Cavid Hüseynov ucuz ətin şorbasını hazırlaya bilir?

21 Avqust 2022 09:40 Şamaxı 1 723
Cavid Hüseynov ucuz ətin şorbasını hazırlaya bilir?

Əyalət komandası olmağın bir özəlliyi, üstünlüyu var - doğma divarlar və həmin bu doğma divarların istisinə qızınan sadə azarkeş kütləsi.

Bakı klublarında bu, yoxdur, ona görə də paytaxtdan kənara çıxan kimi hər risqi gözlərinin altına alırlar, onunla barışırlar.

“Şamaxı” bazar qiyməti olmayan komandadır. Futbolçularının satış dəyərini hesablasaq, heç 200-300 min manat eləməz.

Cavid Hüseynov “ucuz ətin şorbasını hazırla” tapşırığı ilə işə başlayıb. Nəsə alınacaq, nəsə alınmayacaq.

Tutanda tutacaq, tutmayanda tutmayacaq. Baxır günə, rəqibə, əhval-ruhiyyəyə, naxışın gətirib-gətirməməsinə.

Cavid Hüseynov vaxtilə fiziki gücünün hesabına futbol oynayıb. Əzmkar və istəkli olub. “Şamaxı”ya da bunu aşılaya bilir.

Hələ tam yox, müəyyən qədər.

Axı bu gənc oğlanın ixtiyarında Premyer Liqa parametrlərinə uyğun gələn futbolçuların sayı azdır. Üç-dörd nəfər olar, ya olmaz.

Bu komanda yalnız evdə keçirdiyi qarşılaşmalarda təhlükə saçacaq. O da oyunun ta əvvəlində 1-2 qol buraxmasa.

Qazanacaqları hər xal sürpriz, qazanacaqları hər qələbə sensasiya olacaq.

“Səbail”dən aldıqları ilk xal “Şamaxı”nı ümidləndirə bilər, ancaq yenə deyirəm, səviyyə fərqi hər qıfılı açır və Cavid Hüseynov büdcənin artırılmasına nail olmasa, minimum 4-5 ortabab legioner aldırmasa, işi Allaha qalacaq.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"