Qurban Qurbanov onun nazı ilə çox oynamayacaq, yola salacaq

26 Mart 21:00 Dünya futbolu 17 179
Qurban Qurbanov onun nazı ilə çox oynamayacaq, yola salacaq

Eston hakim Kristo Tohverin yerinə başqa hakim olsaydı, oyun başa çatandan sonra Elvin Cəfərquliyevin qafasını baş və ikinci barmağı ilə yaratdığı deliyin içinə yerləşdirərdi.

Bu uşaq əməlli-başlı “artırıb”.

Artıq hər hərəkətindən intizamsızlıq, lap dəqiq desəm, tərbiyəsizlik tökülür. Yığıb-yığışdıran tapılmasa, bir azdan kütlənin içinə qumbara da atacaq.

Görünüşü, hərəkətləri, yerişi, əməlləri – ora doğru aparır onu.

“Braqa” ilə oyunda aldığı qırmızı vərəqədən sonra ayıbına kor olmaq əvəzinə etirazını hakimlər tərəfə tüpürməklə bildirən gənc oğlan “Bayer”lə səfər qarşılaşmasında növbəti dəfə “qırmızı” almaqla komandanı pis vəziyyıətdə qoyub, məğlubiyyətin səbəbkarına çevrildi. Yeri gəlmişkən, “BayArena”nın qazonuna tüpürməyi də yaddan çıxarmadı.

Üstündən 15 gün keçməmiş növbəti tərbiyəsizliyini ekran qarşısında oturan hər kəs gördü. Pardon, eşitdi. Hakimin korner təyin etmək əvəzinə qapıdan zərbə göstərməsi Elvini necə özündən çıxardısa, istedadlı futbolçumuz əsəblərini estonun “var-yoxunu yağlamaqla” soyutdu. Və bunu hər kəs eşitdi. Sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi.

“Neftçi”ylə oyundan sonra azyaşlı azarkeşə etdiyi hərəkətə görə polis şöbəsinə aparılması, “Braqa”yla matçdakı tüpürcəyindən video düzəldib onu sosial şəbəkə hesabında paylaşması... Bunlar bildiklərimizdir.

Azərbaycan səviyyəsində futbolçu bacarığı ilə göz oxşayan bu cavan oğlan intizamına və davranışlarına diqqət yetirməlidir. Meydanda can qoymaqla iş bitmir.

Bununla yanaşı böyümək də lazımdır. Oyun vaxtı məhəllə futbolundakı cığal uşaqları xatırladan Cəfərquliyev “Qarabağ”ın və ölkənin bir nömrəli futbol komandasının şərəfini qoruduğunun fərqinə varmalıdır.

Hakimlərin yanlış qərarlarına tüpürməklə, söyməklə reaksiya vermək çıxış yolu sayılsaydı, Qurban Qurbanov hər oyunda referiləri təpiyinin altına salardı.

Futbolçu böyütməyin ən dəqiq resepti Qurban Qurbanovdadır. Böyümək istəyənlər qalıb, istəməyənlərin aqibəti də göz qabağındadır (Elvin Yunuszadə, Araz Abdullayev və s.).

Ümid edək ki, Elvin Cəfərquliyev böyümək istəyəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!