COP29

“Qarabağ” sədaları Fransada

17 Fevral 2022 22:10 Qarabağ 1 281
“Qarabağ” sədaları Fransada

Bu gün dünya futbolsevərlərinin diqqəti Fransaya yönələcək. UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında Ağdamın “Qarabağ” klubu səfərdə “Marsel”in qonağı olacaq.

Tribunalarda anşlaq olacaq, ekran qarşısında milyonların qəlbi “Qarabağ”la döyünəcək.

Matç öncəsi Marsel şəhərində təhlükəsizlik tədbirləri gücləndiriləcək. Ola biləcək hər hansı insidentlərin qarşısını almaq üçün Azərbaycan təmsilçisinin azarkeşləri üçün fəaliyyət göstərəcək xüsusi bilet satışı məntəqəsi ciddi mühafizə olunacaq. Matçın keçiriləcəyi “Velodrom” stadionunda yerli və qonaq komandanın fanatları arasında boş tribunalar saxlanılacaq ki, bu da “bufer zona” yaratmaq məqsədi daşıyır. Stadionun üzərində dron uçuşuna və fanatların priotexniki vasitələrdən istifadəsinə icazə verilməyəcək.

Təhlükəsizlik idarəsinin və bir neçə polis bölməsinin əməkdaşları stadionun ətrafında, daxilində, ictimai nəqliyyatda və şəhərin mərkəzində yerləşdiriləcək. Bu addım hər hansı qanunsuz kütləvi toplaşmaların qarşısını almaq və problem yaranarsa, dərhal müdaxilə etmək məqsədilə atılıb. Pilotsuz uçuş aparatları ilə ümumi vəziyyətə nəzarət olunacaq.

İndi isə keçək qarşılaşmada “Qarabağ”ı nələr gözləyə bilər məqamının təhlilinə. Ağdam təmsilçisini çox çətin səfər matçı gözləyir. Çox güman ki, 4-5-1 oyun formatı ilə meydançaya çıxacağı gözlənilən Ağdam klubu müdafiənin arxasına atılan toplarda və standart vəziyyətlərdə çox diqqətli olmalıdır. Xüsusilə Fransa təmsilçisində cinahlarda oynayan futbolçuların çox sürətli keçidləri fonunda komandamız müdafiə xəttində daha diqqətli olmalıdır. “Qarabağ”da sağ və sol cinah müdafiəçilər rəqibin hücumları zamanı mərkəzə doğru çəkilərək boş zona buraxmamalıdır.

Fransa çempionatında 2-ci pillədə qərarlaşan və futbolçularının ümumi dəyəri 250 milyon avrodan çox olan “Marsel” doğma meydan amilini də nəzərə alaraq ilk yarım saat ərzində oyunu meydançanın “Qarabağ”a aid hissəsində keçirərək daha erkən qol vurmağa çalışacaq ki, qarşılaşmaya nəzarəti tam ələ almaq imkanı yaransın. Bunun qarşısını almaq üçün isə mütləq həm toplu, həm də topsuz oyunda hazırlıqlı, ötürmələrdə daha sürətli olmaq lazımdır.

Belə qənaətə gəlmək olar ki, ilk dəqiqələrdə Ağdam təmsilçisi topu meydan sahiblərinə verərək daha çox qaçmağa çalışacaq. Daha yüksək fiziki hazırlığın tələb olunduğu oyun planı fonunda komandamız rəqibə boş zona yaratmamağa çalışmalıdır. Bu oyun planı işə düşərsə, komandamız rəqibə qarşı üstünlük əldə edə bilər. Abdulla Zubirin tez-tez cinahları dəyişməsi İbrahima Vadjinin topsuz oyunlarda rəqib müdafiəçiləri üzərinə çəkməsi “Marsel”in arxa xəttində balansın pozulmasına səbəb yaradar.

Müdafiənin mərkəzində daha sayıq görünən Fransa klubu cinahlarda heç də uğurlu deyil. Çünki matçın müəyyən hissələrində bəzən sağ və ya sol cinah müdafiəçiləri hücuma qoşularkən itirilən toplardan sonra geriyə qayıtmaqda ciddi problem yaşayırlar. Belə ki, hücumda çoxalarkən, müdafiə olunmaqda say baxımından geri qalan “Marsel”i komandamız səbirli, həyəcana yol vermədən oynayaraq istədiyi nəticəni qazana bilər.

Necə deyərlər, inanmaq uğurun yarısıdır. Səfərdə alınacaq sərfəli nəticə bir həftə sonra Bakıda növbəti tarixi nəticəyə imza atmaq üçün çox gözəl imkan yaradar. Niyə də yox?!

Vurduğun qol olsun, “Qarabağ”! (“Azərbaycan”)

Elçin CƏFƏROV

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!