"Oyunçular özlərinə gələ bilmirlər, məyusdurlar" - Millinin baş məşqçisi

4 Noyabr 2023 12:40 Milli komanda 892
"Oyunçular özlərinə gələ bilmirlər, məyusdurlar" - Millinin baş məşqçisi

"Oyunçularımız dünəndən özlərinə gələ bilmirlər, məyusdurlar".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının yarımfinalında Qazaxıstana 2:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Mütəxəssis çox üzgün olduqlarını bildirib:

"Məğlubiyyətə görə təəssüflənirik. Rəqibi yaxşı təhlil etmişdik.

Finala vəsiqə qazana biləcəyimizə də əmin idik. Qazaxıstanın uğuruna kölgə salmaq istəmirəm.

Komanda ölkənin tanınmış futzalçılarından təşkil olunub. Hətta böyük futbol oynamış bir neçə oyunçu da var.

Onlar Meksika və Çexiya kimi dünya çempionatının əsas favoritlərini mübarizədən kənarlaşdırıblar. Həqiqətən layiqli və güclü rəqibdir.

Məncə, bizim komanda finala daha layiq idi. Azarkeşlərimiz hansı qol şanslarından yararlana bilmədiyimizi gördülər. Amma alınmadı".

Quliyev bu gün Macarıstana qarşı keçirəcəkləri üçüncü yer uğrunda görüşə də toxunub:

"Futbolçuları bu matça kökləməyə çalışırıq. Vətənə medalla qayıtmağa və göstərilən etimadı doğrultmağa çalışacağıq".

Azərbaycan - Macarıstan qarşılaşması bu gün, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!