“Neftçi”nin yaxşı olması üçün əsas heyətdə 4-5 legioner oynamalıdır"

28 Mart 2022 01:50 Maraqlı 874
“Neftçi”nin yaxşı olması üçün əsas heyətdə 4-5 legioner oynamalıdır"

Vaxtilə Azərbaycanda “Neftçi” (2010-2012) və “İnter”(hazırki “Keşlə”) (2012-2015) klublarında oynamış Şimali Makedoniyanın veteran futbolçusu Slavço Georgiyevski sportal.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, hazırda ölkəsində "Teteks"in baş məşqçisi olan Georgiyevski Azərbaycan və Şimali Makedoniya futbolunu da müqayisə edib.

- Baş məşqçi kimi işin necə gedir?
- Hazırda “Teteks”in baş məşqçisiyəm. Turnir cədvəlinin 4-cü pilləsindəyik. Gənc futbolçulardan ibarət komandam var və bu mövsüm bizim üçün uğurlu alınır. Çünki biz “Vardar” və “Sileks” kimi komandalarla eyni liqada çıxış edirik.

- Şimali Makedoniya millisi pley-off matçında İtaliyaya qalib gələrək Dünya çempionatına yollanmağa bir addım da yaxınlaşdı. Bu haqda fikrin necədi?
- Millimiz çox yaxşı irəliləyir. Avropa çempionatında da oynadılar. Amma bu, elə-belə olmadı. Hazırki komanda U-21 yığması kimi Avropa çempionatında çıxış etmişdi. Deməyim odur ki, daha yaxşı olacaq. Çünki bu kollektiv uzun illərdi birlikdə oynayır.

- Dünya çempionatına vəsiqə qazanmaq üçün Portuqaliya millisini sıradan çıxarmaq lazımdı. Səncə, milliniz bunu bacaracaq?
- Portuqaliya ilə matçda şansımız var. Çünki əvvəl Almaniyanı udmuşduq, daha sonra İtaliyaya qalib gəldik. Yəni böyük millilərə qarşı uğurlu nəticələrimiz var. Allah qoysa, Portuqaliyanı da udarıq. Futbolçularımıza ümidim və inamım var.

- Şimali Makedoniyanın İtaliyanı məğlub etməsindən sonra Azərbaycanda müzakirələr başladı ki, "nəyə görə biz də onlar kimi uğur qazana bilmirik?". Səncə, Azərbaycan millisi nəyə görə bu cür uğurlar qazana bilmir?
- Azərbaycan da bunu edə bilər. Çünki şərait var, yaxşı futbolçular var, sadəcə onları inkişaf etdirmək lazımdı. İşləmək lazımdı ki, alınsın. AFFA təşkilatlanmış qurumdu və onlar da hər şeyin alınması üçün əlindən gələni edir. Milli komandanın yaxşı olması üçün, yerli klublar yerli, gənc futbolçularla daha çox işləməlidi. Məsələn, onlara daha çox şans verib, inkişaf etməsinə kömək etmək lazımdı.

- Azərbaycanda oynamısan və bizim futboldakı sistemlə də yaxından tanış idin. Şimali Makedoniyadakı sistemlə Azərbaycandakı sistem çox fərqlidi?
- Əslində, böyük fərq yoxdu. Biz məşqçilərin inkişafına daha çox vaxt ayırırıq. Mənim kimi keçmiş milli üzvləri daha çox işləyirik, daha da inkişaf edirik. Milli komandamızın gələcəyi üçün oyunçular yetişdiririk.

- Səncə, Azərbaycan millisində yerli məşqçi çalışmalıdı?
- Milli üçün seçimi federasiya edir. Bu, AFFA-nın siyasətidi və orada kimin işləməli olduğunu deyə bilmərəm. Bəli, yerli çalışa bilər. Hər halda orada futbolu çox yaxşı bilən mütəxəssis işləməlidi. Legioner məşqçi də gənclərlə çalışa bilər. Bu, AFFA-nın məşğul olduğu mövzudu.

- Qurban Qurbanov baş məşqçi postuna təyin edilsə də, millidəki işi uzun çəkmədi. Son zamanlar isə insanlar daha çox Rəşad Sadıqovun milliyə baş məşqçi təyin olunacağı təqdirdə, millidə uğurlu nəticələrin ola biləcəyini ehtimal edilir...
- Mənə görə Qurban Qurbanov çox yaxşı məşqçi və insandı. Rəşad Sadıqov həmçinin. Ona da millidə baş məşqçi kimi şans vermək lazımdı.

- Sabiq komandan "Neftçi" ötən mövsüm çempion olsa da, hazırda lider "Qarabağ"dı. Sənin üçün doğma olan bu komanda barədə fikrin necədi?
- “Neftçi” ötən mövsüm çempion oldu və mən buna görə çox sevinirdim. Onlar çempion ola bilməyəndə məyus oluram. “Neftçi”nin yaxşı olması üçün əsas heyətdə 23 yaşa qədər olan 7-8 yerli gənclər və 4-5 legioner oynamalıdı. Ehtiyat skamyada da 20 yaşa qədər olan 5-6 futbolçu oturmalıdı. Demək ki, yerli gəncləri inkişaf etdirmək lazımdı. Mən hər gün “Neftçi” və Azərbaycan haqda düşünürəm. Karyeramın ən yaxşı anları, ən yaxşı həyatım Azərbaycanda, Bakıda olub. Səhər oyanıram və işə başlayıram, ürəyimdə isə nə vaxtsa Azərbaycanda işləmək istəyi var. Azərbaycandakı çempionluq anları, azarkeşlər və yaxşı futbolu çox xatırlayıram.

- Son zamanlar Azərbaycanda şimali makedoniyalı futbolçular çox da gəlmir. Səncə, klublarımız onlara ehtiyac duymur, yoxsa futbolçular Azərbaycana gəlmir?
- Yəqin ki, zaman dəyişib, makedoniyalı futbolçulara maraq azalıb. Amma yenidən həminki zaman gələcək. Mən də istəyirəm ki, gəlim Azərbaycana və azərbaycanlı, şimali makedoniyalı gəncləri birlikdə inkişaf etdirək. Azərbaycanlılar və şimali makedoniyalılar səviyyəni birlikdə qaldıracaq. Allah qoysa, Azərbaycan da Avropa və dünya çempionatında oynayacağı gün gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"