Tanrının qəzəbinə tuş gələndə…

22 Aprel 2022 17:40 Şamaxı 605
Tanrının qəzəbinə tuş gələndə…

”Şamaxı” (“Keşlə”) Premyer Liqanın son turunda ”Qarabağ”a 0:8 hesabıyla məğlub olaraq, tarixinin ən biabırçı məğlubiyyətinə uğradı.

Bu yenilgi ilə həm özündən əvvəl olan sələflərinin, həm də yeni təmsilçisi olan “Şamaxı” adına unudulmaz tarixi zərbə vurdu.

İndi klub rəhbərliyi oturub bu biabırçılığın səbəbini və ondan necə çıxmağın yollarını axtarır.

Bir çox mütəxəssisin məsələyə öz peşəkar münasibətini bildirdiyini nəzərə alaraq, mən də problemin yaranması və aradan qaldırılması səbəblərinə fərqli prizmadan yanaşmağı qərara aldım.

Təbii ki, ilk araşdırılası məsələ klubun yaratdığı şəraitdən baş məşqçinin necə bəhrələnməsindən gedir (gözlənildiyi kimi, Sənan Qurbanov əsas günahkar rolunda istefasını verdi və beləliklə, növbəti gələcək uğursuzluğun təməli qoyuldu).

Son oyunlara fikir verdikdə, ən azından komandanın layiqli mübarizə aparması və yekunda öz potensialına uyğun nəticə qazanmasının şahidi olurduq.

Nə oldu ki, məhz bu günlər klubun başına bu rüsvayçılıq gəldi?

Oyunların statistikasına baxanda, yaranmış qol vəziyyət(lər)i və on(lar)dan istifadə ən yaxşı vəziyyətdə 20-30 % təşkil edərdisə, bu oyunda az qala bu göstərici 100 % -ə yaxınlaşdı. Bu, bir təsadüf idimi, yoxsa cəzalanmamı?

Saytımız mövsümün əvvəlində “Keşlə” FK-nın akademiyasında çalışan məşqçilərin maaşlarının 45% azaldılması haqqında məlumat vermişdi.

Gənc futbolçulların yetişməsi üçün gecəsini gündüzünə qatan, sayları belə məhdud olan mütəxəssislərə qarşı klub tərəfindən edilən haqsızlıqlar barəsində kifayət qədər materiallar dərc etmişik.

Nəticədə AFFA-nın tövsiyəsi ilə rəhbərlik azaldılmış maaşlara 10 % əlavə etməklə, vəziyyətdən müvəqqəti çıxdı. Bunun davamının gətirilməsinə söz versə də, sonda yeni vədinə də əməl etmədi.

Bu azmış kimi, son aylar, onsuz da, Premyer Liqada ən aşağı olan maaşların verilməsi yubadılmağa başladıldı.

Məhz bu səbəbdən Novruz bayramını minumum səviyyədə belə keçirə bilməyən kollektiv indi də Ramazan ayının şərtləri qarşısında aciz qalıb.

Klub rəhbərliyinin laqeydliyi, məsuliyyətsizliyi səbəbindən, hər biri bir ailə başçısı olan bu mütəxəssislərin düşdükləri durumu təsəvvür etmək elə də çətin deyil.

İdarəçilər AFFA ilə işbirliyi quraraq (belə olmasa idi, federasiya promləmin həlli üçün sərt mövqeyini ortaya qoyardı), dövlət tərəfindən ayrılan vəsaitdən başqa, hətta UEFA-nın uşaq futboluna ayırdığı məbləği digər istiqamətdə xərcləməklə, həm uşaqların, həm də onları yetişdirən məşqçilərin haqlarını pozub.

İndi siz deyin, mövcud şərtlər daxilində bu əməlin sahiblərinin başına gələn 0:8 hesablı rüsvayçı məğlubiyyətin müqəddəs günlərə təsadüf etməsi döğurdanmı, bir təsadüfdür, yoxsa ulu Tanrının hesabatımı öz işini görür?

Çox istərdik ki, futbolun inkişafına cavabdeh olan şəxslər bu istiqamətdə ədalət tərəzisinin gözünü pozmasınlar.

Haqq yolunda olsunlar, kimlərinsə pulunu hiss etmədən xərcləyiblərsə, ilk fürsətdəcə onun əvəzini verməyə çalışsınlar.

Ulu Tanrının tez, ya gec belə əməllərin hesabatının olacağını yaddan çıxarmasınlar.

ELŞƏN

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!