"Çempionluq haqda indidən danışmaq düzgün deyil" - Voyislav Stankoviç

21 Oktyabr 2019 16:40 Neftçi 466
"Çempionluq haqda indidən danışmaq düzgün deyil" - Voyislav Stankoviç

"Neftçi"nin müdafiəçisi Voyislav Stankoviç Sportinfo.az-a müsahibə verib:

- Premyer Liqanın 8-ci turunda "Zirə"yə qalib gəldiniz. 3:0 hesablı qələbəni ehtimal edirdiz?
- Biz yaxşı futbol oynayıb, "Zirə"yə 3:0 hesabı ilə qalib gəldik. Çempionatda yaranmış fasilədən lazımınca yararlanmaq, oyunumuzu daha da yaxşılaşdırmaq üçün çalışırdıq. "Zirə"yə qalib gəlmək istəyirdik. Şadam ki, 3:0 hesabı ilə qalib gəldik. Hansısa hesabı isə ehtimal etmirdik.

- Fasilədə nələr dəyişdi, nələrin üzərində işlədiniz?
- Fasilədə çalışdıq. Məncə, komanda formasını yığmağa başlayır, oyundan-oyuna daha yaxşı oynayır. Bununla kifayətlənmək olmaz, daha yaxşı oynamağa çalışmalıyıq.

- Birinci dövrədə "Zirə"yə 0:1 hesabı ilə uduzmuşdunuz. Rəqibinizə qarşı ilk dövrədə çətinlik çəkdiniz, yoxsa bu dəfə?
- Bəli, ilk dövrədə uduzmuşduq. Bu dəfə isə qalib gəldik. Rəqibimizin ilk dövrədə, yoxsa, indi güclü olması barədə bir söz deyə bilmərəm. “Zirə”nin yaxşı futbolçuları var. Sadəcə, onlarda bir neçə zədəli oyunçu var idi. Bəlkə də bu onlara mane oldu. Layiqli qələbə qazandığımızı düşünürəm. İlk dəqiqələrdən qələbəyə köklənmişdik və bunun üçün hər şey etdik.

- Ardıcıl üç qələbə qazana bilmisiniz. “Neftçi”də işlərin qaydasına düşdüyünü, "qara zolaq"dan çıxdığınızı demək olar?
- Ardıcıl üç qələbə qazanmışıq. Amma bayaq da dediyim kimi dayanmaq olmaz. Hər oyuna daha da güclü hazırlaşmaq lazımdır. Yaxşı oyunçularımız var. Biz daha da yaxşı oynaya bilərik. Çempionata istədiyimiz kimi başlaya bilmədik. Lakin bu futboldur, hər şey ola bilər. Oyunumuzu yaxşılaşdırmağa başlamışıq və bundan da artıq oynamalıyıq.

- Hazırda "Neftçi" turnir cədvəlində ikinci pilləni tutur. Bu mövqe sizi razı salır?
- "Neftçi” hər mövsüm yüksək nəticələr üçün oynayır. Biz indi ikinci pillədəyik. Hər oyuna ciddi hazırlaşırıq. Qarşıda çox oyun var. Digər komandalara baxmırıq, öz oyunumuza fikir veririk.

- “Qarabağ”ın 22, sizin 14 xalınız var. Ağdam təmsilçisi “Qəbələ” səfərində xal itkisi ilə üzləşdi. Onların yenə xal itirəcəyinə ümidiniz var?
- Bizdən öndə “Qarabağ” var. Mövsümün əvvəlində bizdə işlər qaydasında getmədi. Bu hər bir komandanın başına gələ bilər. O vaxtı da demişdim ki, yalnız öz oyunumuza baxmalı və qarşıdakı oyunlara hazırlaşmaq lazımdır. İndi də hər oyuna maksimum hazırlaşırıq. Gələcəkdə necə olacağını görəcəyik. Qarşıda çox matç var.

- Ötən mövsüm “Neftçi” uzun müddət ilk pillədə idi, amma sonda “Qarabağ” sizi qabaqlayıb çempion oldu. Səncə, bu mövsüm yerlər dəyişə bilər?
- Ötən mövsüm ilk pillədəydik, sonda çempionluğu uduzduq. Bu mövsüm tərsinə olacaq, ya yox, zaman göstərəcək. Çempionluq haqda indidən danışmaq düzgün deyil.

- Fanatların sizə olan münasibətinin qaydasına düşdüyünü demək olar? Çünki əvvəlki oyunlarda rəhbərlik və baş məşqçini istefaya səsləyirdilər...
- "Zirə" ilə oyunda da azarkeşlərimiz gəldi və dəstək verdi. Biz onlara təşəkkür edirik. Əvvəllər istefa səsləndirmələri barədə bir söz deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, biz daha yaxşı oynamalı və yaxşı nəticələr qazanmalıyıq. Bunu azarkeşlər də görəcək və özləri gəlib bizə dəstək olacaqlar.

- Qarşıdakı turda rəqibiniz “Sumqayıt”dır. Onları səfərdə məğlub edə biləcəksiniz?
- “Sumqayıt” yaxşı komandadır. Son turda “Səbail”ə qalib gəliblər. Onların meydanında bizi çətin matç gözləyir. “Neftçi” hər oyuna qələbə üçün çıxır. “Sumqayıt”la görüşə yaxşı hazırlaşıb, meydana yalnız qələbə üçün çıxacağıq. Necə olacağını görəcəyik. Fikrimcə, “Neftçi”nin yaxşı dönəmi gəlib və bundan maksimum istifadə etmək lazımdır. Yaxşı formadayıq, "Sumqayıt”ı səfərdə udmağa gücümüz var.

Mir Bağır

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!