"Mənim qədər məyus olan ikinci adam yoxdur" - RƏŞAD SADIQOV

22 Dekabr 2019 19:50 Azərbaycan Futbolu 1 983
"Mənim qədər məyus olan ikinci adam yoxdur" - RƏŞAD SADIQOV

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Sportinfo.az saytına geniş müsahibə verib. 37 yaşlı təcrübəli futbolçu başa çatmaqda olan ili dəyərləndirib, azarkeşləri, jurnalistləri, futbol ictimaiyyətini maraqlandıran bir çox suallara cavab verib, buraxdığı səhvlərə görə sərt tənqid olunması, ümumiyyətlə, "Qarabağ" camiəsinin tənqidi necə qəbul etməsi, karyerasını nə vaxt bitirəcəyi və.s. məsələlər barədə danışıb. Müsahibənin ilk hissəsini təqdim edirik.

- Artıq ilə yekun vurmaq vaxtıdır. Söhbətə ağrı-acısını, kədər-təəssüfünü hələ də üzərimizdən ata bilmədiyimiz avrokubok mövzusu ilə başlayaq. Qrup mərhələsindəki çıxışı necə dəyərləndirirsən?

- Bildiyiniz kimi, Avroliqa bizim üçün uzun marafon oldu. Avropa Liqasının qrupuna qədər ümumilikdə 4 mərhələ keçdik. Çempionlar Liqasında "Partizani" ilə "Dandolk"u keçib, pley-offda APOEL-lə qarşılaşdıq. Kiprdən yaxşı nəticə ilə qayıtsaq da, Bakıdakı cavab oyununda arzulamadığımız vəziyyətə düşdük. Ardınca Avroliqanın pley-offunda "Linfild"lə də oyunlarımız asan keçmədi. Buna baxmayaraq, səfərdəkə məğlubiyyəti evdə gözəl oyunla unutdurub lazımlı nəticə ilə qrupa vəsiqə qazandıq. Qrup mərhələsinə gəlincə, hamımız çox ümidli idik, istəyirdik ki, tariximizdə ikinci dəfə 1/16 finala çıxaq. Niyə ikinci dəfə, çünki biz bir dəfə qrupdan çıxmışıq, sadəcə, 1/16 finalda oynamamışıq.

- Yəqin ki, Bakıda Milan "İnter"i ilə oyunda sayılmayan qolumuza görə qrupda qalmağınızı nəzərdə tutursan?

- Bəli. Mənə görə, artıq bir dəfə qrupdan çıxmışıq. Hakim haqsızlığına görə kənarda qalmışıq. Bu dəfə də qrupdan çıxmağa çox yaxın idik. Xüsusən APOEL-lə hər iki görüşdə gözəl oyun nümayiş etdirdik. İstər Nikosiya, istərsə də Bakıda qələbə qazanmağa yaxın olduq, təəssüflər, şans rəqibin yanında idi. Avroliqanın qrupunda komanda çox istəkli idi, xüsusilə APOEL-lə oyunları qeyd etməliyəm. Lakin yaratdığımız çoxsaylı qol imkanlarını uğurlu sonluqla tamamlaya bilmədik, kiprlilər isə müdafiədə buraxdığımız kobud səhvlərdən sonra - standart vəziyyətlərdən fərqləndilər. Üstünlük artıq APOEL-in tərəfinə keçdiyinə görə vəziyyəti dəyişə bilmədik. Buna rəğmən, builki Avroliqa çıxışımızı yüksək qiymətləndirirəm. Təbii, qrupdan çıxsaydıq, əla olardı. Amma bizim üçün minimum vəzifə qrupa düşmək idi ki, "Qarabağ" və Azərbaycanı Avropada yenə təmsil edək. Artıq növbəti ilə hazırlaşmaq lazımdır.

- "Qarabağ"ın nəhayət, bu il qrupdan çıxacağını çoxları gözləyirdi, ümid edirdi. Amma bacarmadız. Buna görə komandaya yönələn tənqidləri kapitan kimi necə qəbul edirsən?

- Tam normal. İstər qrupdan çıxa bilmədiyimizə görə, istərsə də APOEL-lə oyunda buraxdığım səhvə görə edilən tənqidləri normal qarşılayıram. Səhv-məğlubiyyət varsa, orada tənqid də olmalıdır, normaldır. Çalışıb bu tənqidlərdən nəticə çıxarmalıyıq. Digər tərəfdən, fikrimcə, real vəziyyəti qiymətləndirsək, Azərbaycan klubunun hazırda ÇL və ya Avroliqanın qrupunda oynaması bizim üçün bir uğurdur. Təbii, hamı qrupdan çıxmağı istəyir. Bəlkə də buna mənim qədər məyus olan ikinci insan yoxdur. Oyunların üstündən 1-2 ay keçsə də, qrupda qalmağımızın məyusluğunu hələ də yaşayıram.

- Səncə, Avroliqada "qırılma nöqtəsi" hansı oyun oldu?

- APOEL-lə səfərdəki qarşılaşma. Çoxlu qol imkanlarımız oldu, təəssüf ki, son nöqtəni qoya bilmədik.

- Avropadan Azərbaycana "qayıdaq". Mövsümün yarısı geridə qaldı, 2 dövrə keçirilib, kubokda yarımfinala vəsiqə qazanmısız, daxili yarışlardakı çıxışınızı necə dəyərləndirirsən?

- Bizim üçün çox fərqli iki dövrə oldu. Birinci dövrədə 7 oyunun hamısında qələbə qazanmışdıq, 100 faizlik göstərici ilə itkisiz irəlilədik. Amma ikinci dövrədə - növbəti 7 görüşün yalnız 2-də qalib gələ bildik, 5 matçda xal itirdik. Fikrimcə, bu, sıx qrafiklə bağlı oldu. Həm Avroliqa, həm də Premyer Liqa oyunları sıx dönəmə düşdü. Sanki komanda o dövrdə çempionat oyunlarına istənilən səviyyədə köklənə bilmədi. Və yaxud gücümüzü düzgün bölüşdürə bilmədik. Səbəbi nə oldu, tam deyə bilmərəm, şükür ki, ikinci pillə ilə aramızda 6 xallıq fərq var. Mənə avqustun əvvəlində desəydilər ki, ikinci yerlə aranızda 3 xal fərq olacaq, bununla ikiəlli razılaşardım. Ancaq ikinci dövrədə çox xal itirməyimizə baxmayaraq, fikrimcə, 6 xallıq fərq də yaxşı göstəricidir, böyük üstünlükdür.

- Dediyin kimi, "Qarabağ" ikinci dövrədə keçirdiyi 7 oyunun yalnız 2-də qələbə qazandı. Bununla belə, ən yaxın izləyicinizlə aranızda 6 xallıq fərq var. Bu, "Premyer Liqada rəqabət yoxdur" demək deyil?

- Xeyr, qətiyyən razı deyiləm. Çempionatı necə rəqabətsiz adlandırım ki, son 7 oyununun yalnız 2-də qələbə qazanmışıq. Çətin oyunlarımız oldu, xüsusilə Sumqayıt səfərini qeyd etmək istəyirəm. İkinci hissədə "Sumqayıt" bizdən qat-qat üstün oynadı. "Neftçi" ilə də səfər oyununun xüsusən ikinci hissəsində rəqib bizdən üstün idi. Yəni, Premyer Liqada rəqabətin olmaması fikri doğru deyil.

- Hər halda 6 xallıq fərq "Qarabağ" kimi komanda üçün böyük üstünlükdür.

- Təbii ki, 1 xal da fərq olsa, üstünlük deməkdir. Amma məncə, dəhşətli fərq deyil. Qarşıda qış transfer dövrü var, digər komandaların hamısının güclənmək üzrə olduğunu nəzərə alsaq, bu üstünlüyü qoruyub saxlamaq bizə asan olmayacaq. Özünüz də gördünüz, neçə oyun qələbə qazana bilmədik. Yaxşı ki, həmin aralar "Neftçi" də xal itirdi. İkinci yerlə aramızda 10 xallıq fərq var idi, 6-ya düşdü, daha çox itirə bilərdik. İndi yaxşı istirahət edib, 3-cü dövrəyə daha yaxşı hazırlaşmalıyıq.

- Rəşad, çempionluq uğrunda "Qarabağ"ın əsas rəqibi kimdir - "Neftçi", "Keşlə", yoxsa "Qarabağ"ın özü?

- Heç bir komandanı ayırmaq istəmirəm. Ancaq mövsümün əvvəlində hər komandanın qarşısına məqsəd qoyulur, bəlli bir iddiası olur. Heyətlərin zəif və ya güclü olmasına baxmayaraq, hərənin bir məqsədi var. Bu gün məlumdur ki, çempionluq uğrunda "Qarabağ"la "Neftçi" mübarizə aparır. Digər tərəfdən, oyun baxımından götürsək, "Keşlə" geridə qalan müddətdə yaxşı nəticə göstərərək 23 xal qazanıb. Ona görə bu komandanı da siyahıdan silmək olmaz. Mənə görə, əsas rəqibimiz "Neftçi"dir. Kubokdan kənarda qalmalarını da nəzərə alsaq, fikrimcə, çempionatın qalan hissəsində var gücləri ilə mübarizə aparacaqlar. Yəqin ki, əsas mübarizə də məhz bu iki komanda arasında gedəcək. "Keşlə"ni də kənara qoymamaq şərtilə. Onlar da mövsümün növbəti hissəsinə əvvəlki kimi uğurla başlaya bilsələr, iddialı duruma düşə bilərlər. Komandanın ikinci dövrəyə necə start verəcəyindən çox şey asılıdır. (davamı olacaq - red.)

Elvin ƏHƏD

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı