Tərlan Əhmədov, “Neftçi”dən acıq çıxmaq üçün bu, necə fürsətdir?

8 Noyabr 2019 15:46 Premyerliqa 735
Tərlan Əhmədov, “Neftçi”dən acıq çıxmaq üçün bu, necə fürsətdir?

Azərbaycan Premyer Liqasında 11-ci tura noyabrın 9-da start veriləcək. Turun qarşılaşmaları 2 gün ərzində keçiriləcək.

“Qəbələ” qalib gəlməyə borcludur

Turun açılış oyunu Qəbələdə olacaq. “Qəbələ” “Səbail”i qəbul edəcək. Hazırda sonuncu pillədə olan əyalət təmsilçisinin turnir cədvəlindəki mövqeyi oyunu ilə adekvat deyil. “Qəbələ” “Qarabağ”dan savayı, digər komandaların heç birindən keyfiyyətsiz oyun göstərmir. Sadəcə, futbolçular yaratdıqları imkanlardan yararlana bilmirlər. Elə ötən tur “Sabah”a da məhz bu ucbatdan məğlub oldular. Amma bu tur o məğlubiyyəti unutdurmaq olar. Çünki “Qəbələ”nin rəqibi dağınıq durumda olan “Səbail”dir. Böyük ehtimalla, bu komandanın futbolçuları səbrsizliklə qış fasiləsini gözləyirlər ki, hərəsi başını götürüb bir tərəfə qaçsın. “Qəbələ”, “belə komandanı məğlub etmək olar” demirik, “belə komandanı məğlub etməlisən” deyirik.

Statistika nə deyir?

Son 3 oyunda hər iki komanda qol vurub. “Qəbələ” öz meydanında uduzmayıb.

“Qəbələ” – “Səbail” – 9 oyun, 4 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət, top fərqi 15-9.

Bir-birinə tay rəqiblər

Günün digər qarşılaşmasında “Keşlə” “Neftçi”ni qəbul edəcək. Bir-birinə tay rəqiblərin qarşılaşması. APOEL-lə oyunu düşünən “Qarabağ”ı məğlub edə bilməyən “Neftçi” elə “Keşlə”yə tay olmalıdır. Hələ “Keşlə”yə də tay olduğunu sübut etməlidir. “Ağ-qaralar” bu qarşılaşmada məğlub olsalar, 2-ci pilləni də əldən verəcəklər. və məlum olacaq ki, heç “Keşlə” səviyyəsində də deyillər. Tərlan Əhmədov, bu, “Neftçi”dən acıq çıxmaq üçün necə fürsətdir? Üstəlik, “Keşlə” bu oyunda qalib gəlsə, avrokuboklara vəsiqə iddiasını nəinki böyük ölçüdə artıracaq, demək olar ki, reallaşdıracaq. Bu amilləri nəzərə alsaq, “Keşlə”nin futbolçuları və o cümlədən baş məşqçisi üçün motivasiya mənbəyi hazırdır.

Statistika nə deyir?

“Keşlə” 5 matçdır qol vura bilmir. “Neftçi” son 7 səfər oyununu qolsuz tərk etməyib.

“Keşlə” - “Neftçi” - 60 oyun, 14 qələbə, 15 heç-heçə, 31 məğlubiyyət, top fərqi 58-90.

“Sabah”da nəyə diqqət ayrılmalıdır?

Turun digər 2 qarşılaşması noyabrın 10-da keçiriləcək. Əvvəlcə meydana “Sabah”la “Sumqayıt” çıxacaq. “Sabah” ötən tur qələbə qazansa da, “Qəbələ” ilə oyunda o dünyanı görüb qayıtdı. Nə məsələdirsə, “tələbələr” hesabda önə çıxdıqdan sonra oyunun “ipini” əldən verirlər. Deyəsən, komandada məsuliyyət hissi olduqca aşağıdır. Elə itirilən xallar da bu məsuliyyətsizliyin nəticəsidir. Hər halda, məşqçilər korpusu, klub rəhbərliyi də bu amilə diqqət ayırmalıdırlar. İndi “Sabah”ın əlinə yaxşı fürsət düşüb. “Sumqayıt”la oyunda qələbə qazanıb, daha üst pilləyə yüksəlmək və avrokuboklar iddiasını dirçəltmək. Amma qələbə qazana bilməsələr, “Qəbələ” ilə oyunda qazanılan qalibiyyətinin də heç bir əhəmiyyəti qalmayacaq.

Statistika nə deyir?

“Sumqayıt” üç matçdır uduzmur. “Sabah”ın ev oyunlarında hər iki komanda qol vurur.

“Sabah” – “Sumqayıt” – 5 oyun, 1 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət, top fərqi 3-7.

“Zirə” qışda nəyi dəyişməli olacaq?

Günün və turun son oyununda “Qarabağ” “Zirə”ni qəbul edəcək. Bəli, “köhlən atlar” uzaq səfərdən qayıdıblar, ağır oyun keçiriblər, yorğundurlar. Hə, nə olsun? Axı bütün bunların “Zirə”yə nə dəxli? “Zirə” indi belə üstünlüklərdən yararlanacaq halda deyil. Komandada baş məşqçini də dəyişdilər, amma oyun planında heç nə dəyişmədi. Öz meydanında Allahın “Sumqayıt”ına da qalib gələ bilməyən komandadan “Qarabağ”la oyunda nə gözləmək olar? Məğlubiyyətdən başqa heç nə. Belə görünür ki, “Zirə” rəhbərliyi qış fasiləsində baş məşqçini yox, futbolçuları dəyişməli olacaq. Özü də tam heyətlə.

Statistika nə deyir?

“Zirə” indiyədək rəqibinə qalib gəlməyib. “Qarabağ” son iki matçda üç qol vurub.

“Qarabağ” – “Zirə” – 17 oyun, 13 qələbə, 4 heç-heçə, top fərqi 36-7.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!