Azərbaycan imzası

19 İyun 2021 13:40 Köşə 1 367
Azərbaycan imzası

1958-ci il sentyabrın 28-i Moskvada Lenin adına stadionda (indiki Lujniki) 100 mindən artıq tamaşaçının izlədiyi qarşılaşmada tarix yazılırdı.

Bu futbol üzrə Avropa çempionatının ilk matçı idi. Bu tarixin yaradıcılarından biri ...azərbaycanlı idi.

Əlbəttə, indi buna inanmaq çətindi. Amma 63 il əvvəl qitə birincilikləri tarixində ilk oyunda - SSRİ-Macarıstan mücadiləsində meydan sahiblərinin start heyətində, özü də 10 nömrəli futbolka ilə Ələkbər Məmmədov var idi.

AÇ tarixinin ilk matçında topa mərkəzdən ilk zərbəni də bəlkə də elə həmyerlimiz vurub. Amma çox təəssüf ki, xeyli çalışsam da hələlik bu faktı dəqiqləşdirə bilməmişəm.

1968-ci ildə İtaliyada keçirilən Avropa çempionatının final mərhələsində SSRİ yığmasının heyətində futbolumuzun iki yetirməsi - Anatoli Banişevski və Nikolay Smolnikov vardı.

İyunun 5 i Neapolda Avropa Çempionatının yarımfinalında ilk dəfə bir azərbaycanlı futbolçu AÇ-nin final mərhələlərində debüt etdi və bütün matçı "San Paolo" (indiki "Dieqo Armando Maradona") stadionunun meydanında oldu. Bu əfsanəvi bakılı hücumçu Anatoli Banişevski idi.



Gələcək çempionlar və meydan sahibləri italyanlarla görüş qolsuz bərabərliklə bitsə də, o zaman oyunsonrası penalti zərbələri olmadığından finalçı püşklə müəyyənləşirdi. Bu hal mötəbər turnirlərdə ilk və son dəfə idi. Püşk Banişevskinin və Smolnikovun komandasının üzünə gülmədi.

Bundan sonra Banişevski yığmadan uzaqlaşdırıldı və yalnız 1971-ci ildə yenidən SSRİ-nin əsas komandasının qapıları onun üzünə açıldı.

1972-ci ildə Belçikada keçiriləcək Avropa çempionatının seçmə oyunlarında Azərbaycan futbolunun iki yetirməsi - Anatoli Banişevski və Vitali Şevçenko SSRİ-nin əsas hücumçuları idi. Təəssüf ki, futbolumuzun ən istedadlı yetirmələrindən olan Şevçenko ağır zədə alaraq final mərhələsində eştirak edə bilmədi.

1/4 finalda Yuqoslaviyaya qol vuran və oyunun ən yaxşısı seçilən Banişevski isə Avropa çempionatının gümüş medalını qazandı.

Düz 49 il əvvəl Brüsseldəki "Eyzel" stadionunda keçirilən və 68500 azarkeşin izlədiyi final oyununda Banişevski start heyətində meydana çıxmışdı. Amma Frans Bekkenbauerli, Herd Müllerli və bir çox başqa ünlü isimlərdən qurulu Almaniya o zaman SSRİ-nin rahatlıqla məğlub etdi.

Bu ayın 12-si Bakı Olimpiya Stadionunda daha bir tarix yazıldı. Qitənin ən mötəbər futbol çempionatının final mərhələsinin oyunu paytaxtımızda keçirildi. Uels-İsveçrə qarşılaşması və ümumiyyətlə bu turnir əbədi olaraq Azərbaycan tarixinə yazılacaq. Cəmi bir neçə ay əvvəl işğal altındakı torpaqlarını düşmən canğından qəhrəmanlıqla azad edən kiçik bir ölkənin pandemiya dövründə belə bir şərəfə layiq görülməsi ölkəmizin beynəlxalq imicinə verilən qiymətdir.

Azərbaycanımızın beynəlxalq aləmdə bu etibarı qazanması çox qürurverici bir faktdır. Bu templə davam etsək futbol üzrə dünya çempionatının final mərhələsinin də Azərbaycana gələcəyi gün uzaqda deyil.

Hələliksə AVRO 2020-dən, xüsusən Bakıdakı 2 oyundan həzz almaq zamanıdı. Tairixi günlərə şahidlik edirik. İyunun 20-si Türkiyə-İsveçrə və iyulun 3-ü 1/4 final matçında Bakı Olimpiya Stadionunda bir boş yer də qalmasın. Bakıda bütün Avropaya nümunə olacaq bir bayram havası yaratmalıyıq bu iki oyunda.

Bu işdə bütün xalqımıza və doğma Azərbaycanımıza uğurlar!

Anar Şabanoğlu

Xəbər Lenti