Milli Avropa çempionatı ilə qrup mərhələsində vidalaşdı. Bu mənada son dayanacaq Slovakiya oldu. Komandamızın hücumçusu Ramil Şeydayev səfər oyunundan öncə bir müsahibə verdi. Müsahibənin ən diqqətçəkən hissəsi bu olsun gərək:
- Uğur qazanmaq üçün millidə nə çatışmır: Problem nədədir?
- Mən komandadakı çatışmazlıqlar barədə danışa bilmərəm. Bu, yaxşı çıxmaz. Verdiyiniz sualı futbolçu yox, baş məşqçi cavablandırmalıdır.
- Hər halda siz də bu komandanın bir üzvüsünüz...
- Üzvüyəm, bəli. Amma dediyim kimi, bu haqda danışmağım düzgün çıxmaz.
- Razısız ki, bu gün Azərbaycan millisinin uğur qazanması üçün 1 yox, 11 Şeydayevə ehtiyacı var?
- Nə mənada?
- O mənada ki, hamı sizin kimi ürəkdən oynasa, meydanda can qoysa, vuruşsa, nəticələr daha yaxşı olar.
- Komandada kim ürəkdən oynamır ki? Millidə ürəkdən oynamayan varsa, elələri dərhal komandadan uzaqlaşdırılmalıdırlar. Dediyiniz 2 oyunda da komandada hamı vuruşurdu. Razıyam ki, səhvlərimiz olmuşdu və Slovakiya kimi komanda səhvləri bağışlamır.
- Uelslə ev oyunundan sonra baş məşqçi Nikola Yurçeviç bildirdi ki, millidəki fəaliyyətini davam etdirmək istəyir və düşünür ki, bu heyətlə gələcəkdə uğur qazanmaq mümkündür...
- Komandamızın heyətində yaxşı futbolçular var və məncə də gələcəkdə nəticələrimizi daha da yaxşılaşdıra bilərik.
**
Mətbuat nümayəndələri olaraq, bu fikirlərə, üstüörtülü göndərmələrə çox da diqqət yetirmədik. Bir az təbii qarşıladıq, narazılığın "doza"sını.lazımı qədər qiymətləndirmədik. Çünki Moskva "Dinamo"sunun da şərəfini qoruyan Ramilin hələ iyundan bəri millidə problem məngənəsinə düşməsi, Nikola Yurçeviç və bəzi komanda yoldaşlarıyla yola getməməsi haqda xəbərlər mediaya sızmağa başlamışdı.
Macarıstanla matçdan (0:1) sonra onun kortəbii oyun və taktika haqda söylədikləri də bizi "qəflət yuxusu"ndan ayıltmadı. Düzdür, Sportinfo.az düşərgədə baş verənlərə yerində diqqət göstərib, xəbər lentində davamlı yer ayırıb, hadisələri yerli-yataqlı işıqlandırıb, amma… AFFA-nın bir çox saytlara təsiri nəticəsində Şeydayevin giley dolu fikirləri ört-basdır edilməyə çalışıldı.
Unutdular ki, fakt varsa, gec-tez üzə çıxacaq, yayılacaq və cəmiyyət yaşananlardan hali olacaq. Dünən oxucularımıza şok məlumat vermişdik ki, Slovakiya ilə görüşün fasiləsində komandamızın paltardəyişmə otağı "savaş meydanı"na dönüb.
Bundan əvvəl baş verən daha bir olayı ictimailəşdirməyə gərək var. "Xəzər" TV-nin tanınmış idman aparıcısı Ceyhun Rzayev sosial şəbəkə hesabında məlumat paylaşıb ki, Uelslə Bakıdakı oyundan sonra millinin paltardəyişmə otağında futbolçular arasında ciddi insident yaşanıb.
Məğlubiyyətdən pərişan olan Ramil Şeydayev komanda yoldaşlarına irad tutub ki, işiniz-gücünüz oyundan sonra forma dəyişdirdirməkdir, futbol oynamaq yox. Dmitri Nazarov Ramilin üzərinə yeriyib. Almeyda da Nazarova qahmar çıxıb. Digər futbolçular araya girib tərəfləri birtəhər sakitləşdiriblər. Qətiyyətsiz, sözünün kəsri olmayan Yurçeviç isə gözü önündə baş verən hadisəni sadəcə, müşahidə edib.
Şeydayev bu gedişlə AFFA tərəfindən "arzuolunmaz şəxs" elan ediləcək. Tərəflərin söz-söhbəti artıq tutmur. Aralarında ciddi fikir ayrılığı yaranıb və bu, getdikə daha çox dərinləşməyə başlayır.
Federasiya Ramili min vasitə ilə dilə tutaraq millidə oynamağa razı salıb, yolunda böyük pullar xərcləyib, indi də haqlı tənqidləri ilə üz-üzə qalıb. Üstünə açıq-aydın gedə, "sus" əmri də verə bilmirlər. Çünki Ramil seçmə mərhələninin ən sabit futbolçusudur.
Komandaya ən çox can yandıran, özünü meydanda fəda edən 3 nəfər varsa, birincisi odur. AFFA adıçəkilən hücumçunu sıxışdırmağa, haqqında sifarişli yazılar yazdırmağa girişsə, azarkeşlərdən böyük təpki alacağı şübhə doğurmur.
Ancaq "onu sakitləşdirmək, yerində oturmaq lazımdır axı" - biz bilirik ki, boz "şüşəbənd" arxasında gizlənənlər bu gün ən çox bu haqda fikirləşir, yollar axtarır. Şeydayevə bir neçə dəfə xəbərdarlıq olunub ki, mətbuata az çıxsın, əksər sualları cavablandırmasın, başqa sözlə, Yurçeviç və onun oynatdığı bərabad futbol haqda fikirlərini özündə saxlasın.
Hələ ki, o, tapşırılanları etmir, ürəyinin və vicdanının səsinə qulaq asır. Bizdəki məlumata görə, Şeydayev bu təzyiqlərdən bezərək, millidəki çıxışını qeyri-müəyyən müddətə "dondurmaq" fikrinə düşüb. Əksər futbolçular kimi, o da xorvatiyalının baş məşqçi postundan getməsini istəyir. Bu da yəqin ki, tezliklə rəsmiləşəcək.
SPORTİNFO

