Legionerlərmizlə bağlı qorxulu gediş – qaldı bircə Emrelimiz

20 İyun 2022 23:40 Azərbaycan Futbolu 1 319
Legionerlərmizlə bağlı qorxulu gediş – qaldı bircə Emrelimiz

Azərbaycan Premyer liqasında yay fasiləsi davam edir. Adətən bu vaxtlar ümid edirik ki, bir neçə futbolçumuz ölkə xaricinə gedər və biz də sevinərik. Hər halda nə qədər çox legioner futbolçumuz olsa, futbolumuz üçün, milli komandamız üçün faydalı olmuş olar.

İnsafən, ötən ilin bu günləri vəziyyət kifayət qədər ürəkaçan idi. Mahir Emreli və Anton Krivatsyuku Polşaya, Namiq Ələsgərov və Vüsal İsgəndərlini Türkiyəyə, bir neçə ay sonra Emil Balayevi Qazaxıstana yola salmağın sevincini yaşamışdıq.

Ancaq indi durum iki qat faciəli, iki qat ağlamalı və üzücüdür.

İndi nəinki Biləcəridən o tərəfə yola salmağa futbolçumuz var, hətta Biləcəridən o tərəfdə olanlar da üzü Biləcəriyə tərəf gəlməyə istiqamət alıblar.

Qorxulu gedişatın start düyməsi Vüsal İsgəndərli ilə basıldı. “Keçiörengücü”də heç də pis başlamayan yarımmüdafiəçi mövsümün sonuna yaxın klubun ataraq üz tutdu “Sumqayıt”ın düşərgəsinə. Komanda yoldaşları mövsümün ən qızğın vaxtlarında rəsmi oyunlara çıxarkən, o, Xəzərin sahilində gününü məşqlər və krosla keçirirdi.

Az keçmədi ölkə xaricindəki digər nümayəndəmiz Namiq Ələsgərovun Biləcəri istiqamətinə yan alaması xəbəri yayıldı. Komandası “Bursaspor” bərbad sezon keçirsə də onun parlaq oyunlarla yadda qaldığını deyə bilərik. Əbəs deyil ki, bir sıra yaxşı təkliflər də almışdı. Amma o, bütün təkliflərə “yox” deyib, Biləcərinin 5-10 metrliyində yerləşən Masazıra üz tutdu.

Dünən də məlum oldu ki, digər legionerimiz Emil Balayevi çamadanını yığıb, Bayıla üz tutub. Ki, qarşıdakı mövsümü “Səbail”də keçirsin.

Polşa “Visla”sında pis mövsüm keçirməyən Anton Krivatsyukun da yolüstə olduğu deyilir. Başqa kim qaldı ki? Vur-tut vitrinə qoya biləcəyimiz bir Emreli. Day keçib, o da Xorvatiyadan ayrılıb, kəndinə gəlsin. Ki, birdəfəlik gözümüzü yad ellərdən çəkək. Gül kimi Biləcəri kimi evimiz, oylamğımız varkən, əşşi bizim yad ellərdə nə işimiz var axı. Bizə qalan elə Biləcəri olacaq...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti