Axundovun "Keşlə"ni xilas etmək yolu - ONU QOVSA...

3 Yanvar 2020 10:30 Şamaxı 1 471
Axundovun "Keşlə"ni xilas etmək yolu - ONU QOVSA...

Ötən mövsüm I Diviziona yuvarlanmalı olan "Keşlə"nin yüksələ biləcək bir komandanın olmaması səbəbilə Premyer Liqada qalması düşərli olub.

Əslində, elə keçən sezon hiss olunurdu ki, "Keşlə" dəyişir. Bunun da nəticəsi görünür və artıq medalllar uğrunda rəqabət aparılır. Hərçənd dəyişmək üçün yeniliklərə ehtiyac var. İlk əvvəl transferlərə.

Çatışmayan sabitliyin başlanğıcı buradadır. Tərlan Əhmədovun mövcud potensialdan tam istifadə etmədiyi aydındır. "Keşlə" bir neçə mövqedə, xüsusən orta sahədə yeni təpərli futbolçularla güclənməlidir.

Ümumən hazırda ikinci pillədə növbə ilə bir-birini əvəz edən "Neftçi" və "Keşlə"nin hazırkı durumunun əsas səbəbkarları heç də özləri deyil. Buna daha çox digər rəqiblər qeyri-sabitliyi ilə yol açıb.

Tərlan Əhmədov üçün bu dönəm çətin və gərgin keçir. Hədsiz narahatdır. AFFA onun iki adamını – Mehman Babayevlə Asif Səfərovu futboldan "silib". Onların danışılmış oyunlarda iştirakına dair sübutlar olmasaydı, yəqin ki, federasiya bu cür sərt qərar verməzdi.

Güman ki, qurum məlum açıqlamanı yaymazdan əvvəl məsələnin mahiyyəti barədə hüquq-mühafizə orqanları ilə məsləhətləşib və bəzi dəqiqləşdirmələr aparıb. Hadisənin özü Tərlan Əhmədov üçün bir siqnaldır.

Zaur Axundov müəyyən dairələrə çıxış imkanlarından yararlanmasa, şübhə yoxdur ki, sıra Əhmədova çatacaq. Mümkün deyil ki, ən yaxın kadrları çirkin işlərə əlini bulaşdırsın, onun isə heç nədən xəbəri olmasın.

Bugünlərdə iynə üstündə oturmuş biri kimi özünü ora-bura vuran Əhmədovun "Keşlə" barədə düşünməyə vaxtı nə gəzir… O, yaxasını qurtarmağa, sudan yenə quru çıxmağa hazırlaşır.

Başa düşüb ki, maskası yırtılıb və danışılmış oyunların təhqiqatı bir qədər də geniş aparılsa, gec-tez istintaqa çağırılacaq.

Ondan sonra sorğu-suala cavab vermək var və ehtimal etmək olar ki, bunadək polisə çağırılanlardan hansısa biri izahatın müəyyən hissəsində Əhmədovun da adını bir şəkildə qeyd edib.

Zaur Axundov "Keşlə"nin avrokuboklara getməsini həqiqətən istəyirsə, yola Tərlan Əhmədovla davam etməməlidir. Müşahidə Şurasının sədrinin kluba ən böyük xeyri bu olsa gərək.

Baş məşqçini istefaya göndərməklə "Keşlə"nin ən ciddi transferini həyata keçirmiş olar. Belə etsə, özünü də, klubunu da qurtarar və rəğbət qazanar.

Zatən, o buna kimi Tərlan Əhmədovu bəs qədər müdafiə edib, dəstəkləyib. Heç bir baş məşqçiyə vermədiyi dəstəyi ondan əsirgəməyib. İndi cəhənnəmə gedənə niyə yoldaşlıq etməlidir ki? Bu ki onun borcu deyil.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!