Pul da getdi, Rövnəq Abdullayev də getdi

23 Mart 01:10 Azərbaycan Futbolu 25 664
Pul da getdi, Rövnəq Abdullayev də getdi

Gedişat demək olar ki, hamıya məlumdur.

Rövnəq Abdullayev daha AFFA prezidenti olmayacaq. Onun yerinə SOCAR-ın rəhbəri Rövşən Nəcəf keçəcək futbolumuzun başına.

Rövnəq Abdullayevin AFFA rəhbəri kimi 16 illik fəaliyyətini müsbət qiymətləndirənlərin əksəriyyəti onun ölkə futboluna böyük pullar ayırmasını arqument gətirirlər. Həqiqətən də Rövnəq müəllim bu sahənin inkişafı üçün pul əsirgəməyib.

Əcnəbi məşqçilərə verilən böyük maaşlar, milli üzvlərinə ödənilən ağlasığmaz mükafatlar...

Lakin Azərbaycan futbolu yağ-bal içində yaşasa da, uzun illər ölü vəziyyətdə olub. Böyük pullar futbolumuza xoşbəxtlik gətirməyib. İlk növbədə ona görə ki, düzgün xərclənməyib, doğru istiqamətlərə yönləndirilməyib. Ən azı buna görə Rövnəq Abdullayevin işini qənaətbəxş hesab etmək çətindir.

Pul xərcləmək iş görmək demək deyil. Pul xərcləmək səxavətli olmaq, inkişafı istəmək deməkdir, amma heç bir halda iş görmək anlamı daşımır. Rövnəq Abdullayev Azərbaycan futboluna sanballı maliyyə ayırsa da, bu pulların necə və hara xərcləndiyinə nəzarət etməyib. Bunun nəticəsidir ki, bu 16 ildə külli miqdarda pul xərclənib, amma Avropa səviyyəli 16 futbolçu yetişməyib.

Problem həm də ondadır ki, Rövnəq Abdullayev gedir, ölkə rəhbərliyinin futbola yanaşması dəyişmir. Rövnəq Abdullayev nümunəsi göstərdi ki, SOCAR-da əyləşib AFFA-nı idarə etmək effektli metod deyil.

Lakin bunu bilə-bilə yenə də eyni yolla getmək qərarı verilib. İndi də Rövşən Nəcəf SOCAR-da əyləşərək futbolumuzu inkişaf etdirməlidir. Yəni, dəyişən adlardı, yanaşma eynidir.

Güc puldadır, amma pul düzgün xərclənəndə. Təəssüf ki, Rövnəq Abdullayev bu 16 ildə ölkə futbolunda pulu gücə çevirə bilmədi.

Pul da getdi, Rövnəq Abdullayev də getdi. Bizə qalan biçarə adama bənzəyən futbolumuz oldu (sportal.az).

Həmid

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"