"Azərbaycan futbolunda Rəşaddan da mühüm müzakirə olunmalı məsələlər var"

23 Dekabr 2019 17:03 Azərbaycan Futbolu 1 883
"Azərbaycan futbolunda Rəşaddan da mühüm müzakirə olunmalı məsələlər var"

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Sportinfo.az saytına geniş müsahibə verib. 37 yaşlı təcrübəli futbolçu başa çatmaqda olan ili dəyərləndirib, azarkeşləri, jurnalistləri, futbol ictimaiyyətini maraqlandıran bir çox suallara cavab verib, buraxdığı səhvlərə görə sərt tənqid olunması, ümumiyyətlə, "Qarabağ" camiəsinin tənqidi necə qəbul etməsi, karyerasını nə vaxt bitirəcəyi və.s. məsələlər barədə danışıb. Müsahibənin davamını təqdim edirik (müsahibənin ilk hissəsi ilə bu linkdə tanış ola bilərsiz - (https://www.sportinfo.az/idman_xeberleri/azerbaycan_futbolu/74179.html)

- Adətən, "Qarabağ"ı bir futbolçu tərk edəndə xeyli səs-küyə səbəb olur. Amma bu dəfə Simeon Slavçevin gedişi sakit-səssiz oldu. Sanki komandada belə adda futbolçu olmayıb. Nəyə görə Dino Ndlovu gedəndə ajiotaja səbəb olmuşdu, Slavçevlə yollar ayrılanda yox?

- Məncə, normal bir haldır. Futbolçunun gedişinin böyük səs-küyə səbəb olması, yaxud sakitcə qarşılanması təbiidir. "Qarabağ" Ndlovunu satmışdı, özü getmədi. Slavçevlə müqavil hələ var idi, klubla anlaşması 4-5 ay sonra başa çatacaqdı. Sadəcə, qarşılıqlı şəkildə razılaşdırıldı ki, hər iki tərəf üçün belə daha yaxşı olar. Slavçev Bolqarıstan millisinin üzvüdür, daim əsas heyətdə oynamaq istəyir. Deyərdim ki, Slavçev "Qarabağ"da az oyun keçirmədi, komandanın qrupa düşdüyü son iki mövsümdə yaxından, fəal iştirak elədi, pay sahibi oldu. Potensialı daha yüksəkdir, ancaq bir qədər şanssız olduğunu düşünürəm. Misal üçün, qaçırdığı çoxsaylı qol epizodlarının heç olmasa, 30-40 faizindən yararlana bilsəydi, bəlkə də onun haqqında bu gün fərqli danışırdıq. İstənilən halda ona təşəkkürümüzü bildirdik, çox xarakterli, çalışqan futbolçu, sadə, səmimi insandır.

- "Qarabağ"ın digər transferləri barədə fikrin necədir? Xüsusən heyətə düşə bilməyən Faysal Rerras, ümidləri doğrultmayan Maqaye Geye və.s.

- Transferlər barədə fikrim müsbətdir. Çünki hamısı ayrı-ayrılıqda lazım olan məqamlarda komandaya xeyir verə bildilər. Çox kritik məqamlarda qol vurdular, vacib ötürmələr verdilər. Əsas heyətin hansısa futbolçusu oynamayanda boşluğu doldurdular. Bilirsiz, "Qarabağ"da tələblər fərqlidir. Hədəflər böyük olduğu üçün görürsən ki, eyni mövqeyə 2 oyunçu var. Təbii, ikisi də eyni vaxtda meydana çıxa bilməz. Ancaq bu 2 legionerin olması şərtdir. Çünki biri zədələnsə və ya vərəqə alsa, yerini dolduracaq ehtiyat olmalıdır. Yüksək səviyyəli oyunlarda gənclərə şans vermək daha çox risk tələb edir, amma belə legionerlər ağır görüşlərdə təcrübələri sayəsində komandaya kömək edir. Bütün futbolçulara eyni gözlə baxmaq olmaz, hərəsinin öz statusu var. Hər birindən də özünə görə gözləntilər var. Bu gün "Barselona"da hamı Messi deyil. Futbol komanda oyunudur. Bütün futbolçuları bir yerə yığırsan ki, onlardan istədiyin nəticəni kollektiv şəklində alasan.

- Razısan ki, son illərlə müqayisədə, bu mövsüm "Qarabağ"ln hücum xəttində "dişsizlik" var?

- Xeyr, bu fikirlə razılaşmıram. Yadımdadır, nəticə olanda - ilin əvvəlində hamı deyirdi ki, bu, "Qarabağ"ın ən güclü heyətidir. Oyun baxımından da çox yaxşı çıxış edirdik. İçi mən qarışıq, hamımızda qol epizodları olur. Sadəcə, son nöqtəni qoymaqda nəsə çatmır. Bilmirəm, qismətimiz belədir, şanssızlıqdır, ya nə...Yadınıza salın, APOEL-lə səfər oyununda son dəqiqələrdə az qala Asmir Beqoviçin də qol vurmağa imkanı olacaqdı. Topu sinəsi ilə daha yaxşı saxlaya bilsəydi, bəlkə də fərqlənəcəkdi. Hər şey hücum xəttinin üstünə atmaq da ədalətli deyil. Bir məqami deyim, "Qarabağ"ın çox vacib oyunları olub. Ancaq son dönəmlər özüm üçün üzə çıxardığım iki qarşılaşma var - Çempionlar Liqasının pley-offunda "Kopenhagen" və bu il Avroliqanın qrupunda APOEL-lə səfər görüşləri. APOEL-lə Nikosiyadakı oyunda Kintana, Ozobiç, Mahir, Romero heç biri yoxdur. Bu cür vacib oyunda 4 əsas futbolçunun olmaması...və bunun müqabilində saysız-hesabsız qol imkanı yaratmaq. Təkcə 50-57 dəqiqə aralığında 3-4 dəfə hesabı artırmağa yaxın olduq. Son məqamda alınmadı ki, alınmadı. 58-ci dəqiqədə isə bizə standart vəziyyətdən qol vurdular. O məqamları adam gözünün qarşısına gətirəndə dəhşətə gəlir. Çox acı məğlubiyyət idi, ömrümüzün sonuna qədər unutmayacağıq.

- O gün Musa Qurbanlı "Qarabağ"ın əsas komandasında debüt etdi, amma heç də həyəcanlı görünmədi. Səncə, Avroliqa oyunlarında ona şans vermək olardı?

- Musanı da, Toralı da təbrik eliyirəm, biri qol ötürməsi etdi, digəri fərqləndi, bizi çox sevindirdilər. Bilirsiz ki, Toral "Xəzər Lənkəran" akademiyasının, Musa isə "Neftçi"nin yetirməsidir. Bayramlı bizim komandaya 3-4, Musa isə 2 ildir gəlib. Bunlar son illərdə daha çox gözə çarpan, ümid bəslədiyimiz futbolçulardır. Gəncdirlər, birinin 17, digərinin 18 yaşı var. Düşünürəm ki, onlar gələcəkdə Azərbaycan futbolunun əsas simaları olacaqlar. Onlardan başqa, Hacıağa Hacılı, İsmayıl İbrahimli, Nihad Tamazov və bir çoxuna ümidimiz böyükdür. Bu, öz yerində. O ki qaldı Musanın və ya digərinin Avroliqada oynamasına, fikrimcə, bu, çox tez olardı onlar üçün. Onları bu mərhələyə pillə-pillə hazırlamaq lazımdır ki, sabah hər hansı bir uğursuzluq yaşasalar, psixoloji zərbə almasınlar. Təbii ki, bu məqamları Qurban müəllim kimi incəliklərinə qədər düşünən ikinci bir məşqçi Azərbaycanda ola ya olmaya. Avroliqa oyunlarında kifayət qədər gənc futbolçuya şans verən tək-tük məşqçilərimizdən biridir. Hər halda kimi nə vaxt, hansı oyunda meydana buraxmalı olduğunu yaxşı bilir.

- Keçək, əsas suala, bunu soruşmasam, olmaz. Bütün futbol ictimaiyyəti, idman jurnalistləri, sosial şəbəkə izləyiciləri bilmək istəyir ki, Rəşad Sadıqov karyerası ilə bağlı yekun qərarı nə vaxt verəcək?

- Maraqlı sualdır.

- (Xeyli fikirləşir). Rəşad, bu, demək olar ki, sosial şəbəkədə hər gün müzakirə olunan məsələdir.

- Mövsümün sonuna hələ çox var. Bizi qarşıdakı 5 ayda Premyer Liqanın, kubokun gərgin oyunları gözləyir. Məncə, bu gün 2-3 gündən bir müzakirə edilməli əsas mövzu Rəşad Sadıqovun futboldan nə vaxt gedəcəyi olmamalıdır. Azərbaycan futbolunda bundan da mühüm, həll edilməli məsələlər var.

- Əsas mövzu nə olmalıdır, səncə?

- Daha çox müzakirə olunmalı mövzu kifayət qədərdir. Mənim futbolla vidalaşıb-vidalaşmayacağım əsas məsələ deyil. Sualınıza konkret cavabım budur ki, karyeramla bağlı indi qəti qərar verə bilmərəm. Bunu əvvəlcə Qurban Qurbanovla müzakirə etməliyəm, illərdir çiyin-çiyinə oynadığım komanda yoldaşlarım və sadiq, qarda-boranda, yağışda-soyuqda yanımızda olan azarkeşlərimizin də fikirləri mənim üçün çox önəmlidir. Fikirlərinə dəyər verdiyim mütəxəssislər də var. Futbolu heç vaxt oynamaq xətrinə, oynamaq istəyirəm deyə, oynamamışam. İlk gündən indiyə qədər belə olub, bu cür də davam edəcəm. Səhv eləmişəm deyə də futboldan gedirəm qərarı verməyəcəm. "Qol vuranda müqaviləmi uzatmalıyam" deyə qərar vermədiyim kimi, "səhv etdiyim üçün də getməliyəm" kimi fikrim yoxdur. Hər şeydən öncə fiziki vəziyyətimi qiymətləndirəcəm, 90 dəqiqə oynaya bilərəm, ya yox. Top itirmək, texniki səhv eləmək hər zaman olur. Dəfələrlə demişəm, belə səhvi mən 20 yaşımda da buraxmışam. Texniki səhvə görə futbolu buraxmalıyamsa, onda gərək, 22-23 yaşımda futboldan getməli idim. O yaşda az səhvlərim olmayıb. Ola bilər, sabah qərar verərəm, bəlkə 5 gün sonra, bəlkə də 1-2 ay sonra. İndi bu söhbəti müzakirə eləməyə vaxtımız da olmayıb heç. Ağır qrafikdən çıxmışıq, bütün fikrimizi Avroliqa, Premyer Liqa və kubok oyunlarına yönəltmişdik.

- Ümumiyyətlə, özündə futbolu davam etdirmək gücü hiss edirsən?

- İndi bu haqda heç nə deyə bilmərəm. 6-7 ay sonra nə hiss edəcəyimi, necə olacağımı desəm, yalan olar. Ən düz qərar nədirsə, onu verəcəm. Biz həmişə qərarı hər tərəfli götür-qoy edəndən sonra veririk.

- İndiyə qədər arzuladığın, ancaq qazana bilmədiyin titul var?

- Xeyr, olmayıb. Yadımdadır, tək mən yox, bütün Azərbaycan arzulayırdı ki, bizim klubumuz Avroliqada oynasın, 2-3 mərhələ keçsin. Neçə illərdir bu sahənin içindəyəm, 10-15 il əvvəl futbolumuzda nə olduğunu, ümumiyyətlə Azərbaycan futbolunun hansı vəziyyətdə olduğunu yaxşı xatırlayıram, yaxşı bilirəm. 17-18 yaşında olanlar bunu bilməz. 10-12 il qabaq hamımız xəyal edirdik ki, heç olmasa, Avroliqada 1 mərhələ keçək. Mənim həmişə belə bir istəyim, məqsədim olub ki, Avropa Liqasının qrupunda heç olmasa, bir oyun keçirim. Geriyə baxanda görürük ki, 6 il Avroliqanın, 1 dəfə də Çempionlar Liqasının qrupunda çıxış etmişik. Mənim gücüm, potensialım, imkanım daxilində arzuladığım hər şeyi qazanmışam. Bu dəqiqə Türkiyə və ya İspaniya çempionu olmağı, yaxud Çempionlar Liqasını qazanmağı kim istəməz ki? Amma mənim futbol potensialım ona imkan vermir axı. Mənim imkanlarım yalnız Azərbaycan çempionluğu, Azərbaycan kubokunu qazanmağa çatır, bir də avrokubokların qrupuna düşməyə. Çempionlar Liqasının qrupunda oynamaq mənim potensialımı aşan bir uğur idi. Şükürlər ki, buna nail olmuşam. Allah həm "Qarabağ"a, həm də Azərbaycan futbol ictimaiyyətinə ÇL-in qrupunu nəsib elədi.

- Rəşad, aşağı-yuxarı 20 ildir Azərbaycan futbolunun içindəsən. Bu müddət bir futbolçu üçün kifayət qədər böyük göstəricidir. Geridə qalan bu illər ərzində futbolumuzda nə dəyişib - inkişaf etmişik, geriyə qayıtmışıq, yoxsa yerimizdə saymışıq? Bir cümlə ilə cavab verə bilərsən?

- Başqa sual? (gülür)

- Cavabdan sonra növbəti sual olacaq.

- Bir cümlə ilə cavab vermək olar buna? 20 ili əhatə edəcək sual vermisən.

- Bir neçə gün əvvəl AFFA İcraiyyə Komitəsinin iclası keçirildi. Sənin bu toplantıdan gözləntilərin nə idi və nə oldu?

- Mən iclasdan heç nə gözləmirdim, həm mənim səlahiyyətimə də daxil olan bir şey deyil. Orada məni nəsə maraqlandırmırdı. Ümumiyyətlə, iclasda hansı qərarlar veriləcəyini düşünmürdüm. Maraqla gözlənilən yalnız o idi ki, Yurçeviçlə yola davam ediləcək, yoxsa göndəriləcək.

- Maraqlıdır, Lixtenşteynə məğlub olan Milan Obradoviçin səndən üstün hansı özəllikləri var ki, onunla müqavilənin müddətini artrıdılar?

- Ümumiyyətlə, qısa zaman ərzində məşqçinin millidən göndərilməsinin tərəfdarı deyiləm. Əgər biz ona inanıb şans veririksə, arxasında dayanmalıyıq. Lixtenşteynə məğlubiyyət məşqçi kimi sabah mənim də başıma gələ bilər. Obradoviçə uğur arzulayıram. İstəyirəm ki, daha yaxşı çıxış eləsinlər, uğurlur nəticələr qazansınlar.

- Bir neçə gün əvvəl milli komandadan danışarkən dedin ki, yığmaya əcnəbi gələcəksə, bunun Robert Prosineçki olmasının tərəfdarıyam. Maraqlıdır, bəs əgər yerli mütəxəssisdən söhbət gedərsə, sənin namizədin kimdir? Səncə, hansı azərbaycanlı məşqçi millidə uğur qazana bilər?

- 5-6 namizədim var ki, onlara milli komandanı etibar eləmək olar. Qurban müəllimin adını çəkmirəm, aydın məsələdir. Ondan başqa, Ayxan Abbasov, Tərlan Əhmədov, Samir Abasov, Aftandil Hacıyev, Yaşar Vahabzadə yaxud Şahin Diniyev yığmada işləyə bilər. Məncə, konkret qərar verilsə ki, millimizin baş məşqçisi yerli mütəxəssis olmalıdır, o zaman bu insanlara güvənmək, aralarında seçim eləmək olar. Kim hansı futbolu oynadır, futbolçularla necə əlaqə qurur, hansı oyunü üslübuna üstünlük verir, ümumiyyətlə, bizə nə lazımdır fikri ətrafında müzakirə aparıb içlərindən birini seçə bilərik. Yurçeviç gəlib 1 il işlədi, heç nə qazanmadıq. Millidə özünə güvənən, işini bilən, futbolçulara inanan, onları daim nəzarətdə saxlayan, çempionat oyunlarını izələyən və.s kimi xüsusiyyətləri özündə birləşdirən adam olmalıdır. "Futbolçu yoxdur, rəqib güclüdür, nə bilim, rəqibin filan futbolçusu "Yuventus" və ya "Arsenal"da oynayır" kimi bəhanələr gətirməməlidir. Kimin harda oynadığını biz də bilirik. Komandanı belə güclü rəqiblərə qarşı hazırlamağı bacarmalısan. Yığmada əcnəbi məşqçi olacaqsa, Prosineçkinin gəlişini ona görə istəyirəm ki, komandanı çox yaxşı hazırlayır, rəqibin kimliyinə baxmayaraq, hücum futbolu oynadır, futbolçulara inanır və.s. Ümumi fikrim isə yerli məşqçidən yanadır. İşini görə biləcək yetərincə azərbaycanlı məşqçi var.

Elvin ƏHƏD

Digər Xəbərlər
Xəbər Lenti