Həm uğurdu, həm də düşünmək üçün əsas - QİYMƏTLƏNDİRMƏ

7 İyul 2019 17:12 Olimpiya oyunları 438
Həm uğurdu, həm də düşünmək üçün əsas - QİYMƏTLƏNDİRMƏ

Təkşə Şərqin deyil, həm də dünyada artıq geniş yayılmış döyüş növü olan karatenin olimpiya ailəsinə ayağını açması "Bakı-2015"dəki uğurlu təşkilatçılıqla başlandı.

"Minsk-2019" isə növə daha bir şans verməklə bu nüfuza dəstək oldu.

Azərbaycanda daim böyük rəğbətlə inkişaf etdirilmiş və mental xüsusiyyətləri ilə nüfuzlu növlərdən sayılan karatedə hər zaman qələbələrə böyük inam olub. İkinci Avropa Oyunları da istisna deyildi.

Daha çox karatenin bədii-estetik və fəlsəfi özəlliklərini təcəssüm etdirən kata proqramında rəqabətin öz xüsusiyyətləri var.

"B" qrupunda yer almış Roman Heydərov qocusihonun so və dai, daha sonra qankaku çıxışlarında, uyğun olaraq, 24.63 və 25.40 xalla 3-cü yeri tutaraq, bürünc medal uğrunda tet-a-tet mübarizəyə almaniyalı İlya Smorgünerlə çıxdı.

Bu dueldə idmançımız 25.46 xalla fəxri kürsünün 3-cü pilləsində qərar tutdu. Təbii, daha böyük ümidlər kumiteçilərə idi.

Qadınlarda İrina Zaretska 68 kq-dək çəkidə yenə güclülərdən olduğunu isbat etdi.

Ən prinsipial qrup rəqibi italiyalı Silvia Semeraro ilə gərgin rəqabətdə heç-heçə edən İrina, fransalı Aliza Aqyeri 7:2, slovakiyalı Miroslava Kopunovanı 6:0 hesabları ilə məğlub etdi ə topladığı xalların fərqinə görə, "A" qrupunda qalib gəldi.

Yarımfinalda o, ukraynalı Qalina Melnıki 1 yuko xalı ilə məğlub etdi. Final rəqibi isə qrupda heç-heçə etdiyi Silvia idi.

Bu dəfə italiyalı bir dəqiq zərbə ilə irəli çıxıb üstünlüyünü sonadək qorudu və İrina gümüş medalla kifayətləndi.

84 kq-dan artıq çəkidə qüvvəsini sınayan Asiman Qurbanlı isə niderlandlı Darnell Lardi Tayrona 2 xal fərqilə qalib gəldikdən sonra prinsipial rəqiblərindən almaniyalı Yonatan Horne ilə heç-heçə etdi.

Son görüşündə o, türkiyəli Alparslan Yamanoğlunu minimal hesabla məğlub edərək, "A" qrupunun qalibi oldu.

Çünki digər iki rəqibi həmin vaxt heç-heçə etmişdilər. Asiman qrupdan sonra bütün qüvvəsini parlaqlığı ilə nümayiş etdirdi.

Nəticədə, yarımfinal döyüşündə gürcüstanlı Qogita Arkaniaya heç bir şans vermədən 8:0 hesabı ilə qalib gəldi.

Finalda o, xorvatiyalı Ancelo Kvesiçlə döyüşü daha çox taktiki mübarizədə keçirdi və əldə etdiyi 1 xalla Oyunları qalib qismində başa vurdu.

Sonuncu yarış günü 75 kq çəki dərəcəsində Rafael Ağayev britaniyalı Co Kelleuey (3:2) və türkiyəli Ərman Eltemur (1:0) üzərində qələbələrdən sonra macar Qabor Harspataki ilə heç-heçə etdi.

Sonuncu döyüşçünün daha bir heç-heçəsi olduğu üçün "B" qrupunu 1-ci yerdə idmançımız başa vurdu.

Yarımfinalda estoniyalı Pavel Artamonovu məğlub edən Rafael ukraynalı Stanislav Qorunaya aşkar üstünlüklə məlub oldu və bu dəfə gümüşlə kifayətləndi.

60 kq çəki dərəcəsində Firdovsi Fərzəliyev qrup yarışını qalibiyyətlə başa vurdu. O, ev sahibi İlya Balatovu böyük hesabla məğlub edib, növbəti rəqabətdə xal bərabərliyi (3:3) şəraitində makedoniyalı Emil Pavlovdan üstün sayıldı.

İtaliyalı Ancelo Kresçentso ilə dueli tam bərabər şəraitdə "sülh"lə başa çatdı. Yarımfinalda da kimono ustamız bərabərliklə rusiyalı Yevgeni Plaxutini bürünclə kifayətlənməyə məcbur etdi.

Finalda idmançımız latviyalı Kalvis Kalninşə 4 yuko ilə uduzaraq, gümüş medal qazandı.

Liderlərdən qızıl medal gözləsək də, ümumi 1 qızıl, 3 gümüş və 1 bürünc medalla karateçilərimizin Oyunlarını məqbul hesab etmək olar.

Lakin qarşıda "Tokio-2020" var. Bu yarış komandamızın üzvləri üçün məhz karatenin vətənində keçiriləcəyindən daha vacibdir.

Belə demək mümkündürsə, onlar bu yarışda uğur qazınb ölkəmizin Yaponiyada vizit kartına, ədəbi qəhrəmanlara çevrilə bilərlər.

"Minsk-2019" elə bu səbəbdən karatenin ilk olimpiya mübarizəsinə hazırlıq baxımından ölçüb-biçmək, hazırlıq planlarını yenidən cızmaq üçün vasitə oldu.

SPORTİNFO.AZ

Xəbər Lenti