İki bölgə klubunun oxşar taleyi - Bu dərdə necə çarə tapsınlar?

10 Mart 14:25 Azərbaycan Futbolu 490
İki bölgə klubunun oxşar taleyi - Bu dərdə necə çarə tapsınlar?

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümü yavaş-yavaş sona yaxınlaşır.

Artıq 25 tur arxada qalıb.

Və bu 25 tura əsasən deyə bilərik ki, sezonun iki şanssız klubu var - Biri "Qəbələ", digəri "Turan Tovuz".

"Qəbələ" oynadığı oyunla bir çox rəqiblərindən öndədir. Amma nəticələr? Dərd ondadır ki, nəticələr hər şeyi kölgədə qoyur.

Məsələn, komandanın "Səbail"ə 0:1 uduzduğu oyundan hələ də hər kəs danışır. Komanda 5:0 udmalı olduğu matçdan heç bərabərliklə də ayrıla bilməmişdi. 2:3 uduzduğu son ev oyununda yaşananları da yəqin ki, kimsə unutmayıb.

Belə görüşlərin eynisi olmasa da, ona yaxın şanssızlıqların olduğu matçlar az olmayıb.

Təsəvvür edin ki, "qırmızı qaralar" məğlub olduğu 15 oyundan 5-də bəxti gətirsəydi yox ha, haqq etdiyi qələbəni qazansaydı, bu gün avrokuboklar üçün mübarizə aparırdı.

"Turan Tovuz" da xüsusilə qışdan sonra "Qəbələ"nin taleyini yaşamaqdadır. Ayxan Abbasovun yetirmələri baxımlı oyunu ilə seçilir. Amma nəticələr heç də göstərilən performansla düz gəlmir.

"Kəpəz"lə qış fasiləsindən sonrakı ilk matçda alınan qırmızı vərəqə əlin içində olan 3 xalı sivirib apardı.

"Neftçi" və "Zirə" ilə son iki turdakı qarşılaşmalarda qaçırılan şansları indi də göz önünə gətirəndə tovuzlu futbolçuların necə kədərləndiyini təsəvvür etmək çətin deyil.

Axı həmin xallar bu gün aktivdə olsaydı, qərb təmsilçisi 7-ci yox, ikinci pillədə qərar tutmuşdu.

Kimsə düşünə bilər ki, əşşi bu yazılanlar nağıldı, ehtimaldı və.s.

Amma mənə görə şans futbolda çox vacib faktordu. Bunu kimsə inkar etməyə çalışsa belə.

Uğurlu futbolçuların həyatını incələyəndə hansısa mərhələdə şansın onların üzünə güldüyünü görə bilərik.

Şəhriyar Əliyevin "Neftçi" ilə matçın son saniyələrində qapı dirəyinə vurduğu zərbə bacarıqsızlıq yox, şanssızlıqdır.

Məsələn, o qədər görmüşük ki, bundan da rahat epizodlarda dünya ulduzları belə hədəfdən yayınıblar. Onda da iddia edək ki, dünya ulduzları bacarıqsızdır? Təbii ki, yox.

Oxşar 10 epizod olsa, bəlkə də müdafiəçi 9-da qola sevinər. Amma yaşaya biləcəyi həmin bir şanssızlıq məhz həmin matça təsadüf etdi.

Və ya "Zirə" ilə görüşdə əldən verilən fürsətlər.

Paytaxt təmsilçisinin qapıçısı Tiaqo Silvanın seyvlərini unudub, tovuzlu futbolçulara necə bacarıqsız demək olar? Məncə, bu kimi məqamların tək adı var - şanssızlıq!

Şanssızlıq "Qəbələ"ni zirzəmiyə yuvarlayıb.

Düzdü, "Turan" həmin zirzəmidən çox uzaqdır, amma belə davam etsə ilk sıralardan uzaqlaşa bilər. Yəqin ki, bu gün kollektivdə hər kəs məşqlərdə daha aktiv çalışmaqdan çox, qarşılaşdıqları nəslikdən uzaq olmaq üçün dua edirlər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"