İstanbuldan nəvələrə qalan şirin xatirə - FOTOLAR

22 May 2023 20:00 Maraqlı 432
İstanbuldan nəvələrə qalan şirin xatirə - FOTOLAR

Tarix 16 may, saat 00:25 - Səfər çantam tam hazır vəziyyətdə.

Yolçuluq İstanbula.

Əvvəlki səfərlərdən fərqli olaraq, bu dəfə klublarımızın oyunun izləməyə yox, özümüz oyun oynamağa gedirik. Rəqib "Qalatasaray"ın əfsanələrdən ibarət komandasıdır.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA), Azərbaycan Minifutbol Federasiyasının (AMF), “Azfar Group”un, Beynəlxalq Futvolley Federasiyasının dəstəyi ilə idman jurnalistlərindən ibarət millimizlə “Qalatasaray” əfsanələrinin İstanbulda, Florya Metin Oktay təsislərində türk dünyasının lideri Heydər Əliyevin 100 illiyi şərəfinə düzənlənən qardaşlıq görüşündə üz-üzə gələcəkdi.

Bir gün sonra baş tutacaq qarşılaşma həm də Türk dünyasın futboldakı ilk və son böyük kubokunun - UEFA Kubokunun qazanılmasının 23-cü il dönümünə təsadüf edirdi.

Belədə yatmaq olar? Səhər açılmasını səbrsizliklə gözləyib, sübh 05:30-da Hava Limanına yola düşürəm.

Matçda iştirak edəcək Azərbaycan jurnalistlər yığmasının üzvlərini və rəsmi şəxsləri qardaş ölkəyə aparacaq "hava gəmisi" təyin olunan vaxtdan 25 dəqiqə gec olmaqla 09:15-də havaya qalxır.

Təxminən 2,5 saatlıq yolçuluqdan sonra təyyarə İstanbul Yeni Hava Limanına eniş etdi.

Yaxınlıqda yerləşən otelə yerləşib, yan aldıq kos-qoca İstanbulu gəzməyə. Bu, "dəryadan bir damcı" qoparmaq gəzintisi də sayıla bilər.

Gecə saatlarına qədər "həmin damcıya" Sultan Ahmed məscidin, Ayasfoya məscidin ziyarət etməyi, Eminönüdə ad çıxaran Balıq əkməyindən dadmağı, Gəmi ilə mərmərə sularına "baş vurmağı" sığdıra bildik.

Növbəti gün səhər açılıb, tarixi matça saatlar qalır. Həyəcanla sevincin vəhdəti qəlbin döyüntü tarazlığını pozacaq qədər qarışıq hisslər yaradır.

12:00 foyedə bir araya gəlib, ayrılan avtobusla qarşılaşmanın keçiriləcəyi "Florya Mətin Oktay tesiləri"nə yol alırıq.

Girişdə UFEA kupasının fotosu, Türkiyə bayrağı, "cim-bom"u xarakterizə edən Aslan fotosu və A takımın avtobusu fonunda insan üzünə açılan möhtəşəm mənzərə hər kəsi şəkil çəkdirməyə vadar edir.

Az sonra İstanbul nəhənginin idarə heyətinin azərbaycanlı üzvü Emin İmanov tesislərdə görünür və hər kəslə səmimi görüşərək "xoş gəlmisiniz" - deyir.

Bir qədər sonra komandalar formaların geyinərək meydanda görünməyə başlayır.

Start fitindən əvvəl "Qalatasaray"ın başqanı Dursun Özbək çıxış etdi: "Bir müddət əvvəl biz Bakıya gəlmişdik. Bu gün isə siz İstanbuldasınız. Evinizə xoş gəldiniz. Bu durum bizi ancaq sevindirir. Belə tədbirlərimiz il ərzində davam edəcək. Heydər Əliyevin 100 illiyi ilə bağlı Türk dövlətlərinin klubları arasında turnir keçirməyi düşünürük. Bundan başqa yaxın zamanda yenidən Azərbaycana gələcəyik. Bu dəfə "Qarabağ"la Şuşada qardaşlıq matçı keçirəcəyik".

Davamında isə AİJA prezidenti Eldar İsmayılov, “Qalatasaray”ın idarə heyətinin üzvü Emin İmanov, baş məşqçisi Okan Buruk, AMF prezidenti Taleh Nəsibov, Türkiyə futbolu üzrə tanınmış analitik Elçin Cəfərov, AİJA-nın vitse-prezidenti Anar Şabanoğlu xatirə hədiyyələrini bölüşdülər.

Sonra “Qalatasaray” əfsanələri ilə Azərbaycan idman jurnalistlərindən ibarət milli komanda üz-üzə gəldi.

Komandalar meydana üzərinə Ulu Öndərin dillər əzbəri “Bir millət, iki dövlət” kəlamı həkk olunmuş bannerlə çıxıb.

Nəhayət, start fiti ilə həyəcanlı dəqiqələr qardaşlıq matçında start götürür. 3:3 hesabla bitən qardaşlıq matçının adı və nəticəsi sizi aldada bilər. Amma heyətində dövrünün usta futbolçularından cəm olan rəqib və Azərbaycan jurnalistlər yığması qələbə üçün meydanda hər şey etməyə hazır idi. Lakin 2 dəfə hesabda geri düşən qonaqlar sonda bərabərliklə matçdan ayrılmağı bacardı.

Beləcə həyatımıza yazılan "Qalatasaray"la bağlı ən yaxşı gün başa çatdı. Bu, müstəqillik tarixində bu səviyyədə oynanan ilk yoldaşlıq görüşü kimi tarixə düşdü. Bəlkə də son olacaq, bilmirəm. Amma əminəm ki, iştirakçısı olan hər kəs gələcəkdə nəvələrinə "Mən "Qalatasaray"a qarşı oynamışam" cümləsini fəxrlə deyə biləcək.

Otelə qayıdır, günün yorğunluğunu kofe içmək, Çempionlar Liqasının "Mançester Siti" - "Real Madrid" (4:0) matçına baxmaqla üzərimizdən atmağa çalışırıq.

Növbəti gün ilk olaraq Ümummilli lider Heydər Əliyevin Sarıyerdə yerləşən heykəlini ziyarət edirik.

Davamında bir tərəfi Avropaya, digər tərəfi Asiyaya açılan möhtəşəm mərmərə dənizinin sahilində səfərin son ziyafət məclisi üçün bir araya toplanırıq. Həmkarımız Ramiz Mirzəzadənin əhvalımızı daha da şən edən söhbətləri fonunda bərabər son fotonu çəkib İstanbulla vidalaşırıq.

Dostlar vətənə qayıdır, mən isə Bursaya yola düşərəm. İki gün sonra yenidən İstanbula qayıtmaq, "Qalatarasay" - "Sivasspor" matçını izləmək üçün.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!