Bir az da futbol söhbəti – “qovulma” serialı, sistem məsələsi

2 İyun 2021 14:40 Köşə 996
Bir az da futbol söhbəti – “qovulma” serialı, sistem məsələsi

Dünən və bu günə olan idman xəbərlərinin bir qismi aşağıdakı kimidir:

"Yuventus" Pirlonu istefaya göndərdi;

Zidan Poçettinonu əvəzləyə bilər;

İnzaqi "Latsio"dan istefa verdi;

Antonio Konte "İnter"dən göndərildi;

"Parma"da yeni baş məşqçi;

Konte "Real"la danışıqlar aparır;

Bundesliqa klubunda yeni baş məşqçi...

Srağagün və ta srağagün də bu cür xəbərlər vardı və çoxunun fel hissəsi belə bitirdi: “... göndərildi”, “qovuldu”, “yollarını ayırdı” və s.

Bu cür xəbərlər sabah və biri gün, eləcə də yay uzunu yayılmaqda davam edəcək – ta yeni sezon başlayana qədər. Yeni sezonda dünyadakı futbol komandalarının tam əksəriyyəti çempionluq yarışına yeni baş məşqçilərlə başlayacaq.

Baş məşqçisini “qovan”, “göndərən” və “yollarını ayıran” komandaların tam əksəriyyəti çempion ola bilməyənlərdir. Komanda çempion olmayıbsa, baş məşqçi getməlidir – qayda budur.

ÇL-yə və ya Avroliqaya düşməyən komandalar da öz baş məşqçilərinin göz yaşlarına baxmır, qapının dalına qoyur.

Bir də superliqadan, A qrupundan aşağı diviziona yuvarlanan komandaların baş məşqçilərini kütləvi şəkildə qovurlar. Bu, təhqiramiz feldir, adamın gözünün qabağına əlinə ağac almış 5-6 adamın yazıq məşqçinin qabağına qatıb söyə-söyə, döyə-döyə bazadan teyləməsi gəlir.

Beləliklə, hər il dünyada minlərlə futbol komandasının baş məşqçisi yenilənir. Yeni baş məşqçilər işə yeni entuziazmla başlayır, müsahibələr verirlər, hədəflərini açıqlayırlar, bir il (bəzən altı ay) sonra məhzun-məhzun istefaya gedir və ya göndərilirlər.

Hamısının çempion olacaq durumu yoxdur. 1-ci yer bir dənədir, superliqada isə 18-20 komanda oynayır. Demək, 17-19 baş məşqçinin qovulması realdır.

Bəzən olur ki, çempion olmayan, ya da ön yerləri tutmayan komandanın baş mışqçisini qovmurlar. Məsələn, Aleks Fergüsson 25 il “Manşester Yunayted”i, idman yazarlarınn sözü olmasın, çalışdırdı, amma heç də hər il çempion olmadı. Bununla belə, çempion olmayanda onu qovmurdular, hətta “ser” titulu vermişdilər. Axırda özü bezdi, getdi. O gedəndən bəri isə “MY” hələ nə ÇL-də, nə də ölkə çempionatında düz-əməlli çıxış eləmir, kubok və medal almır. Serin yeri bərk görünür. Onun yerində olanları isə az qala hər il qovurlar.

İspaniyada da Dieqo Simeone qaragünlüdür. Yazıq Dieqo İspaniyada çempion olur, ÇL-də final oynayır, Avroliqanı qazanır, amma yenə də karyerası tükdən asılıdır, ildə 2-3 dəfə “göndərilir” xəbəri çıxır. Bir dəfə özü də demişdi ki, işi çox stresslidir, bu gündən sabaha etibarı yoxdur, hər dəfə komandası uduzanda elə bilir, onu baş məşqçilikdən qovacaqlar. “Qarabağ”la iki dəfə heç-heçə edəndən sonra onun əskisi tüstülüdür. Adam o vaxt nə təhər psixoloji travma alıbsa, hələ də hər dəfə mətbuat konfransı verəndə “Qarabağ”dan danışır – Paşinyandan çox “Qarabağ-Qarabağ” deyir.

Bax, futbol dünyası budur – etibarsız, dəyişkən, kaprizli. Bu gün qələbə qazanırsan, tərfiləyib göyə qaldırırlar, sabah uduzursan, çırpırlar yerə. Bu dünyada istər Mourinyo ol, istər Kuman, Venger, Benites, Raykaard, fərqi yoxdur, bütün şöhrətlər müvəqqətidir, 2-3 illik ömrü var.

Bu xüsusda ən etibarlı, ən dözümlü ölkə Azərbaycandır. Biz futbol uğursuzluqlarına görə hələm-hələm baş məşqçilərin, xüsusilə də əcnəbi mütəxəssislərin xətrinə dəymərik. Berti Foqts əynindəki şortiki idman şalvarına dəyişib məşqçi olandan bəri ən çox pulu bizim ölkəmizdə qazandı, eyni zamanda heç bir uğur qazanmadı. Sadəcə, onun vaxtında milli komandamız rəqiblərinə minimal hesablarla (2:0) uduzurdu. Haqq üçün onu da qeyd etmək lazımdır ki, o vaxt Almaniya millisi sırf alman Foqtsa görə iki dəfə qapımızı qolla doldurmadı, istəsələr, 6-7 dənə vurardılar, amma həmvətənlərini qovmayaq deyə az vururdular.

İndi də italyan Canni de Byazi hər dəfə milli komandamızın məğlubiyyətindən sonra deyir ki, “futbolçularımın oyunundan razı qaldım”. İnsafən, pis oynamırlar, sadəcə, nəticə yoxdur. Bu da təxminən toyda gözəl oynayan, amma axırda döyülən rəqs həvəskarının düşdüyü durum kimidir. Proses normal gedir, ləzzət edir, nəticə pis olur.

Alberto Terrosun vaxtından belədir. Elə bilməyin məşhur braziliyalı futbol adamının soyadını səhv salmışam. Xeyr. O vaxtlar bizim futbol təsərrüfatına rəhbərlik edənlərdən biri həmişə Torresə “cənab Terros” deyirmiş.

Elə o vaxtdan biz yerli mütəxəssislərimizin baş məşqçiliyinə əsasən bir mövsüm dözürük, ikinci məğlubiyyətlərində başlayırıq ki, “göndərmək lazımdır”, amma əcnəbilər 5-6 il işləyir, ard-arda məğlub olurlar, hələ də ümid edirik ki, cənablar nəsə bir sistem qururlar.

Yox, ola bilər, ortada doğrudan da bir sistem var, amma güman ki, bu can üstündə olan xəstəyə qoşulan sistemdəndir.

Samir SARI

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!