"Mən ona sübut edəcəm ki, milli komandaya layiqəm"

30 Sentyabr 2019 00:14 Şamaxı 454
"Mən ona sübut edəcəm ki, milli komandaya layiqəm"

"Keşlə"nin hücumçusu Ruslan Qurbanov Premyer Liqanın VI turunda "Zirə"ni məğlub etdikləri oyun haqda Sportinfo.az-ın suallarını cavablandırıb.

- Gözləmirdik ki, görüş bizim üçün belə asan olacaq. Samir Abasov “Zirə”də yaxşı komanda formalaşdırıb. Bu kollektiv həmişə iddialı olub, yuxarı yerlər üçün yarışıb. Üç xal bizim üçün vacibdi.

- Vurduğun qolu necə şərh edərdin?
- Özümə maraqlı idi ki, niyə beş tur qol vura bilmirdim. Oyundan əvvəl Allahdan qol vurmağı istəmişdim. Şükürlər olsun ki alındı. Qolun təkrarına baxandan sonra deyə bilərəm ki, gözəl alınıb, ya yox. Belə görünür, qol həqiqətən də yaxşı alınıb. Qol vurmağımın və bunun gözəl olmasının heç bir fərqi yoxdur, əsas komanda qalib gəldməsidi. Bunda mənim də payım oldu.

- “Keşlə”nin bu mövsüm əsas məqsədi nədi?
- Komandanı əvvəlki yerinə qaytarmaq. "Keşlə" daha öncə “İnter” adı ilə avrokuboklarda yarışırdı. İndiəsas məqsədimiz çoxlu xal qazanıb, Avropaya vəsiqə əldə etməkdir.

- “Səbail” yaxşı günlərini yaşamır. Turnir cədvəlində 2-3-cü yerləri bölüşdüyünüz bu komandanı gələn turlarda keçə biləcəksiniz?
- “Səbail” yaxşı komandadır, ötən mövsüm onun heyətində çıxış etmişəm. Baş məşqçiləri Aftandil Hacıyev yaxşı mütəxəssisdir. “Səbail”də elə futbolçular var ki, oyunda istənilən zaman qol vura və təhlükə yarada bilər. Onlara da uğurlar arzulayıram. Düzdür, “Səbail” çətin dönəmdədi. Bütün komandalarda belə günlər ola bilər. İstəyərdim ki, klublarımız yaxşı çıxış etsin, İştirakçı sayı daha da artrsın, 8 deyil, 12 komandalı çempionat olsun. Bu, futbolçulara, klublara və daha çox milli komandaya xeyir gətirə bilər.

- Sabiq klubun “Neftçi” mövsümə pis başlayıb. Onun bu durumu sizin yuxarı pillələrdə qalmağınız üçün kömək ola bilər?
- İnsanıram ki, “Neftçi” çempionluq uğrunda mübarizəyə qayıdacaq. Bu komandada çıxış etdiyim vaxtda də belə çətin günlər olurdu, azarkeşlər də onları anlamalıdır. “Neftçi” Avropa Liqasında yaxşı çıxış etdi. İndi çempionata bir az pis başladı. Fikir verin, “Qarabağ” bütün oyunlarda qalib gəldi. Bu da onu göstərir ki, daha stabildir. Uzun müddətdir ki, birgə oynayırlar: eyni kollektiv və baş məşqçi. Stabillik “Qarabağ”a uğur gətirir. “Neftçi”nin çempionluq yarışına qayıdacağına inanıram. Ona da uğurlar arzu edirəm.

- Azərbaycan milli komandasına dəvət almamağın nə ilə bağlıdır?
- Milliyə yalnız uğurlar arzulayıram və qələbə gözləyirik. İnanıram ki, yığma komandamız Azərbaycan xalqını sevindirəcək. Əlbəttə, ora dönmək istəyirəm. Ancaq hər şey ola bilər. Nikola Yurçeviç hələ məni millinin futbolçusu kimi görmür və buna hörmətlə yanaşıram. Mən ona sübut edəcəm ki, milli komandaya layiqəm.

Digər Xəbərlər
Xəbər Lenti