“Neftçi”nin iki yetirməsi Maradonanın dünya çempionluğuna mane ola bilməyib

2 Dekabr 2020 13:20 Neftçi 471
“Neftçi”nin iki yetirməsi Maradonanın dünya çempionluğuna mane ola bilməyib

Sportinfo.az xəbər verir ki, dünya futbolu çərşənbə günü daha bir əfsanəni itirdi.

Təbii ki, söhbət ölümü ilə futbolsevərləri ağladan Dieqo Maradonadan gedir.

İndi haqqında keçmiş zamanda danışmağa məcbur olduğumuz şəxs vaxtilə Azərbaycan futbolunun yetirmələrinə qarşı da oynayıb.

…1979-cu ildə, avqustun 25-dən sentyabrın 7-nə qədər Yaponiyada keçirilən gənclər arasında dünya çempionatına qatılan 16 komanda arasında SSRİ yığması da, bu yığmanın heyətində isə “Neftçi”nin iki yetirməsi də var idi.

Viktor Çanov, Oleq Taran, Aleksandr Zavarov kimi gələcəkdə SSRİ-yə səs salacaq yeniyetmələrlə yanaşı, “gündoğar ölkə”yə Vladimir Mixaylevski və İqor Ponomaryov da yollanmışdı.

Ümumiyyətlə, Ponomaryov o dövrdə ölkənin ən istedadlı futbolçularından sayılırdı və bütün aşağı yaş qruplarında parlasa da, əsas yığmada özünə yer edə bilməməsi, sadəcə, taleyin acı zarafatıdı.

Uruqvay, Macarıstan və Qvineya ilə birgə D qrupunda yer alan “qırmızılar” 2 oyunda qalib gəlib, 1-də uduzmaqla 1/4 finala adladı. Qrup oyunlarında Ponomaryov və Mixaylevski hərəyə bir qol vurdu.

Ponomaryovun qəhrəmanlıqları pley-offda başladı. “Neftçi”nin yetirməsi Paraqvayla 1/4 final oyununun 70-ci dəqiqəsində hesabı 2:2 etməklə (hər oyun 80, əlavə vaxt 20 dəqiqə davam edirdi) SSRİ-ni məğlubiyyətdən qurtardı.

Çox maraqlıdı ki, penalti seriyasında o da büdrədi, Mixaylevski də. Hər halda, sovet yeniyetmələri 6:5 hesablı qələbə sayəsində yarımfinalda Polşaya rəqib oldu. Ponomaryov bu dəfə yeganə qolu 50-ci dəqiqədə vurdu.

Beləliklə, sentyabrın 7-də Tokioda keçirilən, bəzi mənbələrdə 52, bəzilərində isə 65 min azarkeşin izlədiyi yazılan oyunda Argentina və SSRİ yığmaları qarşılaşdı.

Argentinanın heyətində başqa ulduzlar da olsa da, təbii ki, bütün gözlər artıq dünyaya səs salmağa başlayan Maradonaya yönəlmişdi. Çanov ilk yarıda qapısını toxunulmaz saxlaya bildi.

2-ci hissənin əvvəlində - 51-ci dəqiqədə isə Qurinoviçin cinah ötürməsini başla tamamlayan Ponomaryov baxımlı qol vurdu. Amma bu qol sanki arı yuvasına uzadılan çöp rolunu oynadı.

67-ci dəqiqədə Alves əllə oyuna görə təyin olunan penaltini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirdi, 3 dəqiqə sonra Dias komandasını irəli çıxardı,

75-ci dəqiqədə cərimə zərbəsini mükəmməl yerinə yetirən Maradona isə oyunda son nöqtəni qoydu – 3:1. Onu da əlavə edim ki, Mixaylevski 60-cı dəqiqədə Dumanskinin əvəzinə meydana çıxmışdı.

Turniri 4 qolla bitirən Ponomaryov bombardirlər siyahısında Dias, Maradona və Palaşdan geri qaldı.

Beləliklə, nə qədər arzulasaq da, “Neftçi”nin iki yetirməsi dünya çempionu ola bilmədi, Maradona isə 7 il sonra böyüklər arasında da eyni titulu qazanacaqdı (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!