"Dünyanın 1 nömrəsi özüməm" - Rafael Ağayev

6 Avqust 2021 20:40 Tokio-2020 860
"Dünyanın 1 nömrəsi özüməm" - Rafael Ağayev

"Azərbaycan xalqını təbrik edirəm. Mən bu gün yer tutmaya da bilərdim. Birinci və üçüncü də ola bilərdim".

Sportinfo.az xəbər verir ki, bunu Tokio 2020 Yay Olimpiya Oyunlarının karate üzrə gümüş mükafatçısı Rafael Ağayev (75 kq) deyib.

5 qat dünya və 11 qat Avropa çempionu italiyalı Luici Busa ilə final görüşündə hakim haqsızlığı ilə üzləşdiyini bildirib: "Mən evdən çıxarkən bura "qızıl" düşüncəsi ilə gəlmişdim. Mən heç kimi gözdən salmaq istəmirəm, amma bəzi idmançılar Olimpiadaya ancaq iştirak, gəzmək üçün gəlir. Bəhanələri sevmirəm. Olan oldu. Bu günə də şükürlər olsun. Allahıma "çox sağ ol" deyirəm. Fürstədən istifadə edib, bütün xalqımızı təbrik edirəm. Bu yolda mənəvi və fiziki cəhətdən kimlər mənim yanımda olubsa, onlara "çox sağ ol" deyirəm. Ölkəmizin Prezidentinə təşəkkür edirəm. Hər zaman idmançılara qayğı göstərib. Federasiyamızın prezidenti Yaşar Bəşirova təşəkkürümü bildirirəm. Şəxsi müəllimim Füzuli Musayevə, yığmanın baş məşqçisi Qurban Tağıyev və ilk müəllimim Rafael Məmmədova da minnətdaram. Bütün müəllimlərimi bağrıma basıram. İnsan keçmişini gərək unutmasın. Bu, tək mənim yox, bütün Azərbaycanın və türk millətinin qələbəsidir. Ruhdan düşmək olmaz. Bu gün axşam məşq edib, gələn yarışa hazırlaşacağam. Hər şey əladır. Həyatda əsas insan olmaq lazımdır. Çempion olmaq asan, insan olmaq çətindir".

36 yaşlı Olimpiya mükafatçısı karyerasını bititəcəyi tarixi açıqlayıb: "Karyeramı 2025-ci ildə bitirməyi düşünürəm. Ondan sonra öz məktəbimi açmaq istəyirəm".

Ağayev finaldan sonra rəqibi ilə görüşməməsinə də aydınlıq gətirib: "İdmançılara yaraşmayan hərəkətlər etdi. Bəzi məsələlər də var ki, açıqlamaq istəmirəm. Onunla görüşmürəm, buna layiq deyil. Dünyanın 1 nömrəsi özüməm. Bu, özündən razılıq deyil. İndiyədək göstərdiyim nəticələrə heç kim çatmayıb".

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"