TOKİO-2020: Boksçumuzun bürünc medalı rəsmiləşdi

1 Avqust 2021 14:15 Paris-2024 858
TOKİO-2020: Boksçumuzun bürünc medalı rəsmiləşdi

Tokio Olimpiadasında Azərbaycanın qazandığı 2-ci medalın əyarı dəqiqləşib. Olimpiadada mübarizəni davam etdirən sonuncu boksçumuz olan Alfonso Dominges (81 kq) çıxışını bürünc medalla başa vurub.

Bir qədər əvvəl başa çatan yarımfinal döyüşündə kubalı legionerimiz həmyerlisi, olimpiya və dünya çempionu Arlen Lopeslə Kardona qarşılaşıb. "Bizim kubalı" daha titullu həmyerlisi ilə döyüşdə ilk raundda 4:1 hesabı ilə qalib gəlib. 2-ci raundda Arlen Lopes eyni hesabla boksçumuzu məğlub edib. Həlledici hissədə də qalib gələn Arlen Lopes finala vəsiqə qazanıb.

Boks yarışlarında 3-cü yer uğrunda döyüş keçirilmədiyindən hər iki yarımfinal cütündə uduzan idmançılar bürünc medala layiq görüləcək.

Xatırladaq ki, Tokio Olimpiadasında çıxış edən 5 boksçumuzdan 4-ü mübarizəsini medalsız başa vurub. Ümumiyyətlə, Tokioda indiyədək çıxış edən 26 idmançımızdan Alfonso Domingesə qədər yalnız cüdoçu İrina Kindzerska medal (bürünc) qazanmışdı.

SPORTİNFO. AZ

Xəbər Lenti