"Soruşurlar ki, səni niyə Azərbaycan millisinə dəvət etmirlər?"

3 Yanvar 2020 12:02 Milli komanda 1 842
"Soruşurlar ki, səni niyə Azərbaycan millisinə dəvət etmirlər?"

Sportinfo.az Azərbaycan millisinin sabiq qapıçısı, hazırda Ukraynanın “Minay” klubunda çıxış edən Andrey Popoviçin müsahibəsini təqdim edir:

- Komandanız Ukrayna birinci liqasında dördüncü pillədədir. Görünən budur ki, “Minay” Premyer Liqaya yüksəlməyə iddialıdır. Necə düşünürsüz, bu işin öhdəsindən gələ biləcəksiz?
- Buna çalışırıq. Birinci dövrəni çox yaxşı oynadıq. Oyundan-oyuna da anladıq ki, çempionatda məğlubedilməz komanda yoxdur. Hazırda tətildəyik, təbii ki, çempionat bərpa olandan sonra Premyer Liqaya yüksəlmək uğrunda mübarizəmizi davam etdirəcəyik.

- Sonuncu dəfə yüksək liqa oyununu “Qəbələ”nin heyətində oynamısız. Ondan sonra yalnız aşağı liqalarda çıxış edirsiz. Sizcə, “Qəbələ”yə keçidiniz səhv addım idi?
- "Qəbələ"yə keçidimi səhv adlandırmazdım. Sadəcə orada məndə alınmadı, vəssalam. Kimisə günahlandırmağın adı da yoxdur. Əslində isə mən bunu yaxşı təcrübə kimi xatırlayıram.

- “Sumqayıt”da olduğunuz vaxtı sizə “Qəbələ”dən savayı başqa klubdan təklif gəlməmişdi?
- Təkliflərim var idi. Həmin vaxtı "Simurq" məni heyətində görmək istəyirdi. Əslində, mən də ora getmək niyyətindəydim. Çünki orada oynamaq şansımın daha çox olduğunu anlayırdım. Sadəcə onlar fəaliyyətini dayandırdı.

- Nəyə görə “Qəbələ”dəki karyeranız uğurlu alınmadı? Roman Qriqoruk şans vermədi, yoxsa başqa problemlər də var idi?
- Fərqli epizodlar var idi. Hardasa mən özüm günahkar idim, hardasa məni başa düşmədilər. Amma yenə deyirəm, bu, mənim üçün xeyirli təcrübə idi.

- Yəqin ki, 4 il əvvəl Gəncədə keçirilən “Kəpəz” – “Qəbələ”(3:0) oyunu yadınızdan çıxmayıb. Əgər zamanı geri çəkmək əlinizdə olsaydı, həmin oyunda səhv etməmək üçün nəyi dəyişərdiz?
- Həmin oyunda nə olmuşdu ki? Orada bütün komandanın səhvi var idi də. Amma hər şeyi mənim üstümə atıldı. Yaxşı, razıyam, bir qolda səhvi mən etdim, bəs sonra? Oyundakı məğlubiyyətim tək günahkarı mən hesab edildim.

- Gənc yaşlarında artıq adından söz etdirə bilmişdiz və hətta Azərbaycanın əsas millisində də dayanmağa başlamışdız. Sonradan nəyə görə karyeranızda eniş yaşandı?
- Heç özüm də bilmirəm. Əslində karyeram pis getmirdi, sadəcə görünən o oldu ki, "Qəbələ"dən sonra heç kimə lazım olmadım. Bu cür anlar olur. Əsas odur ki, həmin çətin anları geridə qoya biləsən.

- Bəziləri sizin alkoqol aludəçisi olduğunuzu deyirdi. Həqiqətən belə idi, yoxsa sizi sevməyən insanlar bu söz-söhbəti ortaya atmışdı?
- Nə işlə məşğul olacağını bilməyən adamlar bu cür danışırdı.

- Azərbaycan millisində iki rəsmi oyunda meydana çıxmışdız. Əvvəlki milli ilə indiki arasında hansı fərqləri görürsüz?
- Nə deyəcəyimi bilmirəm. Azərbaycan millisinə qayıtmağı çox istəyərdim. Fikrimcə, hazırda "Minay"dakı çıxışımla Azərbaycan millisinə qayıtmağa layiqəm. Yeri gəlmişkən, Emil Balayevə görə şadam.

- Bəs yenidən Azərbaycan Premyer Liqasına necə, qayıtmağı heç düşünürsüz?
- Konkret təklifim olmayıb. Sadəcə danışıqlar, söhbətlər var idi. Konkret təklif olarsa, danışmaq mümkündür.

- Ümumiyyətlə, Azərbaycan Premyer Liqasını izləyirsiz? Çempionat sizdə hansı təəssüratı yaradır?
- "Qarabağ"la çempionluq mübarizəsi aparan "Neftçi"nin rəqibindən 6 xal uzaqda olduğu çempionat necə güclü ola bilər? Halbuki hər ikisi çempionluq mübarizəsi verir.

- “Minay”ın əsas qapıçısı hesab edilirsiz. Azərbaycan pasportuna sahibsiz. Yenidən millidə oynamaq imkanınız olsaydı, bunu necə qarşılayardız?
- Əlbəttə ki, təklif olarsa mən gələcəm. Komandadakılar da soruşur ki, səni niyə Azərbaycan millisinə dəvət etmirlər? Mən də layiq olduğumu, amma daha çox işləməli və gözləməli olduğumu deyirəm (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti