"Başqa təkliflər də var idi, tərəddüd içindəyəm"

14 Dekabr 2022 02:30 Basketbol 430
"Başqa təkliflər də var idi, tərəddüd içindəyəm"

“Hüseynə digər ölkənin vətəndaşlığı təklif olunub. Lakin mən millidə qalmasını, Vətənimizi təmsil etməsini istədim”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a müsahibəsində Litvanın paytaxtı Vilnüsdə yerləşən NBA (National Basketball Association - red.) məktəbinə qəbul olan azərbaycanlı yeniyetmə basketbolçu Hüseyn Qaflanovun atası Zamir Qaflanov deyib.

Müsahibəni təqdim edirik:

- Zamir bəy, necə oldu ki, Hüseyn bu idman növü ilə məşğul olmağa başladı?

- Hüseyn 2008-ci ildə doğulub. Genetik olaraq antropometrik göstəriciləri və aktivliyi ilə yaşıdlarından elə uşaqlıqdan kəskin fərqlənirdi. Əqli inkişafı, dərslərində uğurları da çox yaxşıdır. Sağlam böyüməsini təmin etmək üçün müxtəlif idman bölmələrinə yazdırmışdıq. Növ müxtəlifliyi vacibdir, çünki uşaq seçim edə bilməlidir. Ən sonda basketbol və üzgüçülük arasında qaldı və basketbol qalib gəldi. Düşünürəm, bu idman növünün xüsusi cəzbedici ruhu var. Yarışmaq hissi ona aludəçilik yaradır.

- NBA məktəbinə qəbul olduğunu eşidən zaman hansı hissləri keçirdiniz?

- Əlbəttə, qürur və fərəh hissləri keçirirəm. Bildiyiniz kimi, oğlum gənclərdən ibarət basketbol milli komandamızın üzvüdür, onun uğurları gələcəkdə yığmanın və eləcə də yaşıdlarının nailiyyətləri üçün töhfə olacaq. Litva basketbol üzrə dünyada inkişaf etmiş ölkədir, infrastruktur cəhətdən də qənaətbəxşdir. Hüseynin Vilnüsdə NBA məktəbini seçməsi təsadüfi deyil, məşqçisi Tahir Baxşıyevin araşdırma və səylərinin nəticəsində biz artıq bir neçə xarici klublarda baxışda olmuşduq. Nəhayət, seçim bu məktəbin üzərində dayandı. Ümid edirəm, gələcək nailiyyətləri seçimin doğru olduğunu göstərəcək.

- Onu bu sahəyə kim yönəltdi? Dəstəkçisi kim olub?

- Boyunun hündür olmasına görə düşündüm ki, basketbol idman bölməsi məqsədəuyğundur. Bəxtimiz onda gətirdi ki, ilk gündən gənclərdən ibarət milli komandamızın baş məşqçisi Tahir Baxşıyevə rast gəldik və o, Hüseyni istiqamətləndirməyə başladı. T.Baxşıyevin və NTD klubunun Hüseynin idmançı kimi formalaşmasında və nailiyyətlərində müstəsna əməyi var. Hüseyn cüdo, üzgüçülük və taekvondo ilə də məşğul olub. Basketbolu özü seçdi. İdmana daim dəstək olmalıdır. Dəstək olmasa, idmançı da “qırılır”. Hər zaman dəstəkçi kimi yanındayam. Gücümüz çatmayan işləri də məşqçilər, federasiya üzvləri həll ediblər.

- İlk dəfə neçə yaşında bu idman növü ilə məşğul olmağa başlayıb?

- İlk dəfə 11 yaşında başladı, o zaman boyu 176 sm idi. Baxmayaraq ki, adətən, cüssəli uşaqlar ləng və astagəl olurlar, Hüseyn, əksinə, çevik və aktiv idi. Fiziki dözümlülüyü də imkan verirdi ki, özündən dörd yaş böyük uşaqlarla məşqlərə qatılsın. Tezliklə U-16 və U-18 milli komandaları ilə təlim-məşqlərə və yarışlara qatılmağa başladı. 14 və 17 yaşlılar arasında Azərbaycan Kubokunun qalibi oldu. Ən dəyərli oyunçu (MVP) kubokunu qazandı. Hüseyn dəfələrlə qatıldığı beynəlxalq turnirlərdə mükafatlara layiq görülüb. 2021-ci ildə İspaniyada, “Madrid Real”ının dəvəti ilə qatıldıqları turnirdə birinci yer tutub. Türkiyə, Gürcüstan, Belarusda keçirilən müxtəlif turnirlərdə dəfələrlə mükafatlara layiq görülüb. “Fənərbağça”, “Valensiya”, “Efes” kimi klubların diqqətini cəlb edə bilib.

- Hüseynin NBA məktəbinə qəbul olunması asan başa gəldi?

- Hər şey qəfildən baş vermədi, kənardan göründüyü kimi asan da olmadı. Fiziki göstəricilər və istedad uğur üçün yetərli deyil, basketbolda hündür boy zəruri şərtdir, kafi deyil. Uğura gedən yol saatlarla idman zallarında keçirilmiş əziyyətli məşqlər və bir çox məhrumiyyətlərlə müşayiət olunur. Bəzən hər gün, gündə iki-üç dəfə məşq etmək lazım olur. Məşqlər arasında bərpa, istirahət və pəhriz də çox önəmlidir. Böyük idman kiçik və ya yeniyetmə yaşlı idmançıların psixoloji durumuna da önəmli dərəcədə yük qoyur. Yalnız düzgün seçilmiş fiziki məşqlər və hazırlıq proqramı uğur əldə etməyə imkan yaradır.

- Oğlunuzun gələcəkdə hansı peşəyə yiyələnməsini istəyirsiniz?

- Gələcək planlar və peşə haqda özü daha düzgün deyə bilər. Dəqiq elmlər, informasiya texnologiyaları və proqramlaşdırma sahəsinə həvəsi var, riyazi düşüncə tərzi peşə seçiminə təsir edəcək. Ən önəmlisi - dürüst, vicdanlı, Vətənə layiqli şəxsiyyət kimi formalaşmasıdır, qalanı - əlahəzrət tale. Seçimlərinə qarışmıram. Öz seçimidir. Təhsilini dayandırmır. Davam etdirir. Təhsilini Litvada davam etdirib-etdirməməsi arasında qalmışam. Hələ biz sınayırıq. Ondan sonra qərar verəcəyik. Başqa təkliflər də var idi. Hələ ki, 10 gündür ki, gedib. Tərəddüd içindəyəm.

- 2024-cü ilə qədər orada yaşaması ilə bağlı qərarınız necə oldu?

- Hazırkı təklif növbəti iki mövsümü əhatə edir, bu dövr ərzində Vilnüs klubunda iştirak və yarışlara qatılmağı nəzərdə tutur. Gedişatdan asılı olaraq qərar verəcəyik. Yeri gəlmişkən, Hüseynin Vilnüsə transferi, orada qalmasında təşkilati və maliyyə dəstəyinə görə Azərbaycan Basketbol Federasiyasının rəhbərliyinin əməyini xüsusi qeyd etməliyəm.

- Oğlunuzun ən böyük arzusu nədir?

- İdmanda arzusu Avropa klublarının heyətində nailiyyətlər əldə etmək və ən əsası - böyüklərdən ibarət milli komandamızın heyətinə düşməkdir. Təklif olunub ki, digər ölkənin vətəndaşlığını alsın. Biz razılıq verməmişik. Millidə qalmasını istədim. Çünki məşqçilərin də arzusu idi ki, bizdə Azərbaycanı təmsil edəcək idmançı olsun. İstəyirəm ki, ölkəni, Vətəni təmsil etsin. Dəyərli şəxsiyyət kimi yetişsin. Bir çox xarici ölkələrdən milliləşdirilmə təklifləri gəlsə də, Hüseyn qəbul etməyib. Onun üçün bayrağımızı qaldırmaq və bununla Vətənə xidmət etmək, göstərilən etimadı doğrultmaq prioritetlərdəndir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"