"Ermənilər yerin altında tranşey qazıb, orada necəsə gizlənə bilmişdilər" - FOTOLAR

22 Yanvar 2021 11:50 Bizimkilər 3 803
"Ermənilər yerin altında tranşey qazıb, orada necəsə gizlənə bilmişdilər" - FOTOLAR

Xain ermənilərin qəsb edib məskən saldığı əzəli Vətən torpaqlarımızın azad ediləsi günü hər birimiz göz işığa həsrət qalan kimi gözləyirdik.

Nəhayət, o gün gəlib çıxdı. Ali Baş komandanın əmrini alan kimi hər birimiz öz qanımız və canımızla tarix yazmaq üçün bir şans yarandığının fərqində idik.

44 gün davam edən misli görünməmiş savaşda şanlı əsgərlərimiz sözün həqiqi mənasında, mübaligəsiz desək, əsrarəngsiz tarix yazdılar.

Payız aylarında istər aran, istərsə də Dağlıq Qarabağda havalar soyumağa başlayır. Xüsusilə də, axşam düşəndə, gecə saatlarında havanın hərarəti xeyli aşağı düşür.

6 həftəlik müharibədə torpaqlarımızı azad etmək üçün çarpışan igid əsgərlərimiz bu soyuğu sanki hiss etmirdilər. Genə və qana işləmiş Vətən sevdası, torpağa namus, şərəf məsələsi kimi baxmaq əsgərlərimiz ruhunu isidirdi, ona ilıq nəfəs verirdi.

Onları ürəyimiz Şuşamızda Xarı bülbülün səsi, Cıdır düzü, İsa bulağının suyu gösləyirdi. Babalarımızın at sürüb, qılınc oynatdığı, göz bəbəyi kimi qoruyub nəsildən nəsilə ötürdüyü bu müqəddəs torpaqların yağı tapdağından qurtulması millətin zorən mübtəla edilmiş bir xəcalət virusundan qurtulması demək idi.

Şəhid qanı ilə suvarılan torpaqlar basılmaz, deyərlər. Hər bir əsgər döyüşə ürəyində qərar tutmuş bu hisslərlə və qələbə əzmi ilə qatılmışdı. Bizim igid əsgərlərimiz öz qanları hesabına tarix yazdılar. Bu tarix yazanların yanında daima hər addımda onları tibb işçiləri həkimlər müşayət ediblər.

Ən ağır yaralı əsgər belə huşu özündə olan kimi, ağrı-acılarını dəf edirmiş kimi savaşın gedişi ilə maraqlanır, özünün yenidən cəbhəyə nə vaxt yollana biləcəyini həkimlərdən sorun edirdi. Bu sorunların əsasında bir qətiyyət, əzm və rəşadət dayanan səmimiyyət aydın hiss olunurdu...

İstər öndə, qızğın döyüşlərin getdiyi səngərdə, istərsə də arxa cəbhədə əsgərlərimizin sağlamlığının keşiyində dayanan həkimlərimizin şücaəti də ayrıca qeyd olunmalıdır.

Yaralı əsgərlərimizi döyüş sahəsindən çıxararkən, onları tibbi yardım göstərərkən, təxliyə edərkən şəhid olan həkimlərimizin bir millət əsgəri kimi ortaya qoyduğu nümunələr gələcəkdə dərsliklərə salınmalı olan vətənpərlik nümunələrindəndir.

City Hospitalın kollektivi də döyüşün ilk günlərindən arxa cəbhədə həm Mərkəzi Hərbi qospitalda, həm də ön cəbhədə Füzulidə yaralı əsgərlərimizin həyatını xilas etmək üçün fədakarlıq göstərmişlər.

Kollektivimiz tərəfindən 500 nəfərdən çox yaralı əsgər və zabitlərimiz üzərində müxtəlif çeşidli, mürəkkəb cərrahi əməliyyatlar edilmişdir.

Hal-hazırda klinikamızda yaralı əsgərlərin sonrakı mərhələ müalicələri, əməliyyatları və reabilitasiyası aparılır. Şəxsən 1-ci vitse prezident Mehriban Əliyevanın, Heydər Əliyev fondunun, “YAŞAT” Fondunun köməkiyi ilə yaralı əsgərlərimizə hər cür qayğı göstərilir.

Hazırda klinikamızda 9 nəfər əsgər yenidən əməliyyat olunmuş və 4 nəfəri müalicə almaqda davam etdirirlər.

Belə igid əsgərlərimizdən biri Cəfərli Şiraz Oruc oğlu sentyabrın 27-sində vətən müharibəsinin uğrunda döyüşlərin ilk günü əsgər belə təsvir edir:

«Mən General Polad Həşimov adına postun əsgəriydim. Bizə bu postdan Talış kəndinə doğru irəliləmək əmri verildi. Gərgin döyüşlərlə Talış kəndini aldıq. Sonra Barambat meşəsinə girib oranı da götürdük.

Sentyabr ayının 29-da Suqovuşana daxil olmuşduq, dağlıq ərazidə pusquya düşdük. Erməni quldurları orada gizlənmişdilər. Məlumata görə, axşamdan kəşfiyyatçılarımız oranı yoxlamışdılar.

Sadəcə, ermənilər yerin altında tranşey qazıb orada necəsə gizlənə bilmişdilər. Yanımdakı 3 zabitlə birgə mən də yaralandım, 1 əsgərimiz şəhid oldu. Əsgər yoldaşlarımın şücaəti ilə döyüş zonasından çıxarıla bildim.

Döyüş gedə-gedə briqadamızın tibb xidmət rəisi mənə ilk tibbi xidmət görsətdi. Gecə saat 4 radələrində məni dağdan aşağı təcili yardım maşını ilə Naftalan mərkəzi xəstəxanalına təxliyə etdilər.

Naftalanda mənə həkimlər tibbi yardım göstərdilər və Gəncə Beynəlxalq xəstəxanasına evakuasiya etdilər. Sonra məni oradan vertolyotla Mərkəzi hərbi hospitalına gətirdilər. Orada 3 dəfə əməliyyat olundum, hal-hazırda Baku City Hospitalındayam.

Əməliyyat olunmuşam. Sağalmaq üzrəyəm. Daima həkimlərimiz, tibb personalımı bütün döyüşlərdə və cəbhədən sonrakı dövrdə mənim yanımda olublar. Mən həmişə onların köməyini, dəstəyini hiss etmişəm» .

Digər rəşadətli əsgərimiz İsmayılov Rufət Rəcəb oğlu hadisələri belə nəql edir: «Mən tankistəm. Sentyabrın 30-da Füzuli istiqamətində gedən döyüşlərdə müharibənin 3-cü günü Alxanlı istiqamətində

Ölüm dərəsi deyilən yerdə döyüş zamanı yaralandım: 14:30 radələrində piyada qoşunlarının müşayiəti ilə 10 ədəd T-92 markalı tankla irəliləyirdik. Kəşfiyyat dəstələrimiz də orda idi, onlar bizdən əvvəl basqa istiqamətdən oraya gəlmişdilər. Biz isə düz o istiqamətə gedirdik. Düşmən səngəri ilə aramızda 200-250 metr məsafə vardı. Əvvəlcə mənim tankımı əl qumbarası ilə vurdular, təsir eləmədi. 2-ci dəfə minanın üstünə düşdük, yenə ötüşə bildik, irəliləməkdə davam edirdik. 3-cü dəfə onlara yaxınlaşanda, səngərə çataçatda bizim tankı tank əleyhinə Faqot raketi ilə vurdular. Atəş düz tankın içərisinə tuşlanmışdı. Təzyiqlə icəri girən alovu görən kimi üzümü əlimlə örtdüm ki, üzüm yanmasın, üzümü qoruya bildim. Amma sağ bud sümüyüm parça-parça olmuşdu. Tankın içindəkilərdən təkcə mən ağır yaralandım. O biri əsgərlərimiz normal idi. Tankın içindən özüm çıxa bildim, yaralı əllərimlə lükü aça bildim, özümü dərhal çölə tulladım və tankın altında gizləndim ki, onların piyadaları məni vura bilməsin. Tankın mexanikasını işə saldıq və irəliləyib onların düzəltdiyi torpaq valının içərisində gizlənə bildik. Ermənilər daha bir tankımızı da vura bilmışdilər. 8 tankımız başqa istiqamətdən hücuma keçdilər. Mənimlə birgə 5 nəfər yaralı vardı. Bizi oradan çıxartmağın qarşısını almaq üçün bizim arxamızca gələn PDM-i avtomatla vurmağa başladılar. Bizi PDM ilə döyüş bölgəsindən çıxardılar. Gündüz vaxtı idi, məni sanikatla gətirdilər arxa səngərə, oradan da ambulanslarla bizi Fizuli Əhmədbəyli hospitalına gətirdilər, Mən sonra eşitdim ki, biz həmin ərazidən köçəndən sonra gecə ilə oranı partlatmışdılar. Hər vaxtı həkimlər, tibb personalı bizimlə tər cür təhlükə ilə üzləşmələrinə baxmayaraq, heç vaxt bizi tək, köməksiz qoymayırdılar. Hər zaman bizim yanımızda idilər. Bu gün də City Hospitalın kollektivi bizə hər cür qayğı göstərir».

Başqa bir şanlı əsgərimiz Mehdiyev Həsən Rəcəb oğlunun da döyüş yolu çox ibrətamizdir: «Mən kəşfiyyatçıyam. Artıq soyuqlar düşmüşdü. Dağ və dağətəyi yerlərdə bu artıq hiss olunurdu. Oktyabr ayının 21-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanmışam. Cəbrayıl artıq şanlı əsgərlərimiz tərəfindən alınmışdı, bir iki kəndi qalmışdı. Artıq 1 ay idi ki, vuruşurdum. Erməni quldurları zirvə postunda pusqu qurmuşdular, bizə yuxarıdan – təpəlikdən minamyotla atırdılar. Biz onları görmürdük. Əslində, bizə deyilmişdi ki, o təpə alınıb. Biz 10 nəfər idik, açıq yerdə dağınıq halda gəzirdik. Minamyotlardan biri bizdən arxaya düşdü, dərhal yerə uzandıq. 2-ci atəş düz üstümüzə tuşlanmışdı, lap yaxınımıza düşdü. Qəlpə ayağımdan və başımdan keçdi. bir nəfər sürücü, bir nəfər komandir olmaqla 9 nəfərimiz yaralandı, 1 nəfər şəhidimiz oldu. Mən bir saatdan çox orda qaldım. Əsgər və sanitarlarımızın köməkliyi ilə məni oradan çıxara bildilər. Yaralıların hamısını çıxartdılar və bizi Ural maşını ilə Füzuli istiqamətində, təcili yardımlar dayanan yerə, ordan da Ağcabədiyə gətirdilər. Yaralananda sadəcə gülürdüm, qorxu hissi yox idi , ağrı hiss eləmirdim, düşünürdüm ki bundan o tərəfi yoxdu. Ağcabədidə, əməliyyat olundum, 6 gün komada qaldım. Daha sonra yenə əməliyyat olundum, 3 gün sonra ayıldım. Sonra məni Respublika klinik xəstəxanasına göndərdilər. Uzun müddət komada oldum , komadan ayıldıqda ilk sevincim Qarabağ alınması xəbəri oldu. Bizdə dəmir kimi birlik, həmrəylik, ruh yüksəkliyi var idi, cünki biz daim həkimlərimiz , tibb işçilərimiz yanımızda idi. Biz heç vaxt yaralanmaqdan və ölümdən qorxmurduq.
Bu tarix 2-ci Qarabağ savaşında iştirak edən 3 əsgərimizin şərəf tarixidir. Yuxarıda adı gedən hər bir əsgərimizə bizim klinikanın həkimləri, konsultanları, xaricdən dəvət olunan professorlar tərəfindən çox mürəkkəb əməliyyatlar həyata keçirilmişdir. Biz hesab edirik ki , nə qədər ki bu əsgərlər sağalmayıb, ictimai həyata qayıtmayıblar, hələ müharibə davam edir. Biz bu müharibədə daima əsgərlərimizin yanında olduq, indi də onlarla bir yerdəyik, onları heç vaxt tək buraxmayacayıq. Bu mübarizədə bizə daima dəstək verən Respyblikanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fonduna, “YAŞAT” Fonduna və əsgərlərimizə yardım edən bütün insanlara öz dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda klinikanın professor və həkim heyyətindən prof.Akşin Bağırova, prof. Adil Qeybullaya, tibb üzrə fəlsəfə doktoru İnar Seyidova, həkimlərimizdən Rəşid Əliyevə, Sənan Quliyevə, Fərid Məmmədova, Rəşad Məmmədova, Elcan Mirzəzadəyə və başqalarına öz dərin təşəkkürümü bildirirəm. Biz tarixi əsgərlərimizlə birgə yazırıq.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!