"Müharibədən ruhum sağ gəlib, özüm qayıtmamışam" - MÜSAHİBƏ

25 Aprel 2021 19:40 Güləş 1 429
"Müharibədən ruhum sağ gəlib, özüm qayıtmamışam" - MÜSAHİBƏ

Sportinfo.az Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında bürünc medal qazanmış Azərbaycan sərbəst güləşçisi, Vətən müharibəsi iştirakçısı Əfqan Xaşalovun (57 kq)müsahibəsini təqdim edir:

- İlk olaraq yarışla bağlı fikirlərinizi bilmək istərdik. Yeniyetmələr və gənclər arasında nəticələrinizin olduğunu bilirik. Böyüklər arasında isə ilk böyük uğurunuzdur. Hansı hissləri keçirirsiniz?

- Böyüklərin yarışında yaxşı nəticələr qazanmaq hər idmançının arzusudur. Mənim isə hazırda 23 yaşım var. Müharibədən qayıdandan sonra məşqlər mənim üçün çox çətin keçirdi. Çünki bir il idi yarışlarda güləşmirdim. Həm də müharibədə olduğum üçün məşq də edə bilmirdim. 4 ay müharibədə oldum və idmanla bağlı heç nə edə bilmədim. Avropa çempionatına isə az müddət qalmışdı. Məşqçilərimin sayəsində, başqa Hacı Əliyev, Rəşad Yusifli olmaqla məşq yoldaşlarımın köməkliyi ilə nə isə etdim. Onların yanımda olmalarına, qardaşlığına ehtiyacım var idi və mənə dayaq oldular. Avropa çempionatından əvvəl Ukraynanın paytaxtı Kiyevdə məğlub olmuşdum. Amma orada uduzduğum belaruslu rəqibimə qitə çempionatında qalib gəldim. Məşqdən çox şey asılıdır, olimpiadayadək də vaxtımız var. 57 kq çəki dərəcəsində hələ lisenziyamız yoxdur. İnanıram ki, bunu əldə edəcəyik. Mən də Tokioda güləşib, qızıl medal qazanmaq istəyirəm.

- 57 kq-da sizin kimi Qazax güləş məktəbinin digər yetirməsi Mahir Əmiraslanov da mübarizə aparır. Məşq etmək baxımından çətinliyə məruz qaldığınızı dediniz. Bu baxımdan, sınaqçı rəqib kimi sizə uyğun deyildi?
- Nəinki 57 kq-da, ümumiyyətlə, zəif rəqib yoxdur. Heç kimi zəif görmək olmaz. Biz Azərbaycan üçün olimpiadanı fikirləşməliyik. Mahir də yaxşı güləşçidir. Amma biz də işləyirik.

- Bu çəkidə Gürcüstan əsilli Georgi Edişeraşvili də var...
- Bəli. Dünya Təsnifat Turnirinə o yollanacaq və ümid edirəm ki, lisenziyanı qazanacaq. Daha sonra kim güclüdürsə, o da Tokio olimpiadasına yollacaq. Biz də ona hazırlaşırıq ki, hamıdan güclü olaq və olimpiadada iştirak edək.

- Sizcə, lisenziyanı o qazansa, olimpiadaya da özü getməyəcək?
- Yəqin ki, yarışlar olacaq və ümid edirəm ki, fikirləşərlər. Cavan kadram. Demək istəyirəm ki, mən də varam.

- Aşağı çəkidə mübarizə aparırsınız. Niyə lisenziya turnirinə siz və ya Mahir Əmiraslanov yox, legioner gedir?
- Əlbəttə, öz idmançımız olsa, lap yaxşı olar. Amma əsas odur ki, bizim bayraq dalğalanır və bizim addır. Amma mən yarışdan yeni çıxdığıma görə lisenziya turnirinə gedə bilmirəm. Bir az fasilə olsaydı, özüm yollanardım. Lisenziya almaq o demək deyil ki, həmin idmançı Tokioda güləşəcək. Hələ heç nə bilinmir. Amma mən elə düşünürəm ki, kim əziyyət çəkirsə, bəhrəsini olimpiadada görəcək.

- Olimpiya növləri üzrə milli komandanın yeganə üzvüsünüz ki, müharibə iştirak etmisiniz. Sizə belə güzəşt yarandımı ki, yığmada olduğunuz üçün Vətən müharibəsinə qatılmayasınız?
- Bəli. Azərbaycan Güləş Federasiyası demişdi və həll etmişdilər. Sadəcə, özüm istəmədim. Dedim ki, müharibə bitənədək burada olacağam. Sağ olsunlar, tez-tez əlaqə saxlayırdılar. Müharibə bitəndən sonra hər şeylə təmin etdilər. Yavaş-yavaş idmana qayıtdıq. Əlbəttə, uzun müddət idmandan kənarda qaldım. Amma artıq özümə gəlirəm.

- Bir qədər də döyüş yolunuzdan danışardınız. Sizi nə vaxt və hansı Hərbi Komissarlıqdan çağırdılar?
- Sentyabrın 21-də Bakıya təlim-məşq toplanışına gedirdim və şəhərə təzə çatmışdım. Mənə Qazax Hərbi Komissarlığından zəng etdilər. Federasiya deyə də bilərdi ki, getmə. Amma mən sevinə-sevinə getdim. Bir ay təlimdə oldum. Müharibə başlayanda Füzuli və Şuşa uğrunda döyüşlərdə iştirak etdim. Alınandan sonra isə Kəlbəcərdə oldum. Bunlar çox gözəl hisslərdir. Həmişə alnıaçıq addım atıram. Mənim kimi qardaşlar var idi ki, müharibədə iştirak etmək istəyirdilər, amma aparmadılar, döyüşə gəlmək istəyirdilər, amma gətirmədilər. Kifayət qədər döyüşçü var idi. Bunun özü də tarixdir. Sevinirəm ki, Vətən müharibəsində iştirak etmişəm.

- Həqiqi hərbi xidmətinizi harada çəkmişdiniz?
- Bir ay Goranboydakı Ballıqayada olmuşam. Sonra isə Bakıda MOİK-də xidmət etmişəm və məşqlərimi davam etdirmişəm. Hərbçilərin dünya çempionatında da güləşərək, bürünc medal qazanmışam.

- İlk olaraq təlim üçün hansı rayona aparıldınız?
- Birinci Gəncə şəhərinə getdik. Daha sonra Şəmkirin Seyfəli kəndində oldum. Ardınca Ağstafa və Daşkəsən rayonuna getdik. Dağın o biri tərəfində döyüş gedirdi. Biz bu tərəfdə təlimdə idik. Təlimdən sonra bizi yenidən Ağstafaya apardılar və əmr verildi ki, Füzulinin Alxanlı kəndinə gedək.

- Həmin vaxt təxminən ayın neçəsi idi?
- Dəqiq yadımda deyil. Təlimə çağırılmağımdan təxminən 1 ay sonra idi.

- Sonra hansı döyüşlərə girdiniz?
- Şuşa şəhərinə qədər getdik. İki gün "Şuşa" yazısının altında qaldım. Müharibə vaxtı Daşaltıda da oldum. Amma ora Şuşa alınandan sonra getdim. Şuşada döyüş gedə-gedə mən şəhərin özündə olmuşam.

- Hansı qoşunlarda idiniz?
- N saylı hərbi hissənin Qazax batalyonunda idim. Amma bizim tabor "052"nin tərkibində idi. Xüsusi təyinatlılar bizdən irəlidə gedirdilər. Onlar ala-ala irəliləyir, biz isə arxaları ilə gəlirdik. Onlardan bir addım arxada idik. Əlbəttə, xüsusi təyinatlıların haqqı ödənməz. Hamı bilir ki, onlar başqa cür olublar. Amma bir addım arxada biz olmuşuq.

- Döyüşdə ölümlə üz-üzə qaldığınız anlar olub?
- Əlbəttə, çox olub. Allah şəhidlərimizə rəhmət etsin. Mən müharibədən qayıdanda da demişdim ki, ilk yarışımı, medalımı şəhidlərimizə həsr edəcəyəm. Gözümün qabağında, yanımda qucaqlaşıb-halallaşdığım uşaqlar, qardaşlarım şəhid oldu. Düzdür, mən sağ qayıtmışam. Amma ruhum sağ gəlib, özüm yox. Həmişə onları, qardaşlarımı fikirləşirəm. Onlar ailəsinin yanına gəlməyiblər. Allah şəhidlərimizin yerini cənnətlik etsin və ailələrinə səbr versin.

- Müharibədən sonra da medallarla təltif edilmisiniz. Hansı sizin üçün dəyərlidir: Avropa çempionatındakı ilk medalınız, yoxsa müharibədə qazandığınız?
- Əlbəttə, müharibədə qazandıqlarım. Mən medallarla yox, döyüşlərdə iştirak etməyimlə, ayağımı işğaldan azad etdiyimiz torpaqlara basdığım üçün fəxr edirəm. Hələ medallar heç bir döyüşçüyə verilməyib. Amma Füzuli və Şuşanın azad edilməsinə görə, həmçinin Vətən uğrunda medalları ilə təltif olunmuşam.

- Milli komandanın heyətində son vaxtlar qızıl medal çatışmazlığı var. Bunun səbəbini nədə görürsünüz?
- Çatışmazlıq deməyək. Pandemiyanın təsiri olub. Uzun müddət yarışlarda çıxış etmədik. Həm də indi cavan kadrlar gəlib. Onlara da bir az vaxt lazımdır. Cəbrayıl Həsənov, Ağahüseyn Mustafayev məşqçi kimi fəaliyyətə başladı. Heyətdə yaxşı idmançılarımız var. Hacı Əliyevdən qızıl medallar gözləyirik. Sadəcə, cavan kadrlara vaxt lazımdır.

- Qızıl medal ümidi Hacı Əliyev idi, o da son yarışında finalda uduzdu. Ondan əvvəlki yarışda da finalda məğlub olub...
- Hacı Əliyev gözündən əməliyyat olunmuşdu deyə, məşqsiz qalmışdı. Əliyev həmin erməni idmançını Avropa çempionatında məğlub etmişdi. Sadəcə, məşqsiz idi. Hacıya da lisenziya lazım idi. İnanıram ki, olimpiadada həmin idmançını məğlub edəcək.

- Sizin üçün əsas məsələ medal yox, lisenziya götürməkdir? Zəmanət verirsinizmi ki, olimpiadada qızıl medal olacaq?
- Buna ümid edirəm. Hər şey Allahın əlindədir. İstəsə hər şey, istəməsə heç nə olmaz. Amma bütün ümidlərimiz olimpiadada Hacı Əliyev və Şərif Şərifovadır. İnanıram ki, qızıl olacaq.

- Bəs siz qızıl medal istəmirsiniz?
- Niyə istəmirəm? İnsan idmanda olimpiya medalına görə əziyyət çəkir. Lisenziya olsa, məşqlərimi daha da gücləndirməliyəm. 5 yox, 10 qat güc qoymalıyam ki, Tokioda qızıl medal əldə edim (report).

Digər Xəbərlər
Xəbər Lenti