COP29

Qurban Qurbanova və "Qarabağ"a nə olub belə?

27 Oktyabr 2020 18:34 Premyerliqa 1 705
Qurban Qurbanova və "Qarabağ"a nə olub belə?

Azərbaycan Premyer Liqasında I dövrə başa çatıb.

Sportinfo.az xəbər verir ki, ötən mövsümün müvafiq bölümü ilə müqayisədə çempionatda bir sıra dəyişikliklər diqqət çəkir.

Düzdür, Premyer Liqada iştirakçı sayı və komandaların tərkibində sabitlik hökm sürür. Amma həm turnir cədvəli, həm təqvim, həm də oyun sayında fərqlər göz oxşayır.

19 gün gec
Bir il öncə mövsümün ilk dövrəsi oktyabrın 6-da yekunlaşıb. Bu dəfə isə yarışın ilk 1/4 bölümü 19 gün gec başa çatıb. Buna səbəb koronavirus pandemiyası üzündən çempionatın gec start götürməsidir. Məhz bu amilə görə milli komandaların sentyabr matçlarına qədər cəmi bir tur baş tutub.

Biri əskik
Cari mövsümün əvvəli təxirəsalmasız ötüşməyib. Hər yerdə oyun praktikasından şikayətlənən komandalarımız və futbolçularımız daha çox matç keçirməyə meylli olmaq əvəzinə bir qarşılaşmanı təxirə salınmasını yaşayıb. Əvvəlki illərdə klubların avrokuboklardakı çıxışları üzündən belə təxirəsalmalar yaşanırdısa, bu dəfə “Qarabağ”la “Səbail”in matçı millinin toplanışı üzündən əvvəl qeyri-müəyyən tarixə, sonradan isə 2021-ci ilə təxirə salınıb. Sanki toplanışın bir günlük məşqləri bir rəsmi görüş qədər faydalı imiş. Hərçənd bir il əvvəl - 2019/20 mövsümünün ilk dövrəsi tam oynanılmışdı.

Gözlənilməz eniş
I dövrənin ən böyük gözlənilməzliyi “Qarabağ”la bağlıdır. Son çempion dövrəni vur-tut 9 xalla tamamlayıb. Düzdür, 6 oyun keçirən komandanın ehtiyatda bir matçı da qalıb. Amma ötən il I dövrədə 7 qələbəni sıralayan Qurban Qurbanovun yetirmələri üçün bu il itirilən 9 xal böyük itkidir. Düzdür, başı avrokuboklara qarışan komandanın ikinci yarıda bunun əvəzini çıxacağı çoxlarında şübhə doğurmur. Amma iki mövsüm arasındakı ciddi fərq göz önündədir. Bunun nəticəsidir ki, ağdamlılar dövrəni 4-cü sırada bitirib.

Startın sürprizi
Ötən mövsüm bu bölümü zirvədə bitirən “Qarabağ” 21 xal toplamışdısa, hazırkı lider “Sumqayıt” bunun 2/3-nə nail olub. Liderlik üçün 14 xal böyük göstərici sayılmasa da, Ayxan Abbasovun yetirmələri üçün irəli nəhəng addımdır. Özü də nəzərə alaq ki, komanda bir il əvvəl 7 xalla 6-cı sırada qərarlaşmışdı. Xalını ikiqat artıran sumqayıtlılar 5 addımlıq sıçrayışa sevinib.
Rəşad Sadıqovun baş məşqçi təyinatı ilə iddiaları artan “Zirə” də iki pillə yüksəkdə yer alıb. Amma qəsəbə təmsilçisi bir il əvvəlki ilə müqayisədə daha çox – 3 xal artırmağa müvəffəq olub.

Kiçik addımlarla zirvəyə doğru
Hazırda ilk “üçlük”də yer alan digər iki komanda da ötən mövsümlə müqayisədə daha yaxşı çıxış edir. Hər iki klubda baş məşqçi dəyişikliyinin olması da qeyd edilməlidir. Düzdür, onların addımları “Sumqayıt”ınkı qədər iri deyil. İkinci sırada olan “Neftçi” ötən il olduğu qədər məzmunlu futbol nümayiş etdirə bilməsə də, nəticə qazanmağı bacarır. Həmin dövrlə müqayisədə 2 xal artıq toplayan Füzuli Məmmədovun yetirmələri bir pillə yüksəkdə qərarlaşıb.

Üç addım geri
“Neftçi” və “Zirə”dən fərqli olaraq paytaxtın digər iki klubu bir ildə üzüaşağı yuvarlanıb. Ehtiyatda bir matçı olan “Səbail”in xal hesabı yarılanıb. Aftandil Hacıyevin yetirmələri turnir cədvəlində də üç addım aşağı düşüb. Elə “Keşlə”nin mövqeyində də eyni eniş hiss olunur. Çempionatın liderinin yeganə məğlubiyyətini yaşadan Yunis Hüseynovun komandası bir il öncə 2 xal artıq toplamışdı.

Sabit zəiflər
Bir il ərzində ciddi dəyişiklik olmayan iki klub isə “Sabah”la “Qəbələ”dir. Əyalət təmsilçisi ötən ilki kimi yenə 5 xala malikdir. Düzdür, bu dəfə komandanın qələbəsi yoxdur, amma xal hesabı eynidir. Amma Elmar Baxşıyevin yetirmələri eyni xalla bir pillə aşağı düşüb. “Sabah”a gəlincə, yay fasiləsində heyətinə və məşqçilər korpusuna ən çox “əl gəzdirən” paytaxt klubu da ötən illə müqayisədə “artırıb”. Amma bu artım son pillədən qurtulmaq üçün kifayət edən 1 xaldan ibarətdir. Visente Qomesin yetirmələri müvafiq dövrlə müqayisədə 2 pillə də öndədir.

Qurbani fərqi
İki mövsümün müqayisəsində məhsuldarlıqda ciddi fərq nəzərə çarpmır. Ötən il 28 matçda 60, bu il 27 oyunda 58 qol qeydə alınıb. Amma bombardirlər yarışında fərq göz qabağındadır. “Keşlə”li Lorenzo Frutos 4 qolla hamıdan öndə idisə, indi iki futbolçu bundan çox fərqlənib. “Sumqayıt”lı Əli Qurbani 6, “Neftçi”li Namiq Ələsgərov 5 dəfə rəqib qapısına yol tapıb. Bu məhsuldarlıq artımı klublarda əks istiqamətlə olub. Bir il əvvəl “Qarabağ”ın aktivində 17 top var idisə, indi ən məhsuldar komanda olan “Sumqayıt”da 11 qol var (apasport.az).

2019/20 mövsümü

1

Qarabağ

7

7

0

0

17-1

21

2

Keşlə

7

3

2

2

8-3

11

3

Neftçi

7

3

2

2

8-6

11

4

Səbail

7

3

1

3

8-11

10

5

Zirə

7

2

2

3

6-9

8

6

Sumqayıt

7

2

1

4

5-9

7

7

Qəbələ

7

1

2

4

3-14

5

8

Sabah

7

1

2

4

5-7

5

Bombardir: Lorenzo Frutos ("Keşlə") - 4 qol.

2020/21 mövsümü

1

Sumqayıt

7

4

2

1

11-7

14

2

Neftçi

7

4

1

2

7-6

13

3

Zirə

7

3

2

2

8-8

11

4

Qarabağ

6

2

3

1

8-4

9

5

Keşlə

7

2

3

2

6-5

9

6

Sabah

7

2

0

5

7-9

6

7

Səbail

6

1

2

3

7-9

5

8

Qəbələ

7

0

5

2

4-10

5

Bombardir: Əli Qurbani ("Sumqayıt") - 6 qol

Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!