“Keşlə”nin İLK ƏCNƏBİ TRANSFERİ bu gün Bakıya gəlir

11 Yanvar 2022 19:20 Şamaxı 1 583
“Keşlə”nin İLK ƏCNƏBİ TRANSFERİ bu gün Bakıya gəlir

Çempionatın ilk yarısında 14 oyundan sonra aktivinə 14 xal yazan “Keşlə” fevraldan maya qədər uğurlu olmaq istəyir.

Bunun üçün komandada ciddi seleksiya işləri aparılır.

Qış fasiləsində 6 futbolçunun yola salındığını deyə bilərik. Müqaviləsinin müddəti başa çatan Anatoli Abanq və Nicat Qurbanovla yeni anlaşma əldə olunmadı.

Con Kamara və Omar Qudyabi ilə yollar qarşılıqlı razılıq əsasında ayrıldı.

Azər Salahlı sürpriz şəkildə “Neftçi”də peyda oldu, çox keçmədən Miyuşko Boyoviçin də Sənan Qurbanovun planlarına daxil olmadığı aşkara çıxdı.

Bu qədər ayrılığın fonunda “qırmızılar” yalnız Fəhmin Muradbəyli ilə güclənib. 25 yaşlı futbolçu icarə əsasında mövsümün sonuna qədər “Keşlə”nin formasını geyinəcək.

Klubun ilk əcnəbi transferi isə bu gün Bakıda olmalıdır.

Söhbət azərbaycanlı futbolçulara yaxşı tanış olan Franko Floresdən gedir. 28 yaşlı argentinalı müdafiəçi “Keşlə”ylə razılaşıb ki, Bakıya çatan kimi müqaviləyə qol çəkib, məşqlərə qoşulacaq.

Franko Flores 2019/20 mövsümündə “Keşlə”də çıxış edib. O, köhnə-təzə komandasının formasında meydana çıxdığı 18 oyunda 1 qolla yadda qalıb.

Müdafiəçi son mövsümü vətənində keçirməklə ötən ilin avqustundan noyabrına qədər “Real Espanya”da 13 matçda şans qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"