"Neftçi" üçün əlimdən gələnin daha artığını etmişəm"

22 İyun 2020 10:52 Neftçi 863
"Neftçi" üçün əlimdən gələnin daha artığını etmişəm"

«Müqaviləmin müddətini uzadacaqlarını düşünürdüm. Bu qərar mənim üçün çox gözlənilməz oldu».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi» ilə yolları ayrılan Tural Axundov deyib.

Paytaxt təmsilçisi mövsümlərarası fasilədə daha bir futbolçu ilə yollarını ayırıb. Müdafiəçi Tural Axundov karyerasını “ağ-qaralar”da davam etdirməyəcək.

Müqavilə müddəti başa çatan 32 yaşlı cinah oyunçusuna yeni sözləşmə təklif olunmayıb. 2018-ci ilin yayından “Neftçi”nin formasını geyinən Axundov geridə qalan iki il ərzində 41 oyunda meydana çıxıb, 1 qol vurub.

O, bu həftə yeni klubu ilə anlaşacağını açıqlayıb: «Bu 2 ildə «Neftçi»də canla-başla oynamışam. Fəxr etmişəm ki, «Neftçi»nin formasını geyinirəm. Çünki bu klub brenddir.

«Neftçi» üçün əlimdən gələnin daha artığını etmişəm, daha çox can qoymuşam. Elə fikirləşirdim ki, qalacam. Komandadan gedəcəyimi mənə əvvəlcə idman direktoru Ceyhun Sultanov söylədi. Sonra baş məşqçi ilə görüşüb söhbət etdim.

Mənim nə Ceyhun müəllimdən, nə də Füzuli Məmmədovdan narazılığm var. Müqaviləmin uzadılmasını istəmədilər, mən də bunu normal qarşılamadım.

Xaraktercə sakit insanam, belə məsələlərdə ümumiyyətlə problem yaradan deyiləm. Əvvəlki klublarımda da belə olmuşam. Heç vaxt rəhbər şəxslərlə, məşqçilərlə problem yaşamamışam. Hörmət qoymuşam, hörmət görmüşəm.

«Neftçi» rəhbərliyindən də şikayətim yoxdur. Yenə sağ olsunlar, dəvət etdilər, 2 il bu klubun şərəfini qorudum. Açığı, bir-iki təklif almışam. Hələ ad açıqlaya bilmərəm. Qarşıdakı günlərdə təkliflərdən birini dəyərləndirəcəm».

Digər Xəbərlər
Xəbər Lenti