Mübariz Mənsimov əsəbləşdi: "Məni öz alətinizə çevirib özünüzü reklam etməyin"

3 İyul 21:40 Maraqlı 2 781
Mübariz Mənsimov əsəbləşdi: "Məni öz alətinizə çevirib özünüzü reklam etməyin"

FETÖ terror təşkilatına üzv olmaqda ittiham olunan və bu səbəbdən həbs edilən azərbaycanlı iş adamı, "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimov ictimaiyyətə növbəti məktubunu ünvanlayıb.

Sportinfo.az xəbər verir ki, onun "feysbuk" səhifəsində yayılan məktubda bildirilir:

"Mən hər gün vəkillərin vasitəsilə baş verənlərdən xəbərdar oluram. Baxıram ki, mənim son məktubum bəzi insanlar tərəfindən yanlış anlaşılıb.

Bəziləri isə, bu məktubu istədikləri kimi görmək və şərh etmək istəyiblər. Mənim dostlarıma və məni tanıyan insanlara giley-güzarımı fərqli şəkildə təqdim edib, buna siyasi don geyindirməyə cəhd edənlərə üzümü tutub deyirəm:

Mən heç bir zaman siyasətçi olmamışam və olmaq niyyətim də yoxdur. Siz mənim məktublarımı alıb onlara istədiyiniz rəngi verirsiniz. Bu azmış kimi, bəziləri guya məni müdafiə edir, əslində isə, tam əksinə, məni hədəfə çevirirlər.

Xaricdə yaşayan mühacir blogerlər: sizin məqsədiniz məni dövlətlə üz-üzə qoymaqdır? Əsla! Mən hər zaman dövlətimin və prezidentimin yanında olmuşam və bundan sonra da belə olacaq.

Mənim məktubumu əlinizdə bayraq edib nalayiq söyüşlərlə, əsası olmayan çağırışlarla yayınlarınızdan guya Mübariz Mənsimovu müdafiə edirsiniz. Lakin bütün bunlar nə mənə, nə də mənim azadlıqda olmağımı istəyənlərə lazımdır.

Mən heç bir zaman xaricdə oturub əxlaqsız ifadələrlə, ana-bacı bilməyən, söyüşlərlə xalqın adından danışanları dəstəkləmədim və bundan sonra da dəstəkləmərəm.

Mən açıq və aydın şəkildə hər şeyi izah edirəm: məktubuma siyasi rəng verərək məni öz alətinizə çevirib özünüzü reklam etməyin. Mən, Mübariz Mənsimov, iş adamıyam. Mənim duruşum da, baxışım da hər kəsə bəllidir.

Mən nə olursa olsun, Azərbaycan dövlətinə və dövlətçiliyinə zərrə qədər də xələl gətirməsini heç kimə müsaidə etmərəm. Azərbaycan mənim vətənimdir. Azərbaycanın inkişafı və rifahı, hər bir vətəndaş kimi, mənim də başımın ucalığıdır".

Digər Xəbərlər
Xəbər Lenti
9 Avqust 14:40 "Bu, məni dəli edir"
8 Avqust 17:10 "Lənətlənmişik"