Əfran İsmayılov: "Mitinqə mən də getmişəm"

26 Oktyabr 2019 19:23 Şamaxı 1 910
Əfran İsmayılov: "Mitinqə mən də getmişəm"

"Keşlə" -"Qəbələ" oyunundan (2:1) sonra meydan sahiblərinin yarımmüdafiəçisi Əfran İsmayılov müsahibə verib. Sportinfo.az xəbər verir ki, millimizin sabiq futbolçusu əvvəlcə matçı dəyərləndirib:

- Bilirdik ki, oyun gərgin keçəcək. "Qəbələ" hazırda ən yaxşı formada olan komandalardan biridir. Məşqçi dəyişikliyindən sonra daha yaxşı təsir bağışlayırlar. Biz də son görüşlərdə xallar itirmişdik. Ona görə də qarşımıza məqsəd qoymuşduq ki, bu oyundan mütləq 3 xalla ayrılmalıyıq. Şükürlər olsun ki, istəyimizə çatdıq.

- İkinci hissədə nə baş verdi? Komanda fasilədən sonra meydana arxayın çıxdı, yoxsa "Qəbələ"nin qolu sizə mənfi təsir göstərdi?

- Mən də kənardan baxırdım və qəribə gəldi. "Qəbələ" hesabı bərabərləşdirib, hətta, önə də keçə bilərdi. Bəxt amili də bir az bizim tərəfimizdə oldu. Ola bilər bir qədər geri çəkildik, ya da arxayınlaşdıq, bu da az qala nəticəyə təsir edəcəkdi. Sona yaxın yenə də yaxşı oynadıq və qol vurmaq imkanlarımız da oldu. Əsas odur ki, 3 xal qazandıq.

- Hazırda "Keşlə" 2-ci yerə yüksəlib. Amma sabah "Sumqayıt" - "Neftçi" oyunu var. Komandanız turu 2-ci yerdə başa vura biləcək?

- "Sumqayıt" da hazırda yaxşı təsir bağışlayır. Ayxan Abbasov orada yaxşı kollektiv yaratmağa çalışır. Mən də onunla işləmişəm bir müddət. İnanıram ki, rəqibi yaxşı təhlil edib, "Neftçi"dən xal almağı bacaracaqlar. Əsas olan odur ki, biz 3 xalımızı qazandıq. İndi həmin oyunu fikirləşmirik. Oturub, rahat sabahkı görüşə baxacağıq.

- Ötən həftə mitinqlə bağlı paylaşımın sosial şəbəkələrdə kifayət qədər müzakirə olundu. Buna münasibətini bilmək maraqlı olardı .

- O məsələ barədə çox danışmaq istəmirəm (gülür). Amma məni niyə qınıyırlar? Mən dövlətin tərəfində olan adamam. Mən beləyəm. Mən danmıram ki, başqa cürəm, fakt beləyəm. İstəyirlər qəbul etsinlər, istəyirlər etməsinlər. Onların fikirlərinə hörmətlə yanaşıram. Demirəm ki, onlar çıxıb nəsə etməsinlər. Nə istəyirlər, eləsinlər. Ancaq mən də buyam. Bu da mənim fikrimdir. Kim çıxır, kim çıxmır, mənə maraqlı deyil. Özləri bilərlər. Mənim dinim, şəriətim belə deyir. Sonra məni qınayırlar ki, Əfran belə deyir, belə yaşayır. Vallah, mən 15 il yataqxanada yaşamışam. 20 kvadrat metrdə 5 nəfər qalırdıq. Onda da oturub ağlayardım da. Şikayət eləsəm, onlardan çox edərəm. "Mitinq", "mitinq" deyirlər. O mitinqə mən də getmişəm. Necə getmişəm? İsa Qəmbərin vaxtında gəlib bizim məhəllədə pul verirdilər, yığıb aparırdılar. Elə şey var ki, adam çox danışmaq istəmir. O tərəfi qoyuram bir kənara, amma mən fakt bu biri tərəfdəyəm. İstəmirəm ki, sabitlik, mehribanlıq pozulsun. İstəmirəm ölkəmiz Suriyanın vəziyyətinə düşsün. Bir bomba düşsə, hamı pulu-imkanı qoyacaq kənara, canını düşünəcək. Sakit, rahat oturmuşuqsa, şükür etməliyik.

Digər Xəbərlər
Xəbər Lenti