"Mənim Azərbaycan futboluna verdiyim xeyiri heç bir əcnəbi baş məşqçi verməyib"

1 Aprel 2020 16:28 Azərbaycan Futbolu 1 260
"Mənim Azərbaycan futboluna verdiyim xeyiri heç bir əcnəbi baş məşqçi verməyib"

Bir vaxtlar "Turan"a oynatdığı baxımlı, əzimkar futbolla və zaman-zaman yaşadığı qalmaqallarla hələ də yaddaşlarda qalan türkiyəli mütəxəssis Naci Şensoy Sportinfo.az-a müsahibə verib

- Hazırda nə işlə məşğulsunuz?

- İstanbulda evimdə dincəlirəm. İnşallah tezliklə virus bəlasına qalib gəlib, normal həyatımıza qayıdarıq.

- Virusla mübarizədə nələrə diqqət edirsiniz?

- Tapşırıqlara qulaq asmaq lazımdır. Nə deyirlərsə ona da əməl edirik. Evdən kənara çıxmıram, təmizliyə daha çox diqqət ayırıram. Evim dəniz kənarına yaxındır. Arada idman edirdim, artıq onu da qadağan etdilər. Boş vaxtlarımı bol-bol kitab oxumaqla keçirirəm.

- Azərbaycanda hələ də virus qadağalarına qeyri-ciddi yanaşanlar var ...

- Azərbaycanlılar çox ağıllıdır. Mənim üçün azərbaycanlıların ortalama düşüncəsi türkiyəlilərdən daha yüksəkdir. Mütləq qaydalara əməl etmələrini tövsiyə edirəm. Bu işin zarafatı yox.

- Koronavirusun dünya futboluna nə kimi ziyanları dəyəcək?

- Təkcə futbola yox, bütün sahələrə çox böyük ziyanı dəyəcək. Karl Marks deyir ki, bir toplum 3 gün istehsalı gerçəkləşdirməzsə, onun sonu fəlakətdir. İnsanların həyatda qalması üçün yeməsi içməsi lazımdır. Avropa ölkələri insanlarına yalnızca evdə qal demir, həm də ona lazım olan yardımı edir. Bununla vətəndaşına həm də səninlə olan bir dövlətin var deyir.

- Naci hoca, avropanı misal çəkdiniz ki, dövlətlər vətəndaşının yanındandır. Bəs Türkiyədə necə, dövlət vətəndaşının yanındadırmı?

- Hər bir dövlətin belə vəziyyətlər üçün büdcəsi olmalıdır. Nə yazıq ki, türkiyə bu pulları zamanında dağıtdı. Ən əsas da yalnış Suriya siyasətində. 6-7 milyon suriyalıya baxmaqla bizim o fondlarımız tükədildi. Gözəl, burda pis bir şey yoxdur. Amma sıra gəldi öz millətinə. İndi nə xərcləyəcəksən? Dezinfeksiya və maska yardımı etməkdən başqa, dövlət heç bir şey edə bilmədi. Azərbaycanda İlham Əliyev bir fond yaratdı. Dövlət adamları, futbolçular dəstəyə qoşuldular. Mən də türkiyəni belə çağrışa dəvət etdim. Artıq futbolçular da bu çağırışa qoşuldular. Bu vəziyyətdə yalnız idmançılar deyil, maddi imkanı yüksək olan hər kəs yardım etməlidir. Çünki pulsuz bu işlər olmaz. Türkiyədə 80 milyondan 20 milyonu günlük qazancla yaşayırlar. Əgər gündəlik gedib bir yerdə işləməsələr həyatda qala bilməzlər. Onlara yardım etmək lazımdır. Bizim həm dinimizdə, həm də ənənələrimizdə bu kimi şeylər var. İndi bu qara gündə maddi durumu yaxşı olanların öndə gedib, yardımlar etmələri lazım.

- Uzun müddətdi ölkəmizdən ayrılmısınız, futbolumuzu yaxından izləməyə imkanınız olur?

- Mümkün olduğu qədər izləyirəm. Ancaq təəssüf ki, Azərbaycan futbolu üçün gözəl şeylər söyləyə bilmərəm. Çünki rəqabət yoxdur. Rəqabətin olmadığı yerdə inkişaf da olmaz. Sadəcə 8 komanda ilə rəsmən Bakı liqasını yaratdılar. Dünyanın heç bir ölkəsində futbola belə bir yanaşma yoxdur. Mütləq və mütləq bu durum dəyişməlidir. Futbol rayonlara daşınmalıdır. Gəncə, Tovuz, Şəmkir bir vaxtlar necə komandalara sahib idi. Mütləq bu rayonlara futbolun aparılması lazımdır. O zaman Azərbaycanda futbolun inkişafından danışıla bilər. UEFA da Azərbaycana zaman-zaman xəbərdarlıq edir ki, 8 komandalı çempionat istəmirik.

- Sizin "Turan"da formalaşdırdığınız çox gözəl komanda hələ də yaddaşlarda qalıb. O günlər üçün heç darıxırsınızmı?

- Həm də çox darıxdım. Ordakı insanlarla daim əlaqədəyəm. Ordakı məhəbbəti, Azərbaycan insanlarının şairanə ruhunu özlədim, tarı özlədim. Hər zaman məni bağırlarına basdılar, mən də hər zaman onları xatırladım. İndiyə kimi 6 dövlətdə çalışdım. Getdiyim hər yerdə Azərbaycanın o ruhundan bəhs edirəm.

-Həqiqətən, sizə qarşı burda böyük bir sevgi vardı. Bunu necə qazanmışdınız?

- Açıq ürəkli olmaqla qazanmışdım. Məşqçi dostlarımın susduqları şeylərə mən danışdım, etiraz etdim. Bunun zərərlərini də gördüm. Heç də peşman deyiləm. Yenə olsa, yenə edərdim. Rəhmətlik Ramiz Mirzəyevin zamanında milli komandanı braziliyalı Karlos Alberto Torres çalışdırırdı. Onun yalnış seçim olduğunu deyirdim. Zaman haqlı olduğumu göstərdi. Mən belə şeylərə görə sevilirdim orda.

- Haqqı dediyiniz üçün zərərlər gördüyünüzü dediniz ...

- Bir neçə klub məni istəyirdi o zamanlar. Ancaq AFFA-da olanlar bunu əngəllədi. Məni istənməyən adam elan etmişdilər. Başqa nə olmalıydı ki?

- Azərbaycandan təklif gəlsə, yenidən qəbul edərsiniz?

- Sevə-sevə gələrdim.

- 6 ölkədə işlədiyinizi dediniz. Azərbaycan futbolununun potensialı o ölklərdən çox geridə qalır yoxsa necə?

- Mən Tovuzda işlədim. Ordakı istedadlar heç vaxt tükənməz. Sadəcə istedadları istifadə etmək lazımdır. Azərbaycanda futbol doğru idarə olunarsa, daha yaxşı uğurlara imza ata bilərlər. Orada bir "Qarabağ" nümunəsi var. Çempionlar Liqasında oynayan komandanın yarısı azərbaycanlı idi. Sevgili Qurban Qurbanov və "Qarabağ" rəhbərliyi bunu bacarmışsa, bundan dərs çıxarmaq lazımdır. Kiçik büdcə ilə "Qarabağ" rəhbərliyi haralara gedib çıxdı. Ən maraqlısı isə odur ki, bunu yerli baş məşqçi və heyətində olan çoxsaylı azərbaycanlılarla bacardılar. Bu, AFFA-da oturanlara bir dərs olmalıdır. Deməli, azərbaycanlı istedadlara doğru pul xərclənərsə, futbol doğru idarə olunarsa, Azərbaycan millisi və futbolu çox uğurlara imza atar. Buna adım kimi əminəm.

- Yurçeviçin göndərilməsindən 4 ay vaxt keçsə də, Azərbaycan millisi hələ də baş məşqçisizdir ...

- Federasiya 6-7 il Berti Foqtsa vaxt itirdi. Ondan öncə isə zaman itkisi braziliyalı Alberto Torreslə oldu. Nəhayət, Prosineçki dönəmində Azərbaycan millisi müsbət nəticələrə imza atdı. Ancaq bu o demək deyildir ki, Prosineçki uğurlu oldusa, onun köməkçisi də uğurlu olacaq. Bu çox yanlış qərar idi. Mən hər zaman Qurban Qurbanovu dəstəkləmişəm. Milli komandaya faydalı birisidir. Ancaq düşünürəm ki, Qurbanov da yalnış etdi. Çünki bir əldə iki qarpız tutmaq olmaz. Belə şeylər tarixdə olub. Amma Azərbaycanda bunu bacarmaq çox çətindir. Qurbanov düşündü ki, "Qarabağ"dakı uğurlarını milli komandaya daşıyacaq. Amma bacara bilmədi. Ona görə də istefa verdi. Çünki "Qarabağ"dakı uğurlarının səbəbi günün 24 saatını eyni işə kökləməsi idi. Enerjisinin hamısını bir işə sərf edirdi. Eyni ciddiyətlə, eyni həvəslə milli komandaya sarılmadı.

- Ancaq Qurbanov özü istefa vermədi. Onunla 6 illik müqavilə imzalandı, amma gözlənilmədən bir il sonra yola salındı ...

- Təbii ki, bu məslədə ona qarşı haqsızlıq olundu. Amma sözümdə yenə qalıram ki, Qurbanov iki yerdə işləməklə səhvə yol verdi. O, "Qarabağ"la uğurlara necə çatmışdısa, milli komanda ilə də eyni həvəslə işləməli idi. İnanmıram ki, Qurbanov "Qarabağ"a göstərdiyi ciddiyəti milli komandaya da göstərmiş oldu. Qaldı ki, onunla yola çıxan federasiyaya, 6 illik müqaviləyə rəğmən, federasiyanın ondan çox tez soyuması Qurban Qurbanovun səhvindən daha böyük səhvdir.

- Milli komandamıza namizəd baş məşqçilərin hamısı əcnəbidir. Sizcə, bizim kimi futbolu olan ölkələrinin millisinə əcnəbi baş məşqçi vacibdirmi?

- Yox, bu vacib deyil. Azərbaycan millisini çalışdıra biləcək yetəri qədər yaxşı yerli baş məşqçilər dəvar. Ancaq bəzi şeyləri qəbul etmək lazımdır. Dünyaya futbol dərsi verən Almaniya 50 il öncə 18 komandadan 9-nu yuqoslaviyalı baş məşqçiyə tapşırmışdı. İnkişaf etmək istəyən Almaniya o zamanlar ondan daha öndə olan yuqoslav baş məşqçilərə üz tuturdusa, indi Azərbaycan bunu niyə etməsin? 20 il öncə türkiyədə 18 komandadan 15-də əcnəbi baş məşqçilər işləyirdi. Yalnız üç komandada yerli baş məşqçi vardı. Ancaq indi tam əksidir. 18 komandadan yalnız birində əcnəbi baş məşqçi çalışır. Azərbaycanın bir qədər səbirli olması lazımdır.

- Amma milli komandanı 10 ildən artıqdır əcnəbi baş məşqçi çalışdırır. Ancaq nə nəticə var, nə də yetişən baş məşqçi ...

- Demək ki, AFFA yanlış qərarlar verir. Haqq etməyən əcnəbi baş məşqçiləri Azərbaycana gətirir. Altını cızaraq deyirəm ki, Foqts, Torres kimi pulu düşünən yox, pulu ikinci planda tutan və özünü sübut etmək istəyən bir baş məşqçi lazımdır. Beləsinin yanına da istedadlı yerli baş məşqçi qoymaq lazımdır ki, yetişsin. İnanın, o zaman çox qısa müddətdən sonra Azərbaycanda yalnız yerli baş məşqçilər çalşacaq.

- Dediniz ki, azərbaycanda hələ də danışdığınız insanlar var. Arasında bizlərin tanıdığı adlar varmı?

- Əlbəttə. Özüm yetişdirdiyim futbolçulardan Aftandil Hacıyev, Ayxan Abbasov indi Azərbaycan premyer liqasında baş məşqçilik edir. Mənim Azərbaycan futboluna verdiyim xeyiri heç bir əcnəbi baş məşqçi verməyib. U-21-də oynayan 5 futbolçunu mən əsas komandada oynadırdım. Kamran Ağayevi Konkovun "İnter"inə 4-3 uduzduğumuz oyunda əsas heyətdə oynatdım. Məni oyundan sonra günahlandırdılar ki, 19 yaşlı qapıçını meydana buraxdın və çox pis 4 qol buraxdı. Dedim ki, siz yazın bir kənara, bu qapıçı 15 il Azərbaycan futboluna xidmət edəcək. Bir az səbirli olun. Cavid Hüseynov küçədə futbol oyandığı yerdə bəyənib komandama götürdüm. Ramiz Məmmədov da buna şahiddir. Ayxan Abbasov indi də danışanda deyir ki, mən nə öyrəndimsə, Naci Şensoydan öyrəndim. Onun məşq proqramlarından indi də məşqçi kimi istifadə edirəm. Bu mənim üçün qururvericidir. Hamısı ilə də əlaqəm var.

- Tovuzlu futbolsevərlərə deyəcək sözünüz varmı?
- Onlar üçün darıxdım. Futbolun hazırda yalnış idarə edilməsinə rəğmən, keflərini yüksək tutsunlar. Mütləq bu rüzgar dəyişəcək. Onlara Türkiyədən salamlarımı çatdırıram. Koronavirusla mübarizədə xahiş edirəm evlərindən çıxmasınlar. Həkimlərin tövsiyələrinə qulaq assınlar. Bu çətin günləri birlikdə geridə qoyacağıq inşallah

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?