“Neftçi”dəki durumundan narazı futbolçu baş məşqçini təkbətək söhbətə çəkdi

2 Dekabr 2021 17:00 Neftçi 1 746
“Neftçi”dəki durumundan narazı futbolçu baş məşqçini təkbətək söhbətə çəkdi

Ötən mövsümü çempion kimi başa vurub , avrokuboklarda fiaskoya uğrayan “Neftçi” Samir Abasovun istəyi və təkidi ilə heyəti legionerlərlə zənginləşdirdi.

Harramiz Soareş, Sezar Meza Kolli, Romen Bask, Huqo Basto, Ramon Maçado, Tyaqo Bezerra, Xorxe Korrea – bu transferlərlə komandanın yarısı legionerləşdi.

İndi növbəli sistemlə demək olar hamı şans qazanır, bircə Harramizdən başqa.

Avrokuboklarda qapıdan başqa bütün mövqelərdə sınanan 31 yaşlı yarımmüdafiəçi çempionatın startındakı 2 oyunda üst-üstə 110 dəqiqə meydanda var-gəl etməklə yadda qaldı.

Vəssalam, bununla da “qələmi qırıldı”! Avqustdan bu yana adına protokolda rast gəldiyimiz Harramizi meydanda görmək mümkünsüzə çevrilib.

Yaranmış vəziyyət futbolçunun ürəyincə deyil. Hətta o, məsələ ilə bağlı Abasovla üzbəüz söhbət edib, baş məşqçidən nə vaxta qədər ehtiyatda qalacağını soruşub.

43 yaşlı mütəxəssis Portuqaliyadan gəlmiş yarımmüdafiəçiyə səbrli olmağı tövsiyə edib: “Hamı oynayacaq, sadəcə, gözləmək lazımdır”.

Harramiz gözləməyinə gözləyir. İtirəcək bir şeyi, tələsəcək yeri yoxdur. Adam 32 yaşın içindədir və “Neftçi”ylə 2023-cü ilin yayına qədər müqaviləsi var.

Oynatmasalar belə, məşq edib, ehtiyatda oturmaqla pulunu qazanacaq. İnsaf naminə, məvacibinin heç də az olmadığını deməliyik.

Bu işdə əsas yük klub rəhbərliyinin üzərinə düşür. Başbilənlər baş məşqçinin oynatmadığı futbolçu ilə danışıb, yola salınması yolunda ortaq məxrəcə gəlməlidir.

Lakin nə danışan var, nə söz deyən. Harramiz özü də gördüklərindən təəccüblənir. Ki, oynamadan pul qazanıram, klubda hamı razıdır.

Vəziyyətin nə vaxta qədər bu cür davam edəcəyi bilinmir. Bilinən odur ki, futbolçu mütəmadi forma geyinmək şansı qazanmaq üçün Azərbaycanın başqa komandalarına icarəyə verilməsinin tərəfdarıdır.

Təbii ki, avrokuboklara iddia edən komandaların birinə.

Bu işdə də son söz “Neftçi” rəhbərliyinindir...

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti