Azərbaycanlıların Antalya macəraları

22 Yanvar 2023 02:50 Premyerliqa 696
Azərbaycanlıların Antalya macəraları

Yanvarın 24-də Azərbaycanın Premyer Liqasında təqribən 1 aydır davam edən qış fasiləsi başa çatacaq.

Sportinfo.az xəbər verir ki, klublarımız bu dönəmi yaxşı formada dəyərləndiriblər.

Əvvəlki illərdən fərqli olaraq komandaların hamısı təlim-məşq toplanışı üçün qardaş Türkiyənin cənubuna – Antalyaya yollanıblar.

Artıq Premyer Liqa təmsilçilərindən 9-u vətənə dönərək hazırlıqlarını burada davam etdirir.

Yalnız çempionatın lideri “Qarabağ” Antalyada qalıb. Yanvarın 25-də “Turan Tovuz”un qonağı olacaq “atlılar” oyundan bir gün öncə Türkiyədən Gəncəyə, oradan da Tovuza yola düşəcək.

Klublar toplanış zamanı yoxlama görüşlərində də qüvvələrini sınayıblar. Artıq sınaq matçların hamısı keçirilib.

Son çempion "Qarabağ" Antalyada 3 oyun keçirib. “Atlılar” qardaş ölkədə keçirdiyi sınaq matçlarından yalnız 1-də qələbə qazanıb. "Çukariçki"ni məğlub edən (1:0) Ağdam təmsilçisi Polşanın "Rakuv" (0:3) və "Poqon" (2:4) klublarına uduzub.

“Qarabağ”ın çempionatdakı ən yaxın izləyicisi olan "Sabah" Türkiyədə 2 sınaq matçına çıxıb. Murad Musayevin rəhbərlik etdiyi komanda Polşa təmsilçisi "Varta" ilə heç-heçə edib - 1:1. “Bayquşlar” Serbiyanın "Voyvodina" klubunu isə məğlub ediblər - 4:2.

Çempionluq yarışında “Qarabağ”la “Sabah”dan xeyli geri düşən “Neftçi” Türkiyə toplanışında qələbə qazana bilməyib. Macarıstan təmsilçisi "Vaşaş"la “sülh bağlayan” (1:1) “ağ-qaralar” Polşanın "Medz Leqnisa" klubuna (1:2) və Serbiya təmsilçisi "Srvena Zvezda"ya (0:1) uduzub.

Antalyaya bütün klublardan daha tez – yanvarın 2-də yollanan “Zirə” keçirdiyi 3 yoxlama oyununda 3 fərqli nəticəyə imza atıb. Rumıniya "Çindia"sına qalib gələn (3:2) “qartallar” "Szeged"lə (Macarıstan) bacarmayıb - 1:3. Serbiya "Radniçki"si ilə son görüşdə isə qapılara qol vurulmayıb.

“Qəbələ” də 13 günlük toplanış çərçivəsində 3 sınaq oyunu keçirib. "Qırmızı-qaralar” ilk oyunda "Sepsi" (Rumıniya) ilə heç-heçə edib – 2:2. Almaniyanın aşağı liqa təmsilçisi "Lukenvalda" qalib gələn (3:2) Elmar Baxşıyevin yetirmələri son matçlarında 1:2 hesabı ilə uduzublar. Rəqib Çexiya təmsilçisi "Teplitse" olub.

Premyer Liqanın debütantı "Turan Tovuz" maliyyə problemlərinə rəğmən, Antalyaya yollanmağa imkan tapıb. Ayxan Abbasovun yetirmələri 3 oyundan 2-də qələbə qazanıblar. İlk sınaq matçında "Petrolul"a (Rumıniya) uduzan (2:3) tovuzlular növbəti oyunlarında qələbə qazanıb. “Turan” əvvəlcə İsveçrə klubu "Aarau"nu (1:0), sonda isə Qazaxıstan təmsilçisi "Jetisu"nu (2:0) məğlub edib.

"Şamaxı"nın Antalya toplanışı çərçivəsində 3 oyun keçirəcəyi planlaşdırılsa da, onlardan 2-si baş tutub. “Aslanlar”ın Rumıniya "Botoşani"si ilə sınaq matçı güclü yağış səbəbilə yarımçıq qalıb. Həmin vaxt rəqib hesabda öndə olub – 0:1. “Şamaxı” digər 2 sınaq matçında qələbə qazana bilməyib. "Kaysar"la (Qazaxıstan) qolsuz heç-heçə edən əyalət təmsilçisi "Napredak"a (Serbiya) uduzub - 0:1.

Cari mövsümdə uğursuz çıxış edən “Sumqayıt” Türkiyə toplanışında cəmi 2 yoxlama oyunu keçirib. Serbiya təmsilçisi "Radnik"i üstələyən (2:1) Samir Abasovun yetirmələri Rusiyanın "Krılya Sovetov" klubuna 1 qolla uduzublar.

Premyer Liqaya qayıdan “Kəpəz”in Antalya toplanışındakı oyunları maraqlı alınıb. Gəncə təmsilçisi keçirdiyi 3 oyundan heç birində qapısında qol görməyib. "Sarı-göylər" Macarıstan "Budapeşt"inə bir, "Kaysar"a (Qazaxıstan) isə 3 cavabsız qolla qaliblər. Sebriya klubu "Novi Pazar"la baş tutan görüşdə qapılara qol vurulmayıb.

Türkiyəyə yeni baş məşqçi – Şahin Diniyevlə yollanan "Səbail" 3 yoxlama matçı keçirib. Dənizçilər Polşa "Legiya"sı (2:2) və Çexiya təmsilçisi "Bohemians" (0:0) ilə heç heçə edib. Paytaxt təmsilçisi Serbiyanın "Spartak" klubuna isə uduzub - 0:1 (publika.az).

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"