"Neftçi"dən: "Çempionatı bu vəziyyətdə davam etdirmək çətin olacaq"

13 İyun 2020 23:00 Neftçi 558
"Neftçi"dən: "Çempionatı bu vəziyyətdə davam etdirmək çətin olacaq"

"İki gün əvvəl də yoxlama görüşü keçirmişdik.

Bununla həm komandamızın fiziki vəziyyətini yaxşılaşdırmaq, həm də çempionat oyunları arasında fasilənin az olacağını nəzərə alıb futbolçuların bu gərginliyə uyğunlaşmasını istəyirik".

Sportinfo.az-ın "Neftçi"nin rəsmi saytına istinadən məlumatına görə, bunu komandanın baş məşqçisi Füzuli Məmmədov "Qəbələ" ilə keçirilən yoxlama görüşündən sonra deyib.

Komandasının 2:1 hesablı qələbə qazandığı qarşılaşmanı dəyərləndirən mütəxəssis oyun təcrübəsini geri qaytarmaq baxımından yoxlama oyunlarının önəmli olduğunu vurğulayıb: "Maraqlı oldu, hər iki komanda yaxşı oyun göstərdi. Təəssüf ki, bir-iki futbolçumuz yüngül də olsa zədələndi. Buna baxmayaraq, oyun təcrübəsini geri qaytarmaq baxımından belə görüşlər önəmlidir. Əzmkarlıq göstərdiklərinə görə hər iki komandanın üzvlərinə təşəkkür edirəm”.

Məmmədov futbolçuların zədələnmələrindən narahatlıq bildirib: "7 əvəzləmə etdik. Gənc, təcrübəsiz futbolçunun belə oyunlarda zədə alması xoşagəlməz olur. Ona görə də onları riskə atmaq istəmədik. İndiki halda komanda üç gündən bir oynamağa tam hazır deyil. Qısa fasilələr futbolçular üçün çox təhlükəlidir. Ona görə də keçən dəfə Platellas, bu dəfə isə Monroz zədələndi. Mikrozədələr olsa da, hər halda, zədədir. Maksimum çalışırıq ki, komandamız gərginliyə hazır olsun. Əminliklə deyə bilərəm ki, fiziki baxımdan tam hazır olmayacağıq".

"Ağ-qaralar"ın baş məşqçisi Premyer Liqanın bərpasının tərəfdarı olduqlarını vurğulayıb: "İki gündən bir oyun salırıq. Bu isə o deməkdir ki, komandanı çempionat matçlarına hazırlayırıq. Çempionatın davam etdirilməsinin tərəfdarıyıq. Komandanı da buna kökləyirik. Lakin məşqlərin bu səviyyədə getməsi futbolçuların çempionata hazır olmasına imkan verməyəcək. Çempionatı bu vəziyyətdə davam etdirmək komandamız üçün çətin olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!