AVRO-2020 millimiz üçün erkən başa çatdı. Komandamız tarixində 7-ci dəfə qatıldığı qitə birinciliyinin seçmə mərhələsini 1 xalla başa vuraraq qrup sonuncusu oldu.
Yarış boyu yığmamız bir çox hadisələrlə üzləşdi. Onlardan biri də Rövnəq Abdullayevin rəsmi oyunların heç birində iştirak etməməsidir.
11 ildir AFFA prezidenti olan Abdullayev ilk dəfə idi ki, millinin oyunlarına gəlmirdi. O, bəzi matçlarda futbolçularla görüşüb söhbət etmiş, amma stadiona ayaq basmamışdı.
Hörmətli Rövnəq bəyin səfər matçlarına yollanması hardasa başadüşüləndir. SOCAR-a rəhbərlik edir, işi çoxdur, tez-tez xaricə üz tutur, müxtəlif səviyyələrdə görüşlər keçirir.
Düzdür, AFFA prezidenti əvvəlki illərdə də yığmanın rəqib meydanındakı oyunlarını ara-sıra izləyirdi, lakin bu dəfəki mənzərə tamamilə fərqlidir. Abdullayevin Bakıda keçirilən qarşılaşmalara belə canlı tamaşa etməməsi düşündürücüdür: niyə, nə olub?
O olub ki, Rövnəq Abdullayev Nikola Yurçeviçin uğurlu nəticə verəcəyinə ilk gündən inanmayıb. AFFA prezidenti bu təyinatın əleyhinə çıxıb.
Sportinfo.az-ın məlumatına görə, xorvatiyalının yığmamıza baş məşqçi gətirilməsi təşəbbüsü federasiyanın vitse-prezidenti Elşad Nəsirovdan gəlib və beləcə, məsələ İcraiyyə Komitəsinin iclasında rəsmiləşib.
Yurçeviç vəzifəsinə təsdiqlənəndən sonra Abdullayev milli ilə bağlı müzakirələrdən geri çəkilib, nəticələrə görə cavabdehlik daşımayacağını bildirib.
Çox dəyərli Rövnəq bəy Xorvatiya ilə səfər qarşılaşmasından sonra Bakıda futbolçularla görüşüb və uzagörənliklə bu sözləri söyləyib:
"Ehtiyat edirdim ki, böyük hesabla uduzacaqsız. Yaxşı heç nə gözləmirdim. Sözün düzü, mən artıq komandamızın oyununa rahat baxa bilmirəm, qələbəyə o qədər də ümidim yoxdur. Siz meydana çıxanda, mən sakitləşdirici dərman içirəm, ya da yatıram ki, buraxılan qolları görməyim".

