Məğlubiyyət, məğlubiyyət, yenə də məğlubiyyət ...
Artıq bu söz Azərbaycan milli komandasının dəyişilməz şuarına çevrilib. Daha da dəqiqləşdirsək çeviriblər.
Sanki qələbə qazanana söyüş qoyublar, yoxsa bizə yaraşan məğlubiyyətdir? Bəlkə, futbolu məğlubiyyət üçün oynayırlar bizim də xəbərimiz yoxdur?
Bu tip suallar "n" qədərdi. Cavab verənlər isə malalamaqla məşğuldur.
Əvvəllər bərbad idarəçiliyə rəğmən dişimizə görə rəqibləri uda bilirdik. İndi o da yoxdur. Ancaq məğlubiyyət! Nə vaxta kimi?
Biabırçı nəticələrə görə yenə baş məşqçi qurban veriləcək? Mütləq!
Amma məşqçini buyruqçu yerinə qoyanlar, milli komandaya qazanc yeri kimi baxanlar isə öz yerlərində qalacaq.
Balacadan böyüyə, həvəskardan peşəkara şərəfi və ləyaqəti olan hər kəs bilir ki, əsl günahkar kimdir. Bu xalqı məğlubiyyət havasına salanlar kimdir.
Müəyyən kəsim özünü nəyəsə satıb susa bilər. Ancaq danışanlar, yazanlar da yetəri qədərdir. Amma heç nə dəyişmir. Əsl günahkar yerində qalır, baş məşqçilər isə günahkar libasında qovulmağa davam edir. Nə vaxta qədər?
Axı ölkə futboluna cavabdeh olan konkret şəxslər var. Rövnəq Abdullayevdən Elxan Məmmədova kimi...
Bu adamlar niyə anlamaq istəmirlər ki, onlar təkcə futbola ayrılan küllü miqdarda pula yox, həm də futbolun özünə cavabdehdirlər. Ya düzəldəcəksən, ya da gedəcəksən. Düzəltmək bir kənara qalsın, dağıtmaqla məşğuldular. Yerləri də öz yerində. Axı nə vaxta kimi?
Xanoğlan İmanov

