarında meydana çıxıb.
Ramil Şeydayev millinin yeganə əvəzolunmaz simasıdır. Hücumçu 8 görüşün hamısında 90 dəqiqə meydanda olub. Bütün oyunlarda iştirak edən digər sima - Qara Qarayev isə dəqiqə baxımından geri qalır.
Şəhriyar Rəhimov mərhələnin 7 matçında meydana çıxıb. Bu heyətdə iki qapıçı var ki, onların hərəsi 4 oyunda şans qazanıb. Səlahət Ağayev 12, Emil Balayev 6 qol buraxıb.
Cəmi 5 qol vuran millinin bombardirləri Mahir Emreli ilə Ramil Şeydayevdir. Onlar hərəyə 2 dəfə fərqləniblər. Bir qol isə Təmkin Xəlilzadənin hesabındadır.
AFFA-nın futbolçuları bir-bir dindirməyə çağırması növbəti gizli planın tərkib hissəsidir. Məqsəd biabırçı çıxışa görə məsuliyyəti baş məşqçi və 3-4 oyuçunun üstünə atmaqdır.
Belə fikir formalaşdırılır ki, guya, onlar qəsdən zəif təsir bağışlayıb və Yurçeviç bu problem barədə federasiyaya vaxtında məlumat verməyib.

