6 yaşında faciənin şahidi olan çempion: “Ayaqlarım donmuşdu, atam ayaqqabını kəsib...”

19 Aprel 01:10 Bizimkilər 299
6 yaşında faciənin şahidi olan çempion: “Ayaqlarım donmuşdu, atam ayaqqabını kəsib...”

Ağdaban faciəsindən 32 il ötür.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib.

Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, səkkiz nəfər 90-100 yaşlı qoca, iki azyaşlı uşaq, yeddi qadın diri-diri yandırılıb.

Kunq-fu üzrə beşqat dünya çempionu Ellər Orucov da faciəni öz gözləri ilə gördüyünü bildirib.

Sportinfo.az xəbər verir ki, moderator.az-a açıqlama verən idmançı o illəri bu gün də ürək ağrısı ilə xatırladığını deyib.

“Ağdaban faciəsindən 32 il keçir. Bu faciəni öz gözlərimlə görmüşəm. Altı yaşın içində idim. Çətin günlər idi. Səhər saat 6-7 radələrində insanların bəzilərinin xəbəri var idi ki, Ağdabanı ermənilər mühasirəyə alıblar. Qışqırırdılar ki, “çıxmağa, qaçmağa yeriniz yoxdur, təslim olun”. Evin divarına söykənmişdik. Tərpənə bilmirdik. Hərəkət edən kimi bizi görüb güllə atırdılar. Güllə yağış kimi yağırdı. Uşaq idim, ağlım kəsmirdi. İstədim ki, yerə tökülən patronları yığım. Əmim qolumdan tutub məni arxaya çəkdi. Bir saata yaxın o vəziyyətdə qaldıq, mühasirədən çıxa bilmirdik”, - o deyib.

Ellər Orucov bildirib ki, çətinliklə də olsa, mühasirədən çıxa biliblər:
“Əmim hərbçi idi. Atam isə postda keşik çəkirdi. Əmim silahı götürüb qarşı tərəfə qaçdı. Elə qaçırdı ki, nə qədər güllə atsalar da, ona dəymirdi. Qonşunun evinin yanından keçib onlar tərəfə atəş açdılar. Əslində, belə etməklə ermənilərin başını qatırdılar ki, kənd camaatı mühasirədən çıxa bilsin. Çıxış üçün bir yol var idi. O yol da qarlı, dərəli, meşəli yoldan keçirdi. Qaça bilənlər qaçıb getdilər, qaça bilməyənləri isə ermənilər oradaca güllələdilər. Ayaqqabım ayağımdan çıxmırdı, şişmişdi. Atamla anam ayaqqabımı bıçaqla kəsib, çətinliklə də olsa, çıxardılar. Ağdaban sakinləri böyük qəhrəmanlıq göstərirdilər. Onların hesabına kimlərsə sağ-salamat çıxdılar. Babam kənddən çıxarkən onu Aşıq Şəmşirin abidəsinin yanında snayper vurdu. Babam və dayım Birinci Qarabağ müharibəsində şəhidliyə ucaldılar. Babam o qədər məşhur döyüşçü idi ki, ermənilər onun başına pul qoymuşdular”.

O, doğma Ağdaban kəndini işğaldan sonra hələ görmədiyini bildirib:

“Şükürlər olsun, artıq dörd ildir ki, Kəlbəcərimiz işğaldan azad edilib. Doğma yurdumu gedib görmək hələ ki mənə qismət olmayıb. Amma valideynlərim gedib görüblər. Evimizin divarlarının yarısı qalıb. Söküb apardıqlarını aparıblar, apara bilmədiklərini yandırıblar. Qəbirlər qalıb. Atama Ağdaban kəndinə getmək qismət olub. İnşallah ki, mən də gedərəm”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı