Dekabrda AFFA İcraiyyə Komitəsinin növbəti toplantısı keçiriləcək. İclasda millimizin baş məşqçisi Nikola Yurçeviçin gələcək taleyinə də aydınlıq gələcək.
Bu gün Azərbaycan radiosunun qonağı olan AFFA-nın baş katibi Elxan Məmmədov nəticələrin federasiyanı qane etmədiyini və bu səbəbdən də xorvatiyalı mütəxəssisin göndəriləcəyinə işarə vurub.
Sportinfo.az-a daxil olan məlumata görə, Məmmədov menecerlərə yığmanın yeni baş məşqçisi ilə bağlı tapşırıqlar verib. Onlar namizədlərlə bağlı federasiya rəsmisinə yaxın vaxtlarda məlumat verəcəklər.
AFFA prezidenti Rövnəq Abdullayev isə yığmanın baş məşqçi postunda yenidən Robert Prosineçkini görmək istəyir. Hətta o, ortaq tanışlar vasitəsilə xorvatiyalıya öz istəyini eşitdirib.
Hazırda Bosniya və Herseqovina yığmasını çalışdıran Prosineçkinin Bakıya dəvət olunması gözlənilir. AFFA-nın rəhbəri 2 ildən artıq müddətdə millimizə rəhbərlik etmiş bu şəxsin yaxşı şərtlərlə Azərbaycana qaytarılmasına çalışır.
İlk dönəmində köməkçiləriylə bərabər AFFA-dan illik 1,2 milyon dollar maaş alan Prosineçkiyə bundan iki dəfə artıq əməkhaqqı təklif olunur. Bosniya Futbol Federasiyası ilə münasibətləri pisləşən, Ermənistana məğlubiyyətdən sonra istefa ərizəsi yazan mütəxəssis AFFA-nın şefindən dekabrın ortasınadək gözləməsini xahiş edib.
Prosineçki ya həmin vaxt yerli federasiya ilə münasibətlərinə aydınlıq gətirib iş yerindən ayrılacaq, ya da Bosniya yığmasını martda keçiriləcək Avro-2020-nin pley-off oyunlarına hazırlayacaq.

