"Bu sualı Elxan Məmmədova vermək lazımdır" - MÜSAHİBƏ

24 Noyabr 2019 17:45 Şamaxı 1 150
"Bu sualı Elxan Məmmədova vermək lazımdır" - MÜSAHİBƏ

“Keşlə”nin hücumçusu Vüsal İsgəndərli Azərbaycan Premyer Liqasının 12-ci turunda “Zirə”yə qarşı keçirilən oyundan sonra Sportinfo.az-a müsahibə verib:

- “Keşlə”nin asanlıqla məğlub olmasının səbəbini nədə görürsən?
- Hazırda Premyer Liqada hər bir komanda digərindən xal ala biləcək gücdədidir. “Zirə” “Qarabağ”dan səfərdə xal almışdı. Oyunun bizim üçün ağır olacağını bilirdik. Nəyə görə belə alındığını isə bilmirəm. Ayrı-ayrılıqda yox, bütün komanda şəklində oyuna hazır deyildik. Sadəcə ayılmaq lazımdır. Qarşıdakı turda oynayacağımız “Sumqayıt” matçına hazırlaşacağıq və daha yaxşı “Keşlə” görəcəyik.

- Bəlkə “Neftçi” üzərindəki qələbədən sonra eyforiyaya qapılmışdınız?
- Xeyr, belə deməzdim. Kollektivdə olanların hamısı peşəkardır. Bir qələbə ilə çempionat başa çatmır ki, hələ oyunlar qabaqdadır. Sonuncu dəfə “Səbail”ə uduzmuşduq, uzun müddətdir ki, uduzmurduq. “Neftçi” ilə oyundan sonra hamı bizi tərifləyirdi, hamı bizdən danışırdı. Futboldur da, uduzmaqda olur. Gələcək oyunlara daha ciddi hazırlaşmağımız üçün bu məğlubiyyət bizə dərs olacaq.

- Fasilədə Zaur Axundov paltardəyişmə otağına düşmüşdü. Nə dedi sizə?
- Əsəbi deyildi. Özümüzə inanmalı olduğumuzu, bundan əvvəlki turlardakı “Keşlə”ni görmək istədiyini söylədi. Zaur Axundovu mətbuatda çox şişirdirlər. O mənada ki, guya bizi təhqir edir, söyüş söyür. Elə şeylər olmur. “Keşlə”yə gələndən Zaur Axundovda iki xüsusiyyəti görmüşəm. Paltardəyişmə otağına daxil olub mükafatı deyir, uduzanda da girir prezident kimi öz iradını bildirir və ürək-dirək verir.

- Sezar Meza Kolli qırmızı vərəqə aldı. Heyətin kasad olduğunu da nəzərə alsaq, “Sumqayıt”la görüşün sizin üçün çətin keçəcəyini düşünmək olar?
- Ehtiyat skamyada oturanlar – Emin Mehtiyev, Əfran İsmayılov, Tərlan Quliyev, Azər Salahlı güclü futbolçulardır. Hər komandada ehtiyatda xarici oyunçular var. Sonradan meydana daxil olub, oyunu daha da sürətləndirə biləcək futbolçular yer alır. Bizdə isə bu azdır, xarici yoxdur. Rəqabət daha yüksək olanda daha yaxşı olur.

- Milli komandada ilk dəfə oynadın. Təəssüratın necədir?
- Məni hamı çox yaxşı qarşıladı. Nikola Yurçeviç mənə dedi ki, bura öz əziyyətinlə gəlmisən və bu cür də oynamağa davam et. Uelsdən də, Slovakiyadan da xal almaq olardı. Qarşıdakı oyunlara da dəvət olunmaq istəyərəm. Milli başqa bir hissdir.

- Nikola Yurçeviçin göndərilməsi gündəmdədir. Səncə, milliyə yerli, yoxsa xarici məşqçi gətirilməlidir?
- Bu, mənim cavab verə biləcəyim məsələ deyil. Məncə, bunu Elxan Məmmədova sual versəniz? daha yaxşıdır. Mənim işim futbol oynamaqdır.

Elnur Salahov

Digər Xəbərlər
Xəbər Lenti