"Neftçi"yə yeni nəfəs verən və kölgədə qalan İKİ ŞƏXS

11 Mart 2021 16:40 Neftçi 1 369
"Neftçi"yə yeni nəfəs verən və kölgədə qalan İKİ ŞƏXS

Premyer Liqanın son turunda "Neftçi"nin əsas heyətində meydana çıxan 7 futbolçunu "Keşlə"nin idman direktoru Ceyhun Sultanov gətirib.

Ümumiyyətlə, Sultanovun "Neftçi"dəki fəaliyyətinə ən yaxşı qiyməti onun dövründə transfer edilən oyunçuların səviyyəsinə baxaraq vermək olar.

Təbii ki, onlardan futbolçuların bəziləri zəif çıxdı. Amma ümumi statistika aparılsa, kifayət qədər keyfiyyətli oyunçular gətirdiyini görərik.

Təəssüf ki, Ceyhun Sultanovu "Neftçi"dən elə hay-küylə yola saldılar, xəbəri olmayanlar klubu 10 ilə yaxındır biabırçı vəziyyətə salmış adamın məhz o olduğunu düşünə bilərdi.

Oyunun qəhrəmanı və çempionatın bombardiri Namiq Ələsgərov da bir zaman Elxan Məmmədov-Qurban Qurbanov prinsipinin qurbanına çevrilmişdi.

Yarımmüdafiəçi "Qarabağ"ın ehtiyat skamyasında məhv olurdu. Namiqin bəxti onda gətirdi ki, vaxtında "Neftçi"yə keçdi.

Yoxsa bəlkə də indi "Şirvanovka" - "Şahdağ" derbisində doğma Qusarın azarkeşlərini sevindirirdi və ya üzürdü.

Amma vaxtilə Namiqin "flaqman"dan da getməsi an məsələsi idi. Baş məşqçi Tərlan Əhmədovun bəyənmədiyi istedadlı futbolçu "Jilina"dan real təklif almışdı,

Ələsgərovu qane edən müqavilə və hətta Slovakiyaya aviabileti də hazır idi. O zaman "Neftçi"də indi "Keşlə"də baş menecer olan Eldəniz Yusifov böyük təkid və qətiyyət göstərərək, onu son anda "ağ-qaralar"ın düşərgəsində saxlaya bildi.

Ceyhun Sultanovun və Eldəniz Yusifovun ölkənin ən köklü klubunda gördüyü işin nəticəsi indi görünür və bunu danmaq haqsızlıq olar.

Taleyin gərdişinə bax ki, indi özlərinin kluba gətirdiyi və getməsinə imkan vermədiyi futbolçuların sayəsində "Neftçi" Ceyhun Sultanovla Eldəniz Yusifovun hazırki komandası "Keşlə"ni məğlub etdi.

Təki "Neftçi" yaşasın!

Anar Şabanoğlu

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!