Bizə qalan onlar olacaq - Qurbanov, Baxşıyev, Sadıqov...

30 İyul 2022 14:00 Maraqlı 1 752
Bizə qalan onlar olacaq - Qurbanov, Baxşıyev, Sadıqov...

“Zirə” Konfrans Liqasında mübarizəni başa vurdu. Amma komanda evdəki darmadağına rəğmən səfərdə “Makkabi” (Təl-Əviv) kimi güclü komanda ilə layiqli heç-heçə etməklə gələcəyə ümid yaratmış oldu.

Bu barədə iki gündü yetəri qədər danışılıb, yazılıb. Mənim diqqətimi çəkən isə bir başqa məsələdir – yerli futbolçulara olan güvən.

Bəli, gənclərlə və yerlilərlə işləməkdə maraqlı olduğunu zaman-zaman isbatlamış Rəşad Sadıqov Təl-Əvivdə də buna sadiq qaldı.

Belə ki, onun meydana buraxdığı onbirlikdən nə az, nə çox 8 nəfər yerli statuslu futbolçular idi - Mehdi Cənnətov, İlkin Muradov, Rəhim Sadıxov, Rüstəm Əhmədzadə, Hacıağa Hacılı, Qismət Alıyev, Coşqun Diniyev və Slavik Alxasov.

Ehtiyatdan oyuna daxil olan 5 futbolçudan isə üçü - Sertan Taşkın, Cəlal Hüseynov və Ramin Əhmədov yerli futbolçular idi. Sonunculardan Cəlalın 19, Raminin isə 21 yaşında olmasını xüsusi vurğulamaq yerinə düşər.

Maraq üçün digər klublarımızın avrokuboklardakı son matçlarına da diqqət etdik.

“Zirə”dən sonra ən yaxşı göstərici “Qəbələ”dədi. Elmar Baxşıyev 5 yerli futbolçu ilə komandasını meydana buraxıb.

Sonrakı sırada isə “Qarabağ” gəlir. Qurban Qurbanov 4 azərbaycanlı futbolçuya start heyətdə şans verib. Milliləşdirilmiş braziliyalı Riçard Almeydanı da saysaq “Ağdamlılar” “Qəbələ”yə çatmış olacaq.

“Neftçi” isə vəziyyət daha acınacaqlıdır. Regekampf cəmi 2 azərbaycanlıya güvəndiyini göstərib. Milliləşdirdiyimiz Eddi İsrafilovla say üçə çatır.

Rumıniyalı mütəxəssis göründüyü kimi digər 3 yerli həmkarından geri qalır. Bu, həm də onun növbəti isbatıdır ki, bizə qalan, dəyər verən elə özümüzünkülər olacaq – Qurbanov, Sadıqov, Baxşıyev kimi...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti