Xankəndidə bunları etmək qadağan olundu

27 May 2023 18:10 Hadisə 7 451
Xankəndidə bunları etmək qadağan olundu

Qarabağdakı Azərbaycan torpaqlarında məskunlaşmış qondarma ermən icmasının başçısı Araik Arutyunyan mayın 2-da Xankəndi və ətrafında bütün kütləvi aksiyaların qadağan edilməsi barədə “sərəncam” verib.

Arutyunyan qadağaları “hərbi vəziyyətlə əlaqədar tətbiq edilən məhdudiyyətlər”lə izah edib.

“Qərara” görə yalnız “xalqın öz müqəddəratını təyinetmə hüququnu həyata keçirmək məqsədi ilə” təşkil edilən aksiyalara icazə verilə bilər, “bayram və anım günlərinin” də keçirilməsi istisnadır. Amma bu aksiyalar da yalnız “artsax hökumətinin” icazəsi ilə mümkün olacaq.

Arutyunyan ermənilərin “ifadə azadlığını da məhdudlaşdırıb”. Belə ki, mayın 26-dan qondarma qurumun “müdafiə qabiliyyətinə, təhlükəsizliyinə, ərazi bütövlüyünə, suverenliyinə, konstitusiya və ya ictimai asayişə, iqtisadiyyatın normal inkişafına qarşı təbliğat aparılmasını qadağan edilir”.

040100025322-1.jpg (205 KB)

Qeyd edək ki, “qondarma rejimin təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan bir neçə gün öncə Xankəndidə etiraz aksiyası keçirib. O, özünə dövlət naziri postunun verilməsini, Arutyunyanın istefasını tələb edir. “Hraparak” nəşrinin məlumatına görə, “artsax”da daxili vəziyyət gərginləşib: “Bir tərəfdən Samvel Babayan və Ruben Vardanyanın simasında müxalifət qüvvələri fəallaşıb. Eyni zamanda Babayan dövlət nazirinin təyin olunmasını tələb edir. Digər tərəfdən, daxildə sakitlik yoxdur. “Artsax Milli Assambleyası”nın spikeri də tələb səsləndirib: “Arayik Arutyunyan ya istefa verib yeni seçkilərə getməlidir, ya da etimad referendumu keçirilməlidir”. Qəzet onu da yazır ki, bir neçə gün əvvəl Arutyunyan məsləhətləşmələrin başlandığını və müxalifət qüvvələrinin nümayəndələrinin, o cümlədən Samvel Babayan və Ruben Vardanyanın daxil olacağı “yeni qurumun formalaşdığını” elan etmişdi. Lakin məsləhətləşmələr nəticəsiz qaldı və siyasi qüvvələr bir masa arxasında əyləşə bilmədi. Məlum olub ki, Araik Arutyunyan “etimad referendumunun” keçirilməsi təklifi ilə çıxış etməyə hazırlaşır və o, bu barədə qərar verib. Yaxın bir-iki ayda referendum təşkil olunacaq. Bundan sonra separatçıların özlərinə quldurbaşı kimi Arutyunyanı seçib-seçməyəcəyi müəyyənləşəcək”, – Hraparak yazıb. Belə görünür ki, Araik məhz “hakimiyyətinə” qarşı təhlükənin ciddiləşdiyini hiss etdiyi üçün aksiyaları qadağan edib. Bunu “hərbi vəziyyətlə izah etməsi” isə sadəcə, bəhanədir.

uOKbSsmhqKfPXieBaow9.jpg (36 KB)

Mayın 24-də qondarma “xarici işlər naziri Sergey Qazaryan Ermənistanda akkreditə olunmuş xarici səfirlərə Azərbaycandan şikayət məktublar göndərib. Məktubda qeyd olunur ki, guya Azərbaycanın “artsaxda qeyri-qanuni silahlıların ötürülməsi barədə qəsdən dezinformasiya yayır, bununla da yeni hücumlara haqq qazandırmağa çalışır”.

Ermənistanın hakim fraksiyasının katibi Hovhannisyan isə parlamentdəki brifinqində Qarabağ ermənilərinin taleyi haqda suala cavab verib. O deyib ki, Qarabağ problemi məhz Ermənistanın ikinci prezidenti Robert Köçəryanın danışıqlar masasından geri çəkməsindən sonra dərinləşib. O qeyd edib ki, indi İrəvan Qarabağ erməniləri ilə Bakını dialoq masasına qayıtmağa çalışırlar ki, orada sonuncular öz hüquqlarını təsəvvür etdikləri kimi həyata keçirə biləcəklər. O deyib ki, qarabağlı ermənilərə danışıqlar prosesinin bütün təfərrüatları haqda həmişə məlumat verirlər.

Orxan ƏLİYEV

Digər Xəbərlər
Xəbər Lenti