"Qəbələ"yə köməklik üçün söz verdilər... Milli Məclisin deputatları

26 Yanvar 09:00 Qəbələ 743
"Qəbələ"yə köməklik üçün söz verdilər... Milli Məclisin deputatları

Futbol üçün vacib olan şərtlərdən biri də təbii örtüklü meydançanın olmasıdır.

Bir futbolçu üçün meydançadan gələn tər otun qoxusunun nə demək olduğunu ancaq bu idman növünü öz sevimli peşəsinə çevirənlər gözəl anlayar.

Yumşaq futbol oynamaq üçün ideal şəraiti olan meydançaların salınması futbol üçün vazkeçilməz amillərdəndir. Amma məsələnin digər tərəfi var.

Təbii örtüklü meydançaları daim yaşıl vəziyyətdə saxlamaq heç də asan deyil. Ona daim qulluq edilməli, suvarılmalı, saralmış otların aradan qaldırılmasına çalışılmalı, vaxtında dərmanlanmalı, toxumlanmalıdır.

Şübhəsiz, bütün bunlar kifayət qədər maliyyə tələb edir. Əlbəttə, futbolu inkişaf etmiş ölkələrdə bu cür meydançaların saxlanılması o qədər də çətin deyil.

Çünki məsələn, top-klublar öz xərclərini kənar amillərin, azarkeşlərin, sponsorların, reklamların, teleyayımların və s. hesabına qarşılaya bilirlər.

Bu səbəblərdən onlar üçün yüksək keyfiyyətli təbii örtüklü meydança saxlamaq o qədər də problem yaratmır.

Diqqət yetirsəniz, oyunlarda bu cür komandalara məxsus meydançaların yüksək səviyyədə, cəlbedici yaşıllığa malik olduğunu görə bilərsiniz.

Bəs, bu mənada o qədər də inkişaf etməyən, uşaq futbolunda xeyli, özü də ciddi problemlər yaşayan, ələləxsus da kommunal xərclərin çox baha olduğu Azərbaycanda vəziyyət necədir? Təsəvvür etmək çətin deyil. Ölkədəki təbii örtüklü meydançaların əksəriyyətinin hansı durumda olduğu aydın görünür. Ya vaxtında qulluq edilmədiyi, ya maliyyə problemlərinin əngəl yaratdığı, ya da müəyyən səbəblərdən ölkədə bir çox belə meydança nəinki ideal vəziyyətdədir, heç buna yaxın da deyil. Çünki digər ölkələrdən fərqli, Azərbaycanda futbol klubları özü-özünü maliyyələşdirən biznes yox, bir-iki sponsorun müəyyən yardımları hesabına yaşayan təşkilatlar kimidir. Digər tərəfdən bir təbii meydançanı daim eyni vəziyyətdə saxlamaq təxminən 80-100 min manat xərc tələb edir. Məsələn, bizdəki məlumata görə, vaxtilə Azərbaycanda Bakı Olimpiya Stadionuna, "Bakcell Arena”ya və digər stadionların təbii örtüklərinə də nəzarət edən "Aqrosport” şirkəti bir meydança üçün ayda 120 min manat ödəniş alırdı. Yəni kasıb klub üçün az xərc deyil. Ona görə də ölkədə futbolçulara ziyanlı süni örtüklü meydançaların sayının çox olması təəccüblü deyil. Hansı ki, belə meydançalara artıq dünya futbolunda o qədər də yer verilmir və təbii örtüklə əvəz olunur.

Bütün bunların fonunda Azərbaycanda sözün həqiqi mənasında futbolun inkişafına xidmət edən, əsasən də uşaq yetişdirmək baxımından daim akademiyanın şəraitinin yaxşı olmasına, nəzdindəki meydançaları həmişə yaşıl saxlamağa çalışan "Qəbələ” kimi klub var. Hansı ki məhdud büdcəsinə rəğmən, böyük məsuliyyətin altına girib akademiyada yetişən uşaqlar üçün şərait yaratmağa çalışır. Bəhrəsini də görür desək, yanılmarıq. Hər halda klub son bir neçə ildə akademiyalarında yetişən xeyli futbolçunu üzə çıxarıb, "Qəbələ”nin əsas komandasına, həmçinin digər klublara, yığmalarımıza verib. Bu prosesin lazımi səviyyədə davam etdirilməsi isə hazırkı durumda çox çətindir. Əvvəla ona görə ki, klubun bazasında altı təbii örtüklü meydança var. Yuxarıdakı rəqəmləri nəzərə alsaq, "Qəbələ” bu meydançaları lazımi səviyyədə saxlamaq üçün ildə yarım milyon manata yaxın ödəməli olur. Bu xərclərin xeyli hissəsi də məhz stadionun kommunal ödənişlərini təşkil edir…

Klubun meneceri Nail Kərimovun Qaynarinfo-ya açıqlamasını dinləyək:

"Qəbələ”nin meneceri

"Altı təbii meydançamız var. Hər birini eyni səviyyədə saxlamaq üçün əlimizdən gələni edirik. Köhnəlmiş təbii örtüklərdən birini bu yaxınlarda daxili imkanlar hesabına öz işçi qüvvəmizlə dəyişdirdik. Bunu tam özümüz etmişik, heç bir kənar dəstək olmayıb. Artıq meydança hazırdır, məşqlər davam edir, oyun da keçirmək mümkündür. Bununla belə, altı təbii meydançanı saxlamaq çox çətindir. Bu iş həm də yaxşı kadr tələb edir. Bizim bir neçə ot mütəxəssisimiz yaxşı təkliflər alıb. Onlar başqa yerlərdə, Gürcüstanda, Türkiyədə, Azərbaycanın digər klublarında çalışırlar. Həm material - gübrə, toxum, dərmanlar, həm də böyük komunal xərclər tələb olunur. Otun birinci dostu sudur. Suvarma vacibdir. Təkcə əsas stadionumuz altdan isitmə sistemi ilə işləyir. Bu sistem qazla təchiz olunur. Qəbələdə də təxminən ilin üç ayı temperatur çox aşağı olur. Bu səbəbdən qazla bağlı böyük məbləğdə kommunal ödənişimiz olur. Qar yağırsa və ya temperatur aşağı düşürsə, isitmə sistemi olmayan meydançaların otu saralır. Düzdür, məşq etmək olur, oyunla bağlı hər hansı sual yaranmır. Amma əsas meydançanı həmişə yaşıl saxlamaq lazımdır. Düşünürük ki, meydança futbolun əsas parçalarından biridir və həmişə həm keyfiyyəti, həm də vizuallığı ilə ən yüksək standartda olmalıdır. Onu yaşıl və eyni görünüşdə saxlamaq üçün böyük məbləğdə kommunal ödənişlər edirik. Azərbaycanda futbol hələ biznesə çevrilməyib. Klubların kifayət qədər gəlirləri olsa, o zaman təbii ki, pul xərcləmələri lazımdır. Çünki gəlir əldə edirlər. Ölkəmizdə isə futbol hələ ki sosial layihə kimidir, dotasiya olmasa, yaşaya bilmir. Digər idman növləri də daxil olmaqla, "Qəbələ”nin tərkibində hər gün 500 idmançı məşq edir. Bu, kifayət qədər ciddi rəqəmdir. Təbii ki, onların hamısı peşəkar idmançı olmayacaq. İdman klubu qarşısına cəmiyyət üçün təkcə peşəkar idmançı yetişdirmək hədəfi qoya bilməz. Sağlam yaşayış tərzi, pis vərdişlərdən uzaq qalmaq məsələsi vacibdir. İdmanla məşğul olan uşaqların əksəriyyəti də pis vərdişlərdən kənarda qalırlar. Bu nöqteyi-nəzərdən, əlbəttə, kommunalların istehsalat təşkilatlarında daha güzəştli olması bizim üçün çox böyük köməkdir. Kommunal ödənişlər təkcə meydançamızda deyil, futbolçuların yaşadığı akademiyada da var. Müxtəlif rayonlardan cəlb etdiyimiz 60-a yaxın uşaq məhz akademiyalarda yaşayır. Nə qədər çətinlik olsa da, akademiya ənənəsini saxlamaq üçün, ağır yükün altına girib xərcləri qarşılayırıq. Futbolda kommunalların güzəştli qaydada hesablanması, digər klublara, xüsusən də "Qəbələ” üçün çox böyük dəstək olar. Bildiyim qədərilə isitmə məsələsi başqa stadionların heç də hamısında yoxdur. Hamıya gün kimi aydındır ki, futboldan gəlir qazanılmır. Dəstək olsa, kommunal xərclərdən edilən qənaəti akademiyanın bir qədər də yaxşılaşdırılmasına, meydançaların daha yüksək səviyyədə saxlanmasına və uşaqların onlardan istifadə etməsinə yönəldərik. Qənaət olunmuş vəsait onsuz da klubun büdcəsində qalmır. Dövrün sonunda büdcə sıfırlanır. Çünki qazanc məqsədli təşkilat deyilik. Ona görə də əldə olunmuş vəsait uşaqların yetişməsinə bir az kömək edə bilər”.

Bu məsələ mütləq həllini tapmalıdır

Bəs necə olmalıdır? Əlbəttə, bu yerdə ağıla gələn ilk fikir kluba güzəşt edilməsidir. Hər halda ölkədə belə şəraitə, beş-altı təbii örtüklü meydançaya malik ikinci bir klub yoxdur. Olsa nə yaxşı, amma faktiki bu gün Qəbələnin eyniadlı təmsilçisi ilə şərait baxımından yarışa biləcək peşəkar kluba rast gəlmirik. Hansı ki, bu şərait hələ komandanın yaxşı vaxtlarında qurulmuşdu və indi də məhdud büdcə hesabına bazanın məhv olmasına icazə verilmir. Təbii ki, belə olan halda kommunal xərclərin azaldılmasını gündəmə gətirmək mümkündür. Hansı ki, sözügedən məsələ məhz Milli Məclisdə qaldırıla bilər. Hər halda ölkədə tək-tük futbolçu yetişdirən klub olaraq ən azı kommunal ödənişlər baxımından müəyyən güzəştlər tətbiq etmək, bununla da Azərbaycan futbolunun inkişafına müəyyən dəstək göstərmək mümkündür. Bəs, Milli Məclisin deputatları bu məsələyə isti yanaşırmı? Hər halda qurumun Gənclər və İdman Komitəsinin üzvü Mahir Abbaszadə və deputat Fazil Mustafa açıqlamalarında bu məsələni qaldıracaqlarına söz verdilər:

Mahir Abbaszadə

"Baş üstə, inşallah bu məsələni qaldırarıq, mümkündür. Mən bu məsələni futbol sahəsi ilə məşğul olan deputatların diqqətinə çatdıraram”.

Fazil Mustafa

"Əlbəttə, bu cür meydançaları qorumaq lazımdır. Bakıda qoruya bilmədik, bu istiqamətdə fədakarlıq edilmədi. Amma Qəbələdə mütləq bu mənada kömək etmək lazımdır. Məsələni gündəmə gətirərəm. Bu məsələ mütləq həllini tapmalıdır. Çünki təbii örtüklü meydançaların həsrətindəyik. Bunu hər yerdə etməyimiz vacibdir. Futbolun inkişafını istəyiriksə, mütləq təbii örtüklü meydançaların sayını artırmalıyıq. Süni meydançalarda futbolçular tez-tez zədələnirlər. Çox sayda futbolçu məhz süni meydançalara görə sıradan çıxıb. Bu məsələ ətrafında mütləq həyəcan təbili çalmalıyıq. "Qəbələ” Azərbaycan üçün bir dəyərdir. Bu bölgədə futbol akademiyası var, ənənə formalaşdırıblar və dəstəyimizi əsirgəməməliyik. Mən bu məsələni gündəmə gətirəcəyəm”.

Futbolun dirçəlməsi yolunda son şansdır!

"Neftçi”nin keçmiş vitse-prezidenti, sabiq FİFA referisi Tahir Süleymanov da bu məsələyə diqqət çəkib. O, ölkədə ən yaxşı futbol akademiyasına malik klublardan bir olan "Qəbələ”yə bu sahədə dəstəyin vacibliyini vurğulayıb.

"Məsələ ölkə futbolu adına çox aktualdır. Bu tipli problemlərin qaldırılması, ictimai müzakirəyə çıxarılması təqdirəlayiqdir və davamlı olacağı, müvafiq təşkilatlardan reaksiya veriləcəyi halda, müsbət effek göstərə bilər. Qəbələdə Avropa standartlarına uyğun futbol infrastrukturu yaradılıb, böyük maliyyə xərclənib. Hazırda "Qəbələ" klubu çətin dövrlərini yaşayır, təbii, belə durumda dəstəyə ehtiyacı var. "Bakı" klubunu göz önünə gətirib Qəbələdə yüksək səviyyədə yaradılan bazanın, meydanların, təbii ot örtüyünün, akademiyanın qorunub saxlanılması mütləqdir.

Həmçinin fərdi şəkildə deyil, ümumi futbol adına müvafiq qanunların qəbul edilməsi faydalı olar. Öncə klub, AFFA, PFL önə çıxmalı, təkliflər irəli sürülməli, məsələnin həlli yolları axtarılmalı, aidiyyatı qurumlara müraciət edilməlidir. AFFA belə vəziyyətlərdə daxili imkanlarla köməkliyini göstərə bilər.

Bakıda federasiyaya aid stadion/bazalar olsa da, bölgə şəraitində milli və yaş qrupları üzrə yığmalar üçün təlim-məşq toplanışlarının keçirilməsinə uyğundur. Bunun üzərində ortaq məxrəcə gəlinsə, hər iki tərəf, ümumilikdə ölkə futbolu xeyir qazana bilər.

Icraiyyə Komitəsi qeyd olunan problemlə bağlı xüsusi qərar da qəbul edə bilər. Belə yanaşma Qəbələdə futbol infrastrukturunun qorunmasına yardımçı olar. Tarif qiymətlərinin tənzimlənməsi federasiya səlahiyyətlərini aşan məsələdir. Futbola kompleks yanaşma lazımdır. Tək Qəbələ yox, xüsusi proqram üzrə bütün bölgələrimizi əhatə edə biləcək güzəştli, sərfəli şərait yaradılmalıdır. Qarşıdan AFFA-nın hesabat-seçki konfransı gəlir. Cari məsələlərlə yanaşı, futbolda llərdir qalaq-qalaq yığılıb qalmış, öz həllini gözləyən problemlər ümumiləşdirilərək uzunmüddətli proqram şəklində müzakirəyə çıxarılmalıdır. İnfrastruktur, uşaq-gənclər futbolu və digər məsələlər toplum halda həll edilməlidir. Bunun üçün, öncə futbola yanaşma dəyişməli, ciddi kadr islahatlarına gedilməli, vəziyyətdən çıxış yolları göstərilməlidir. Futbol ictimaiyyəti ümumi futbol inkişafını düşünərək aktivlik, birlik nümayiş etdirsə, gələcəyə ümid yaranar, Qəbələ ilə birgə digər regionlar da köməksiz qalmaz. Konfrans, qəbul olunması vacib taleyüklü qərarlar, futbolun dirçəlməsi yolunda son şansdır!”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"